Bəxtiyar Hacıyev şahidlərin istintaqdakı ifadəsini qəbul etdi

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Növbəti prosesdə məhkəməyə gəlməyən şahidlərin ifadəsi səsləndiriləcək

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin 2023-cü ilin dekabrından başlayan məhkəməsi davam edir. Onun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Budəfəki məhkəmə prosesinə çağırılan 15 şahiddən cəmi üçü gəlib. Şahidlərdən biri Çexiyaya turist səfəri üçün viza almaq məqsədilə sənədlərin toplanmasında Bəxtiyar Hacıyevin köməyindən istifadə etdiyini bildirib. O vurğulayıb ki, yalnız xidmətə görə pul köçürüb, amma Bəxtiyar Hacıyevin özünə heç nə verməyib.

Daha bir şahid isə xaricdə təhsil və əcnəbi dil kurslarında dərs deyən müəllim olub. O bildirib ki, Bəxtiyar Hacıyev “Caspian Plaza”da icarəyə götürdüyü ofisin bir otağını dərs demək üçün ona vermişdi.

Üçüncü şahid isə ABŞ-da kurslarda təhsil üçün Bəxtiyar Hacıyevə müraciət edib, viza sənədlərinin toplanmasında ona yardım göstərib.

Bəxtiyar Hacıyev vəsatət qaldırıb ki, məhkəməyə gəlməyən şahidlərin istintaqdakı ifadələri elan olunsun və şahidlərin dindirilməsi mərhələsi bitsin. Onun sözlərinə görə, həmin şahidlərin istintaqdakı ifadələrini qəbul edir. Bu səbəbdən də onların nə vaxt gələcəyini gözləmək məhkəmə prosesinin uzadılması olacaq.

Onun vəsatəti təmin olunub, növbəti məhkəmə iclasında şahidlərin istintaqdakı ifadələrinin elan olunması qərara alınıb.

Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıb. O bildirib ki, məhkəmə bundan əvvəl ev dustaqlığına buraxılması haqda vəsatətləri rədd edərkən arqument kimi, dindiriləcək şahidlərə təsir göstərmək ehtimalını vurğulayırdı:

“Artıq şahidlərin dindirilməsi də başa çatdı. Mən heç kimə təsir göstərə bilmərəm. Heç göstərmərəm də. Ona görə növbəti dəfə ev dustaqlığına buraxılmağım haqda vəsatət qaldırıram”.

Məhkəmə bu dəfə də vəsatəti təmin etməyib.

Yeri gəlmişkən, bu məsələ müzakirə olunarkən Bəxtiyar Hacıyevin işi üzrə məhkəmədə zərərçəkmiş qismində tanınan bloger Ülviyyə Alovlunun (Muradova) hüquqlarını müdafiə edən vəkil Sevda Məhərrəmovanın səsləndirdiyi fikirlərə görə gərginlik yaranıb. Ev dustaqlığıyla bağlı vəsatətə münasibət bildirən vəkil iddia edib ki, Bəxtiyar Hacıyev onun müvəkkilinə təzyiq göstərib, onu təhqir edib, bu səbəbdən də yeri həbsxanadır.

Vəkilin bu cür ritorikasına, hətta hakim də irad bildirib. Bəxtiyar Hacıyev isə öz vəkilindən Sevda Məhərrəmova haqqında Vəkillər Kollegiyasına şikayət yazmasını istəyib.

İctimai fəalın işi üzrə məhkəmənin növbəti iclası avqustun 2-nə təyin edilib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla Ülviyyə Alovlu arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev şahidlərin istintaqdakı ifadəsini qəbul etdi