Yanvarın 26-da beynəlxalq insan haqları təşkilatı ”Amnesty İnternational” Meydan TV-nin həbsdə olan əməkdaşları üçün Prezident İlham Əliyevə müraciət edib. Təşkilat bu işlə bağlı həbs edilən 12 nəfərin dərhal azadlığa buraxılmasını tələb edir.
Müraciətdə bildirilir ki, əsassız ittihamlarla Azərbaycanda özbaşına saxlanılan 12 jurnalistdən azı üçünün təcili tibbi yardıma ehtiyacları var:
”Onların səhhəti sürətlə pisləşir. Həmin 12 jurnalistin hamısı jurnalistika fəaliyyətlərinə görə qisas məqsədilə həbs olunub, pis rəftara məruz qalır və ədalətli məhkəmə hüquqlarından məhrum edilirlər. Onlar dərhal azadlığa buraxılmalı, tibbi yardıma ehtiyacı olanların hamısına təcili şəkildə lazımi müalicə göstərilməlidir”.
Müraciətdə həbsdə olan jurnalist Şəmşad Ağanın mədəsində olan problemlərdən əziyyət çəkdiyi, baş redaktor Aynur Elgünəşin keçirdiyi ağır əməliyyatdan sonra fizioterapiyaya ehtiyacı olduğu vurğulanır. Həmçinin ”Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əlinin də xronik xəstəliyə görə dərmanlar qəbul etməli olduğu bildirilir. Təşkilat digər Meydan TV jurnalistlərinin başına gələnləri də xatırladır.
Jurnalist Aysel Umudovanın polis tərəfindən saxlanılarkən cinsi qısnamaya məruz qalması, Xəyalə Ağayevanın psixoloji təzyiqlə üzləşdiyi və digər jurnalist Nurlan Librenin də fiziki zorakılığa qalması yazılır.
Bəyanatda deyilir: “12 jurnalistə qarşı irəli sürülmüş cinayət ittihamları saxtadır və uydurmadır. Onlar Azərbaycanın maliyyə qanunvericiliyini pozmaqda ittiham olunurlar, halbuki bu qaydalar həddindən artıq məhdudlaşdırıcıdır və açıq şəkildə müstəqil media və QHT-ləri maliyyə mənbələrindən məhrum etmək məqsədi daşıyır. Bu qaydalar Meydan TV kimi qurumlar üçün qanuni tələblərə əməl etməyi faktiki olaraq mümkünsüz edir.
Mövcud qaydalara əsasən, hökumət açıq şəkildə icazə vermədiyi təqdirdə istənilən müstəqil maliyyələşmə qanunsuz sayılır və bu cür icazələr tənqidçilər üçün heç vaxt verilmir. Jurnalistlər həmçinin özlərini və başqalarını qanunsuz şəkildə varlandırmaqda və açıq-aşkar həqiqətə uyğun olmayan digər cinayətlərdə ittiham edilirlər. Onların yeganə “cinayəti” hökuməti tənqid edən, müstəqil jurnalist olmalarıdır“.
”Amnesty İnternational” İlham Əliyevə məktubunda aşağıdakı istiqamətlərdə dərhal addımlar atmağa çağırır:
- Azərbaycanda azad mediaya və fərqli fikirlərə qarşı repressiyalara, jurnalistlərin əsassız şəkildə təqib və cinayət məsuliyyətinə cəlb olunmasına son qoyulsun;
- Meydan TV-nin 12 jurnalistinin, eləcə də özbaşına saxlanılan bütün şəxslərin dərhal azadlığa buraxılması təmin edilsin;
- Saxlanılan şəxslərə qarşı işgəncə və digər pis rəftar iddiaları effektiv şəkildə araşdırılsın və bu müddətdə səhhəti risk altında olan Meydan TV jurnalistlərinin heç bir gecikmə olmadan ehtiyac duyduqları tibbi yardımı almaları təmin edilsin.
Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov 2024-cü il dekabrın 6-da saxlanılıb .
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.