Beynəlxalq təşkilat Anar Məmmədlini dərhal azad etməyə çağırıb

Anar Məmmədli. İllüstrasiya: Meydan TV

“Onun həbsi vətəndaş cəmiyyətinə qarşı repressiyaların bir hissəsidir”

Norveç İnsan Hüquqları Evi Fondu yenidən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlini azad etməyə çağırıb.

Bu barədə təşkilatın “X” səhifəsində məlumat yayılıb.

Bildirilir ki, azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədli  2024-cü ilin aprelin 29-dan istintaq təcridxanasında saxlanılır.

“Onun həbsi ölkədə vətəndaş cəmiyyətinə qarşı yenidən repressiyaların bir hissəsidir”, – təşkilat qeyd edib.

Təşkilat həmçinin Anar Məmmədlini və ölkədəki bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. 

2024-cü ilin noyabrın 20-də Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha üç ay uzadıb.

Vəkil qeyd edib ki, məhkəmədə iştirak edən Anar Məmmədli həbs müddətinin uzadılmasını əsassız sayıb və həbsini siyasi sifariş hesab edib.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. 

Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Yerli və beynəlxalq təşkilatlar Anar Məmmədli də daxil olmaqla Azərbaycanda 300-dən artıq siyasi məhbusun olduğunu deyirlər. 

Ana səhifəXəbərlərBeynəlxalq təşkilat Anar Məmmədlini dərhal azad etməyə çağırıb