İctimai fəalın vəkilləri apelyasiya şikayəti verəcək
İctimai fəal Bəxtiyar Hacıyev barədə istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə iyulun 22-də Xətai Rayon Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanının həbs müddətinin uzadılması haqda vəsatəti təqdimat olunub. Müddət daha 2 ay 10 gün – oktyabrın 8-nə qədər uzadılıb.
Məhkəmədə Bəxtiyar Hacıyevin vəkilləri buna etiraz edib. Onlar bildirib ki, Bəxtiyar Hacıyevə qarşı irəli sürülmüş yeni ittihamlar da, həbs qətimkan tədbirinin uzadılması barədə təqdimat da əsassızdır.
Bəxtiyar Hacıyev özü də ona qarşı irəli sürülnüş bütün ittihamların qondarma olduğunu, siyasi sifarişlə həbs edildiyini vurğulayıb.
Hakim qısa müşavirədən sonra təqdimatın təmin olunduğunu açıqlayıb.
Vəkil Rövşanə Rəhimli bildirib ki, həbs qətimkan tədbirinin uzadılması barədə Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklər.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu. İyunun 16-da ona qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə bağlıdır. O, həmçinin Cinayət Məcəlləsinin (CM) 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320 (saxta sənədlərdən istifadə) və başqa maddələrilə də ittiham olunur.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.
İyunun 6-da Bəxtiyar Hacıyevin Bakıda özünün yaşadığı mənzildə, Gəncədə atasının, qardaşının, dostlarının evlərində axtarış aparılmışdı. Mənzillərdə axtarış barədə öncədən Xətai rayon Məhkəməsindən qərar alınmışdı. Axtarış prosesindən sonra onun dostu Rail Abbasov həmin gün gecə saatlarına qədər istintaqda dindirilmişdi.
O zaman vəkil Elçin Sadıqov bildirmişdi ki, axtarışların səbəbi haqda heç bir məlumat verilməyib, məhkəmə qərarında da əsaslandırılmayıb. Lakin vəkil ehtimal edirdi ki, Hacıyevə qarşı yeni ittihamlar irəli sürülə bilər.
Bəxtiyar Hacıyevə qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamlarında isə söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev həbsindən öncə uzun müddət polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Onun həbsindən əvvəl sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edirdi. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.
O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.