Yazıçının qaraciyərinin də xəsarət aldığı bildirilir
Britaniya vətəndaşı, Hindistan əsilli yazıçı Salman Rüşdi avqustun 12-də Nyu-York ştatında keçirilən bir tədbirdə mühazirə oxumaq istəyərkən boynundan bıçaqlanıb. 75 yaşlı yazıçı “Şeytan ayələri” romanına görə 1989-cu ildə İran tərəfindən ölüm təhdidi alıb və illər boyu gizlənərək yaşayıb.
Hadisə Chautauqua İnstitutunda baş verib və polis hücumda şübhəli bilinən şəxsin Nyu Cersi ştatının Fairview şəhərindən olan 24 yaşlı Hadi Matar olduğunu bildirib.
BBC şahidlərə istinadən yazır ki, bir adam səhnəyə çıxıb və Rüşdi yüzlərlə tamaşaçıya sənət azadlığı haqqında nitq söyləmək üçün təqdim olunduğu zaman ona hücum edib. Polisin bildirdiyinə görə, təcavüzkar saxlanılıb.
Nyu-York qubernatoru Kathy Hochul Rüşdinin sağ olduğunu və “ehtiyac duyduğu qayğını aldığını” söyləyib. Rüşdi helikopterlə xəstəxanaya aparılıb və əməliyyat olunub.
“Reuters” yazır ki, saatlarla davam edən cərrahiyyə əməliyyatından sonra Rüşdi süni nəfəs aparatına qoşulub.
“Xəbərlər yaxşı deyil”,- deyə onun kitab agenti Endryu Uayli (Andrew Wylie) elektron poçtunda yazıb.
“Salman çox güman ki, bir gözünü itirəcək. Qolunun sinirləri kəsilib və onun qaraciyəri zədələnib”.
Hadisə bütün dünyada yazıçılar və siyasətçilər tərəfindən ifadə azadlığına hücum kimi dəyərləndirilib, qınanılıb.
Polis hücumun arxasında hansı motivin olduğuna dair heç bir işarənin olmadığını, lakin səbəbi müəyyən etmək üçün FTB ilə birlikdə işlədiyini bildirib. Şübhəli Hadi Matarın tədbirə giriş bileti olub və tək iştirak edib. Polis Matara qarşı irəli sürülən ittihamları müəyyən etmək üçün çalışdığıını deyib.
Hadisə barədə jurnalistlərə açıqlama verən polis bildirib ki, şübhəli səhnəyə atılıb, Rüşdinin boynuna ən azı bir dəfə, qarnına isə ən azı bir dəfə bıçaq zərbəsi vurub. Polis Rüşdinin hücuma məruz qaldığı hadisədən əvvəl hər hansı təhdidlərin olub-olmadığını müəyyənləşdirməyə çalışır.
Hindistanlı müsəlman ailəsində doğulan Rüşdi bəzi müsəlmanların küfr məzmunlu hissələrin olduğunu bildirdiyi dördüncü romanı “Şeytan ayələri” üçün ölüm təhdidləri ilə üzləşib. Roman 1988-ci ildə nəşr olunduqdan sonra müsəlman əhalisinin çox olduğu bir çox ölkədə qadağan edilib.
Bir il sonra İranın o zamankı ali lideri Ayətullah Ruhullah Xomeyni müsəlmanları küfr etdiyinə görə yazıçını öldürməyə çağıran fətva verib.