Partlayışla bağlı ilkin ehtimal qaz sızmasıdır
Aprelin 24-də Biləsuvarda yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər ölüb.
Biləsuvar rayon prokurorluğunun məlumatına görə, aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il doğumlu Günay Əliyevanın meyiti dağıntılar altından çıxarılıb.
Günay Əliyevanın 2009 və 2013-cü il təvəllüdlü iki övladı daha öncə yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib.
Onların müalicəsi davam edir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.
Aprelin 24-də saat 19 radələrində Biləsuvar rayonunda partlayış baş verib. Hadisə Heydər Əliyev prospekti 5 ünvanında yaşanıb.
Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşlarının ilkin araşdırmalardan sonra gəldiyi nəticəyə görə, partlayış qaz sızması səbəbindən baş verib.