“Azərbaycanın AŞPA-ya sədrliyinin yekunları ürəkaçan deyil”
Avropa Şurasının baş katibi
Thorbjørn Jagland
ın Azərbaycanda insan haqları ilə bağlı məqaləsi dərc olunub. Britaniyanın nüfuzlu “The Guardian” qəzetində çıxan məqalə «Azərbaycanda insan haqları: Bıçaq sümüyə dirənib. Birləşmiş Krallıq biganə qalmamalıdır» adlanır.
Məqalədə bildirilir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində altı aylıq sədrliyi noyabrda bitir: “Bu sədrlik QHT-lər və fəallar üçün imkan yaradırdı ki, 2012-ci ildə Bakıda Eurovision mahnı müsabiqəsi zamanı olduğu kimi ölkədə insan hüquqlarının pozulmasına dair məsələləri qaldırsınlar. Eyni zamanda Avropa Şurası bu pozuntulara qarşı çıxmaq üçün kifayət qədər az düşünüb”.
“Turan İA”ın məlumatına görə, müəllif məqaləsində Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına məhəl qoymamasını da xatırladıb.
İlqar Məmmədov höküməti tənqid etdiyi üçün həbsdədir
“Bu ay Avropa İnsan Hüquqları Məhkəməsi tanınmış müxalifətçi İlqar Məmmədovun saxlanmasının və həbsinin Avropa İnsan Hüquqları Konvensiyasının pozulması olduğunu təsdiqlədi. Məhkəmə qərarı açıq şəkildə göstərdi ki, “həbsin əsl səbəbi hökuməti tənqid etdiyinə görə Məmmədovu cəzalandırmaqdır. Hakimiyyətin Böyük Palatada bu qərara etiraz cəhdləri rədd edilib və mən dərhal İ.Məmmədovu azad etməyə çağırmışam. Beləliklə, məhkəmə Azərbaycanın məhkəmə sistemində dərin sistemli problemlərin olduğunu göstərdi. Biz Azərbaycanda hüquq müdafiəçilərinin digər məhkəmələrini də izləyirik. Mən Avropa ölkələrini məhkəmələri diqqətlə izləməyə çağırmışam və Böyük Britaniya buna müsbət reaksiya verib”.
Venesiya Komissiyasını dinləmək vacibdir
Vətəndaş cəmiyyətinin vəziyyətinə toxunan T.Yaqlandın yazdığına görə, o, Venesiya Komissiyasından olan ekspertlərə tapşırıb ki, Azərbaycanın QHT-lər haqqında qanunvericiliyini və onun İnsan Hüquqları Konvensiyasına uyğunluğunu öyrənsinlər. Komissiyanın hüquqi rəyləri dünyada tanınır və üzv dövlətlər onlara məhəl qoymaya bilməz: “Biz dəfələrlə Azərbaycanda insan hüquqlarının vəziyyətinin pis olması haqda xəbərdarlıq etmişik. Bu il insan hüquqları üzrə komissar Nils Muyjnieks ölkədə vəziyyətə dair hesabat dərc etdirib və hesabatda jurnalistlərə qarşı təqiblərdən, həbslərdən ciddi narahatlıq ifadə olunub. Muyjnieks bu yaxınlarda tanınmış fəallar Anar Məmmədli və Leyla Yunusa həbsxanada baş çəkib və Azərbaycanı hüquq müdafiəçilərinə qarşı repressiyalara son qoymağa çağırıb”.
Yenə də ümid var..
Bütün bunlara baxmayaraq, müəllif tamamilə ümidsiz olmadığını da deyir: “Üç həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyev 80 məhbusu əfv edib. Onların arasında dörd hüquq müdafiəçisi var. Bu addım ABŞ və Aİ tərəfindən təqdir edilib. Ötən ilin avqustunda mən hakimiyyətin, hüquq müdafiəçilərinin və Avropa Şurası ekspertlərinin iştirakı ilə insan hüquqları üzrə birgə işçi qrupunun yenidən yaradılması ilə bağlı Əliyevlə razılığa gəldim. 2008-ci ildən bu yana ilk dəfə olaraq qrup bu yaxınlarda bir araya gəldi və biz vətəndaş cəmiyyəti və Azərbaycan hakimiyyəti arasında dialoqu sadələşdirmək üçün bu qrupdan istifadə etmək niyyətindəyik. Ümid edirəm ki, bu, gələcəkdə fəalların azad edilməsinə səbəb olacaq”.
T. Yagland deyir ki, onların səylərindən imtina etməsi Azərbaycanda vətəndaş cəmiyyəti uğrunda mübarizədən imtina etmək demək olardı: “Azərbaycanın kənar edilməsi 9 milyon vətəndaşın Avropada qanunçuluğun son instansiyasına çıxış imkanlarından və Avropa İnsan Hüquqları Məhkəməsinə fərdi müraciət hüququndan məhrum edilməsi olardı”.
AŞPA baş katibi məqaləsində onu da vurğulayır ki, Böyük Britaniya kimi ölkələrin siyasətçiləri Avropa İnsan Hüquqları Məhkəməsindən çıxmaqla hədələyərsə bu, “gənc demokratiya”ya malik ölkələrdə əsas azadlıqların vəziyyətinə mənfi təsir göstərər.