Dünya Vəkil Bürosu kimi tanınan “A Clooney Foundation for Justice” təşkilatı Tofiq Yaqublu barədə hesabat yayıb.
Hesabat Yaqublunun məhkəmə prosesində ciddi hüquq pozuntularını aşkar edib.
Monitorinq nəticəsində müəyyən edilib ki, 15 aylıq istintaq zamanı Yaqublunun bir çox fundamental hüquqları tapdalanıb. Tofiq Yaqublu bütün iclaslar boyu şüşə kabində saxlanılıb ki, bu da onun həm insan ləyaqətini alçaldıb, həm də vəkilləri ilə gizli məsləhətləşmələr aparmasına mane olub. Yaqublunun vəkillərinə ötürmək istədiyi qeydlər həbsxana mühafizəçiləri tərəfindən müsadirə edilib və oxunub. Məhkəmə isə bu qanunsuzluğu “təhlükəsizlik protokolu” kimi əsaslandıraraq müdafiə tərəfinin şikayətlərini rədd edib.
Təşkilat hesabatında həmçinin qeyd edib ki, bu, Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyətinə və müxalifət fəallara qarşı aparılan geniş repressiya dalğasının bir hissəsidir.
Hesabatda Yaqublunun barəsində çıxarılan hökmdən də bəhs edilib. Qeyd edilib ki, siyasətçinin son sözündən dərhal sonra hökmün verilməsi məhkəmənin ən diqqət çəkən məqamlarından biri olub.
“Məhkəmə prosesinin ən diqqətçəkən məqamı hökmün çıxarılma sürətidir. 10 mart 2025-ci ildə, təxminən yeddi ay yarım davam edən prosesin sonunda, hakim Tofiq Yaqublunun yekun çıxışından dərhal sonra cəmi 5 dəqiqəlik müşavirəyə gedib və geri dönərək onun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü oxuyub”, – deyə hesabatda bildirilib.
Hesabatın müəllifi, professor Derril Braun bildirir ki, bu proses Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından sui-istifadə) maddələrinin aşkar pozulmasıdır. Təşkilat Azərbaycan hökumətini bu cür siyasi motivli həbslərə son qoymağa və beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.
O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.