Sakinlər yolsuzluqdan gileylidir
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dövlət Yol Polisi İdarəsinin alt hissəsində yerləşən qəsəbədaxili küçələr illərdir ki, asfalt üzü görmür. Payız aylarından başlayaraq palçıq gölməçələrinə çevrilən yollar bir də yazda quruyur. Sakinlər hər gün nəqliyyata yetişmək üçün dizə qədər çıxan palçığı yarıb bir kilometrə yaxın məsafə qət etməli olurlar.
Bu şikayətlə Biləcəri qəsəbəsi, IV məhəllədə yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, məhəllənin alt hissəsindən keçən Sumqayıt şossesi 1-ci döngədə bu ilin yanvar ayından etibarən təmir işləri aparılsa da, ara küçələrin asfaltlanması üçün sakinlərdən əlavə pul tələb olunub.
“Əvvəllər məhəlləmizin alt hissəsindən keçən küçəyə 202 saylı marşrut avtobusları işləyirdi, sonra elə küçənin bərbad olması səbəbindən avtobuslar yollarını dəyişdilər. İndi yenidən həmin yolu asfaltlayıblar, amma küçəyə birləşən bütün daxili yollar bərbad olaraq qalır. Bizə işçilər dedilər ki, istəyirsinizsə, küçənin hər kvadrat metrinə görə 7 manatdan pul yığıb verin, darvazanıza qədər asfalt vuraq”, – ərazidə yaşayan Niyazi Şirinov deyir.
Sözügedən ara küçənin uzunluğu təxminən 200 metr, eni isə 9 metrdir. Sakin bildirir ki, bu ölçüdə ərazinin asfaltlanıb özlərini şəhərdə hiss eləmələri üçün gərək minlərlə manat pul toplasınlar.
“Biz özümüz dəfələrlə öz vəsaitimiz hesabına küçəyə çınqıl döşəmişik. Bir neçə il əvvəl qonşularla yığışıb yolu təmir etdik, elə təzəcə təmir bitmişdi ki, “Azərsu” gəlib qazdı, kanalizasiya çəkdi. Bizə dedilər ki, narahat olmayın, yolu əvvəlki kimi də düzəldib sizə təhvil verəcəyik. Amma heç qazdıqları torpağı da qaytarıb yerinə tökmədilər. Küçəmiz hazırda bərbad vəziyyətdədir, işə gedəndə dayanacağa qədər ayağımıza sellofan torba geyinirik. Azyaşlı uşaqları məktəbə qucağımızda aparmasaq, palçığa batıb qalarlar”, – Şirinov deyir.
Sakinin dediklərinə görə, vəziyyət o qədər acınacaqlıdır ki, şəhər mərkəzinə gedib çıxınca geyimlərindən xəcalət çəkirlər.
Problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Kənan Kərimov bildirdi ki, qəsəbədaxili yollar icra hakimiyyətinin balansında olsa da, həmin küçələrdə asfalt örtüyünün çəkilməsi ötən ilin sonundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş tədbirlər proqramına uyğun olaraq mərhələli şəkildə aparılır.