Bəxtiyar Hacıyev: Nigar Arpadaraini xalq özünə yaraşdırmadı, Əliyev isə özünə yaraşdırdı

Ali Məhkəmədə çıxış edən vəkil Araz Yusifov bildirib ki, B.Hacıyev 29 saylı dairənin məntəqələrindəki saxtakarlıq hallarını təsdiqləyən konkert sübutları – videomaterialları, protokolları məhkəməyə təqdim edib.

Source: Foto: sosial şəbəkə


Ali Məhkəmə də deputatlığa namizədin şikayətini təmin etmədi

Fevralın 26-da Ali Məhkəmədə ictimai fəal Bəxtiyar Hacıyevin 29 saylı seçki dairəsində parlament seçkilərinin nəticələrinin ləğvi barədə şikayətinə baxılıb. Hakim Nigar Rəsulbəyovanın sədrliyilə keçirilən məhkəmədə B.Hacıyev və müdafiəçisi bu məsələ ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğvini istəyib.

B.Hacıyev 29 saylı dairə ilə bağlı şikayətini öncə Mərkəzi Seçki Komissiyasına (MSK) göndərmiş, bu dairənin 20-dən artıq seçki məntəqəsindəki pozuntular haqda təqdim etdiyi faktları nəzərə alıb, dairənin nəticəsinin ləğvini istəmişdi. Lakin MSK məntəqələrdən yalnız 6-nı ləğv etmiş, bu da dairənin yekun nəticəsinə təsir göstərməmişdi. Bu üzdən B.Hacıyev MSK-nı məhkəməyə verib. Lakin Bakı Apelyasiya Məhkəməsi də onun şikayətini təmin etməyib. Ali Məhkəməyə apelyasiya məhkəməsinin bu qərarından şikayət verilib.

Ali Məhkəmədə çıxış edən vəkil Araz Yusifov bildirib ki, B.Hacıyev 29 saylı dairənin məntəqələrindəki saxtakarlıq hallarını təsdiqləyən konkert sübutları – videomaterialları, protokolları məhkəməyə təqdim edib. Lakin apelyasiya məhkəməsi qanunsuz addım ataraq, o sübutlara qiymət verməkdən imtina edib. İmtina qərarını da qanuni şəkildə əsaslandırmayıb.

Vəkil də, B.Hacıyev də bildirib ki, pozuntu hallarıyla bağlı görüntülərin MSK-nın razılığı olmadan çəkilməsinə görə qəbul edilməməsi absurd əsaslandırmadır. B.Hacıyev Ali Məhkəmənin hakimlərinin nəzərinə çatdırıb ki, məhz onun təqdim etdiyi videogörüntülər əsasında MSK 6 məntəqənin nəticələrini ləğv edib.

B.Hacıyev 29 saylı dairədən qalib elan olunan Nigar Arpadarainin xeyrinə nəticələrin saxtalaşdırıldığını, Dairə Seçki Komissiyasının yekun protokolunda və MSK-nın saytında səslərin əslində olduğundan bir neçə dəfə çox göstərildiyini vurğulayıb. Bunu təsdiqləyən Məntəqə Seçki Komissiyasının (MnSK) protokollarını da diqqətə çatdırıb. 1 saylı məntəqədə tərtib olunmuş protokolda Nigar Arpadaraiyə 114 səs verildiyi yazılıb, DSK yekun protokolunda və MSK-nın saytında bu rəqəm 214-dür. 2 saylı məntəqənin protokolunda Arpadarainin səslərinin sayı 35 olduğu halda, sonradan DSK-nın protokolunda və MSK-nın saytında rəqəm 76-ya qalxıb. 5 saylı məntəqədə qalib namizədin 53 səsi olub, amma DSK-nın protokolunda və MSK-nın saytında 192 yazılıb.

B.Hacıyev 7, 9, 11, 13, 15, 17, 18, 22, 23, 24, 27, 28, 29 saylı məntəqələrlə bağlı da oxşar vəziyyəti konkret rəqəmlərlə açıqlayıb.

Bu çıxışlardan sonra müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq şikayətin təmin olunmadığını bildirib.

Ali Məhkəmənin qərarına B.Hacıyev belə münasibət bildirib:

"Ali Məhkəmədə hakim Nigar İlham Əliyevin yekun seçimini elan etdi: Arpadarai Nigar.

Çox təəssüf ki, İlham Əliyev xalqın seçiminə yox, öz seçiminə üstünlük verdi. Razi Nurullayev, Elman Nəsirov, 7 məntəqədən 157 səs almış Nigar Arpadaraini xalq özünə yaraşdırmadı, o isə özünə yaraşdırdı.

Nəticədə də, 2020 seçkilərində bircə nəfər məğlub oldu, uduzdu, o da İlham Əliyev oldu.

Ədalətli seçki uğrunda mübarizə aparan hər bir şəxs isə həm siyasi, həm mənəvi qalibə çevrildi".

B.Hacıyev onu da bildirib ki, bu məsələni Avropa İnsan Haqları Məhkəməsi müstəvisinə çıxaracaq.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev: Nigar Arpadaraini xalq özünə yaraşdırmadı, Əliyev isə özünə yaraşdırdı