Beynəlxalq təşkilatlar: Ülviyyə Əli və Aysel Ümüdovaya qarşı seksual qısnama iddiaları araşdırılmalıdır

Foto: humanrightshouse.org

Beynəlxalq insan haqları və media azadlığı təşkilatları Azərbaycanda müstəqil qadın jurnalistlərə qarşı davam edən repressiyalar fonunda ciddi narahatlıq ifadə ediblər.

“Human Rights House Foundation” və digər təşkilatların yaydığı birgə bəyanatda jurnalist Aysel Ümüdovanın saxlanılarkən polis əməkdaşları tərəfindən seksual qısnamaya və pis rəftara məruz qalması ilə bağlı iddialar yer alıb.

Bəyanatı World Organisation Against Torture (OMCT), Observatory for the Protection of Human Rights Defenders, Human Rights House Foundation, Independent Lawyers Network (ILN), Amnesty International, ARTICLE 19 Europe, Campaign to End Repression in Azerbaijan, Cupidae Legum Initiative, International Partnership for Human Rights təşkilatı imzalayıblar.

Aysel Ümüdova Bakı İstintaq Təcridxanasından mediaya göndərdiyi məktubda 2024-cü il dekabrın 6-na saxlanılması zamanı baş verənləri təsvir edib. Onun sözlərinə görə, “Meydan TV işi” çərçivəsində əsassız saxlanılıb, Bakıya üç saatlıq köçürülmə zamanı hüquqi və tibbi yardımdan məhrum edilib, alçaldıcı saxlanma şəraiti ilə üzləşib.

Ümüdova bildirmişdi ki, polis maşınında panik atak keçirdiyi və psixoloji baxımdan son dərəcə həssas vəziyyətdə olduğu vaxtda yanında əyləşən polis əməkdaşı tərəfindən istənilməyən fiziki təmasa məruz qalıb. Jurnalist bu hərəkətə açıq şəkildə etiraz etdiyini və hadisənin onun psixoloji durumuna uzunmüddətli təsir göstərdiyini qeyd edib. Bu hal Avropa Şurasının İstanbul Konvensiyasının 40-cı maddəsinə əsasən seksual qısnama kimi qiymətləndirilir.

O, Bakı Şəhər Polis İdarəsinə gətirildikdən sonra da təzyiqlərlə üzləşdiyini, telefonunun şifrəsinin açılması ilə bağlı hədələndiyini bildirib. Ümüdova yaşadıqlarını ictimailəşdirmək üçün təxminən bir il vaxt lazım olduğunu, hadisələrin hələ də onun sağlamlığına mənfi təsir göstərdiyini vurğulayıb.

Bəyanatda qeyd olunur ki, bu iddialar daha əvvəl jurnalist və hüquq müdafiəçisi Ülviyyə (Əli) Quliyevanın başına gələnlərlə oxşarlıq təşkil edir. Ülviyyə Əli də eyni “Meydan TV işi” üzrə uzun müddət təzyiqlərə məruz qalıb, qanunsuz ölkədən çıxış qadağası ilə üzləşib və 6 may 2025-ci ildə saxlanılıb. Polis nəzarətində olduğu müddətdə döyüldüyünü və elektron cihazlarının şifrələrini verməsi üçün açıq zorlanma təhdidlərinə məruz qaldığını bildirib.

Onun mənzilində vəkilin iştirakı olmadan axtarış aparıldığı, tapıldığı iddia edilən “sübutların” sonradan cinayət işində istifadə edildiyi qeyd olunur.

Ülviyyə Əli saxlanıldıqdan sonra ciddi baş ağrıları, qusma, başgicəllənmə və huşunu itirmə halları yaşadığını, bunun da əvvəlcədən mövcud olan psixoloji problemlərini ağırlaşdırdığını bildirib. Buna baxmayaraq, hakimiyyət orqanları müstəqil tibbi ekspertiza təyin etməkdən və adekvat tibbi yardım göstərməkdən imtina edib.

Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov 2024-cü il dekabrın 6-da saxlanılıb .

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Müstəqil müşahidəçilər bu ittihamları siyasi motivli və saxta hesab edir. Son iki ildə oxşar maddələr onlarla jurnalist və vətəndaş cəmiyyəti nümayəndəsinə qarşı tətbiq olunub.

Beynəlxalq təşkilatlar bildirir ki, səsləndirilən iddialar ciddi və ardıcıl xarakter daşıyır və müstəqil araşdırmanın olmaması Azərbaycan hakimiyyətinin beynəlxalq öhdəliklərinə əməl edib-etməyəcəyi ilə bağlı suallar yaradır. Bəyanatda vurğulanır ki, jurnalistlərə qarşı döyülmə, zorlanma təhdidləri və seksual qısnama halları işgəncə və qeyri-insani rəftar qadağasının pozulmasıdır. Hakimiyyətin bu iddiaları araşdırmaması, tibbi yardımdan imtina etməsi Azərbaycan Konstitusiyasına, eləcə də Avropa İnsan Hüquqları Konvensiyası, İşgəncələrə Qarşı Konvensiya və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt üzrə öhdəliklərə ziddir.

Təşkilatlar Azərbaycan hakimiyyətindən Aysel Ümüdova və Ülviyyə Quliyevanın dərhal və qeyd-şərtsiz azad olunmasını, onlara qarşı bütün siyasi motivli ittihamların ləğvini, zorakılıq iddialarının müstəqil şəkildə araşdırılmasını və jurnalistlərə qarşı məhkəmə təzyiqlərinə son qoyulmasını tələb ediblər.

Eyni zamanda Avropa Şurası, Avropa İttifaqı, ATƏT və BMT strukturları da daxil olmaqla beynəlxalq tərəfdaşlar bu halları açıq şəkildə pisləməyə, məhkəmə proseslərini izləməyə və Azərbaycanla əməkdaşlıqda media azadlığı və cəzasızlıqla mübarizəni əsas şərt kimi irəli sürməyə çağırılır.

Ana səhifəSiyasətBeynəlxalq təşkilatlar: Ülviyyə Əli və Aysel Ümüdovaya qarşı seksual qısnama iddiaları araşdırılmalıdır