Bıçaqlanma ittihamı ilə saxlanılan AXCP-çi barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir

Kənan Basqalın (Zeynalov) – Foto: Şəxsi Facebook səhifəsi

Bu barədə AXCP məlumat yayıb, rəsmi qurumlarsa açıqlama verməyib

Martın 21-də bıçaqlanma ittihamı ilə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədrinin mühafiəzçisi Kənan Basqalın barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Bu barədə AXCP məlumat yayıb.

“Bundan əvvəl də ölkənin çox sayda ictimai-siyasi fəalı adam bıçaqlamaq ittihamı ilə şərlənib. Bunların arasında AXCP fəalları Aqil Hümbətov (10 il), Zamin Salayev (4 il), Almaniyadan readmissiya olunandan sonra həbs edilmiş Samir Aşurov (6 il), “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin sədri Afiəddin Məmmədov (8 il), keçmiş diplomat Emin İbrahimov (dövlət ittihamçısı 10 il istəyib) və ictimai fəal Nicat İbrahim (məhkəmə davam edir) də var. Bu işlərin heç birində əlbəttə ki, həqiqi bıçaqlamadan söhbət getmir. İndi Kənan Basqal da eyni qaydada uydurma ittihamla şərlənir”, – AXCP sədri Əli Kərimli deyib.

Rəsmi qurumlardan Kənan Basqalın 4 aylıq həbs olunmasını dəqiqləşdirmək mümkün olmayıb.

2025-ci il martın 21-də sosial şəbəkələrdə Kənan Basqalın yoxa çıxması barədə məlumatlar yayılıb.

Ardınca Daxili İşlər Nazirliyi məlumat verib ki, Kənan Basqal martın 21-də axşam saatlarında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovu bıçaqladığı üçün saxlanılıb.

Partiyadan daha öncə bildirilmişdi ki, AXCP-nin 15-ə yaxın üzvü həbsdədir. Onlar özlərini təqsirli bilmir, siyasi baxışlarına görə sifarişlə həbs olunduqlarını deyirlər.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını, həbs edilənlərin konkret faktlara görə saxlandığını bildirirlər.

Ana səhifəSiyasətBıçaqlanma ittihamı ilə saxlanılan AXCP-çi barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir