”Bəzən ac yatıram, üzüm gəlmir qonşuda yeməyə”

Kürdəmir sakini: ”Xadimə kimi işləmək istədiyim yerdə dedilər ki, dişlərini düzəltdir, sonra düşünərik”

Source:


Kürdəmir sakini: ”Xadimə kimi işləmək istədiyim yerdə dedilər ki, dişlərini düzəltdir, sonra düşünərik”

“Ağrıdan və aclıqdan gecələri diri açıram. Mən çox gecə yerimə ac girirəm, yuxum da ərşə çəkilir. İşsizəm, xəstəyəm, ölməliyəm, bilirəm, ancaq ölə də bilmirəm”.

59 yaşlı Kürdəmir sakini Esmira Əzizova belə deyir.

O, uçuq, kiçik daxmada təkcə yaşayır. Qaranlıq, soyuq evindən rütubət qoxusu gəlir. Əşyaları köhnədir, kənarda odun peçi işarır. Deyir, odun almağa da pulu olmur. Elə küçələrdən, əlinə keçəni toplayıb, yandırır:

“Yaşım pensiyaya çatmır, xəstəliklə bağlı müavinətə müraciət etdim, rüşvət istədilər. Pulum olmadı, qaldı. İş tapa bilmirəm, bir yerdən bir qara qəpik gəlirim yoxdur, sosial yardım da vermirlər. Anam olanda yenə onun pensiyası ilə dolanırdım. O, dünyasını dəyişəndən sonra səfil vəziyyətinə düşdüm”.

Heç yerdən gəliri olmayan E.Əzizova iş də tapa bilmir. Deyir, hara müraciət edirsə, bir bəhanə ilə işə almırlar. Gah deyirlər, zəng edəcəklər, gah da uyğun olmadığını söyləyib, yola salırlar:

“Hara müraciət edirəm, ya götürmürlər, ya da deyirlər, get, bizə lazım olsan, çağıracağıq. Axırıncı, xadimə kimi işləmək istədiyim yerdə isə dedilər ki, dişlərini düzəltdir, sonra düşünərik. Mən orada xadimə işləyəcəkdim, yer süpürəcək, tualet yuyacaqdım. Dişin bura nə dəxli? Daha bilmədim, məni dolayırdılar, yoxsa ciddi deyirdilər. Amma işə götürmədilər”.

Esmira Əzizova axırıncı dəfə evində nə zaman qazan qaynadığını unudub. Xatırlamağa çalışır. Deyir, qonşu 4-5 kartof vermişdi. Onun ikisini qazana atıb qaynadıb, yeyib:

“Əslində, şəkərim var, ziyandı, olmaz. Amma əlimdən nə gəlir? Qonşuların verdiyi də kartof, soğan, çörək olur. Durub ət verəsi deyillər ki… Hamısı kasıb insanlardı. İnanın, yeməyimi çox vaxt gedib qonşularda yeyirəm. Axırıncı dəfə dilimə nə zaman ət dəyib, bilmirəm. Bu dəqiqə baxın, heç bir manatım da yoxdur. Qonşuların kartof, soğan, çörək verməsi ilə olmur, nolar, hökumətim, prezidentim mənə kömək etsin”.

Esmira Əzizovanın pulu olmadığı, ödəyə bilmədiyi üçün işığını, qazını, suyunu da kəsiblər. Suyu qonşudan vedrələrlə daşıyır, qaz olmadığı üçün odun peçi yandırır, işığı isə şam əvəzləyir. Deyir, bu qışın günündə çox pis vəziyyətə düşüb:

“Peçə də baxın də. Hər yeri sökülüb, dağılır, qonşular veriblər. Açın, baxın, soyuducuya da nəzər yetirin. İçində quru çörək belə yoxdur. Budur yaşayış? Gecələr yorğana bürünüb yatıram. Ayaqlarım bumbuz olur, titrədirəm. Elə olur səhərəcən ağlayıram. Bəzən ac yatıram, üzüm gəlmir qonşuya gedib yeməyə.

