Aksiyanın Fəvvarələr meydanında keçirilməsi nəzərdə tutulub
“Müdafiə xətti” təşkilatı ictimai fəal Bəxtiyar Hacıyevin həbsdən azad olunması tələbilə etiraz aksiyası keçirəcək. Aksiyanın 23 dekabr, saat 15.00-da Bakının Fəvvarələr meydanında keçiriləcəyi planlaşdırılıb. Bu haqda təşkilatın həmsədri Rüfət Səfərov məlumat verib.
Təşkilatdan verilən məlumata görə, artıq aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.
Aksiya Bəxtiyar Hacıyevə işgəncə verilməsi xəbəri yayıldıqdan sonra qərara alınıb.
Hüquq müdafiəçisi Rüfət Səfərovun məlumatına görə, dekabrın 18-də səhər saat 5 radələrində Bəxtiyar Hacıyevi saxlandığı kamerada qandallayıb aparıblar:
“Onu başqa bir soyuq kameraya aparıblar. Orada soyuqda 8 saat saxlayıblar. Həm də qandallı vəziyyətdə. O müddətdə dəfələrlə su istəyib. Dəfələrlə suyu gətirib göstəriblər, hətta stəkana da töküblər, amma verməyiblər. Aclıq keçirən şəxsə qarşı bunu eləməyin bir adı var – faşizm. Bundan sonra onu istintaq təcridxanasının rəisinin yanına aparıblar, o da Bəxtiyar Hacıyevi hədələməyə başlayıb. Tələb edib ki, aclıqla bağlı ərizəsinə dəyişiklik eləsin”.
Dekabrın 9-dan həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev dekabrın 15-də Bakı Apelyasiya Məhkəməsində aclıq aksiyasına başladığını bəyan edib. Dekabrın 18-də Penitensiar Xidmət onun aclığı dayandırdığını açıqlasa da, bu gün (dekabrın 19-da) o, vəkili vasitəsilə bu məlumatı təkzib edib.
Vəkili Bəxtiyar Hacıyevin ailə üzvləri və müdafiəçilərilə telefon danışığı hüququnun məhdudlaşdırıldığını, onun yaxınlarıyla ünsiyyət saxlaya bilmədiyini deyir.
Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.