Beynəlxalq təşkilatlar həbsdəki jurnalistlərə görə dünyanı Azərbaycana təzyiq etməyə çağırıblar

Siyasi məhbus. Foto: Pictrider/shutterstock

Rəsmi Bakı jurnalistlərin fəaliyyətinə görə həbsini inkar edir

Beynəlxalq qeyri-hökumət təşkilatları – “Sərhədsiz Reportyorlar” (“Reporters Sans Frontières”, RSF) və Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitəsi (“Committee to Protect Journalists”, CPJ) beynəlxalq ictimaiyyəti həbs olunan jurnalistlərin azadlığa buraxılması ilə əlaqədar Azərbaycana təzyiq göstərməyə çağırıb.

CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Səid bildirib ki, Azərbaycanın mətbuata münasibəti Birləşmiş Millətlər Təşkilatının insan haqları dəyərlərinə tamamilə uyğun gəlmir:

Ən azı 15 jurnalist 8 ildən 20 ilə qədər həbs oluna biləcəyi ehtimalı ilə üz-üzədir və ağır ittihamlarla məhkəməsini gözləyir. CPJ Azərbaycan hakimiyyətini bütün haqsız yerə həbs edilmiş jurnalistləri azad etməyə və mətbuat azadlığını dəstəkləməyə çağırır. Həmçinin Birləşmiş Millətlər Təşkilatını Azərbaycan kimi insan haqları və mətbuat azadlığı vəziyyətinin pis olan ölkələrdə böyük tədbirlərin keçirilməsini təmin etməməyə səsləyir”.

“Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavalye isə bildirib ki, son bir il ərzində Azərbaycan hakimiyyəti ən azı 15 jurnalisti işinə görə qisas almaq məqsədilə ağır cinayətlərdə ittiham edib:

Sərhədsiz Reportyorlar Təşkilatı, Foto: By Casimiro PT/Shutterstock

“Gəlirinin 90%-dən çoxunu karbohidrogen ixracından əldə edən neft və qaz dövləti Azərbaycanda ətraf mühit kimi həssas mövzuları işıqlandıran jurnalistlər “mina sahəsində” çalışırlar. Son bir il ərzində hakimiyyət orqanları işlərinə görə on beşə yaxın jurnalisti həbs edib. Hazırda həbsdə olan 13 informasiya mütəxəssisi arasında Nərgiz Absalamova ətraf mühitlə bağlı mövzuları araşdırırdı. Jurnalistikanın, xüsusən də ekoloji jurnalistikanın qorunmasında nümunəvilik Birləşmiş Millətlər Təşkilatının iqlim konfransına ev sahibliyi etmək üçün ilkin şərt olmalıdır. Müstəqil jurnalistlərini həbsə atan neft-qaz ölkəsinin qlobal iqlimin gələcəyini şərtləndirən danışıqlara ev sahibliyi etməsini necə qəbul edə bilərik?” – deyə təşkilat vurğulayıb.

““Sərhədsiz Reportyorlar” beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən həbsdə olan jurnalistləri azad etməyi, mətbuat azadlığının kobud şəkildə pozulmasına son qoymağı və nəhayət, müstəqil jurnalistikanı qorumaq öhdəliyini üzərinə götürməyi tələb etməyə çağırır.

“Sərhədsiz Reportyorlar”ın bu yaxınlarda dərc etdiyi vəziyyətin qlobal təhlilinə dair hesabatında bildirilir ki, karbohidrogenlərin üçdə ikisi mətbuat azadlığının ciddi təhlükə altında olduğu ölkələrdə hasil edilir.

Ekoloji jurnalistikanın ciddi şəkildə repressiyaya məruz qaldığı ölkə nümunəsi olan Azərbaycan tərəfimizdən təsis edilən 2024-cü il Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 164-cü yerdə, mətbuat azadlığı baxımından dünyanın ən pis ölkələri sırasındadır”, – Janna Kavalye deyib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 12-də COP29 sammitinin II günündə Azərbaycanda siyasi məhbusların olmadığını deyib.

O bildirib ki, həbs olunanlar jurnalist fəaliyyətinə görə təqib olunmayıblar.

Ana səhifəCOP29Beynəlxalq təşkilatlar həbsdəki jurnalistlərə görə dünyanı Azərbaycana təzyiq etməyə çağırıblar