Çörəkqabıma baxın, sonuncu dəfə qırıntılarını ovcuma çırpıb yemişəm. İçində heç nə tapa bilməzsiz. Orda-burda yeməkdən utanıram, vallah, yatmır ürəyimə”.

Yayda havalar isti olanda E.Əzizova qonşuların, tanışların həyətlərini təmizləyir, süpürür pul qazanırmış. Deyir, soyuqlar düşəndən həyətini təmizlətdirən də yoxdur:

“Onda da çox yox, bir manat verirdilər. Gedib çörək alırdım. İndi o da yoxdur. Şəxsən bu gün qonşuda yemişəm yeməyimi. Bilirsiniz nə qədər çətindir? Utanıram, üzüm gəlmir. Amma getməyə də məcburam, ac oluram, dözmürəm”.

Qonşuları da onun pis durumda yaşadığını təsdiqləyirlər. Heç yerdə çalışmadığını, bir qəpik gəlirinin olmadığını deyirlər:

“Kaş dövlət arxasında dura, kömək edə. Belə olmaz. Yaşlı qadındır, xəstədir, bəzən günlərlə ac qalır, çağırırıq, bir tikə çörək veririk. Onu da utana-utana yeyir” -E.Əzizovanın qonşusu Püstə Orucova belə deyir.

Qonşulardan Elmira Həsənova isə bildirir ki, bəzən unudur, çağırmır yeməyə. O zaman Esmira Əzizova özü də gəlmir, utanır:

“İnanın, qəsdən deyil. Min bir problem olur, unudulur bəzən. O da utandığından gəlmir. Bəzən də olur ki, qapını döyüb quru çörək istəyir. Deyir, qurumuş, yemədiyiniz, boyat çörəyinizi verin. Çağırıb bir qab yemək qoyuram. Çox pis vəziyyətdə yaşayır. Yemək istəməyə də utanır. Görün, nə vəziyyətdə ac olur ki, qapını döyüb quru çörək istəyir”.

Qonşulardan Həqiqət Məmmədova da deyilənləri təsdiqləyir. Deyir, bəli, çox vaxt ac qalır, utanır, heç kimdən yemək istəyə bilmir. Kim bir boşqab yemək versə, yeyir, verməsə də, yox:

“Onun vəziyyəti çox pisdir. Bəzən çağırıram, gəlir, bizdə yeyir. Bir də görürük qısılıb bir kənara ağlayır. Bilirik ki, acdır. Bəzən utana-utana quru çörək istəyir. Deyirəm, gəl, yemək ye. Deyir, utanıram. İndiyə qədər onunla bağlı hər yerə müraciət etmişik. Qapısını açan yoxdur. Bəzən deyirik ki, soyuqdu, buzdu evin, gəl bizdə yat. Gəlmir. Şəkər adamdır, ona pəhriz lazımdır, yaxşı qida, dərmanlarına pul lazımdır. Yoxudur, ala bilmir. Səfalət içində yaşayır, yemək tapmır, dərmanı necə alsın? Bir baxın, ödəyə bilmədiyi üçün işığını, qazını, suyunu da kəsiblər”.

Meydan TV Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, həmin xanımın qeydiyyatda olduğu kəndin icra nümayəndəliyi ilə əlaqə saxlanmalıdır. Esmira Əzizova Kürdəmirin Xırdapay kəndində qeydiyyatdadır. Kəndin icra nümayəndəsi İlyas Qədirov isə bu qadını tanımadığını, heç vaxt onlara müraciət etmədiyini bildirib:

“Belə bir qadını tanımıram. Bizə kömək üçün müraciət etdiyini xatırlamıram. Etsə belə, biz ona nə kömək edə bilərik ki? Belə bir səlahiyyətimiz yoxdur”.

Ana səhifəBölgə”Bəzən ac yatıram, üzüm gəlmir qonşuda yeməyə”