Bəxtiyar Hacıyev MSK barədə: Onlar inkar etsə, məhkəmələrdə sübut edəcəyik

“M.Pənahov tez-tez sözümü kəssə də, atmacalar atsa da, seçicilərimizin, ianə edən dostların, fədakar könüllülər və fədakar müşahidəçilərimizin haqqını qorumaq üçün maksimum səbr və təmkinlə reaksiya vermədim”.

Source: Foto: sosial şəbəkə


“Faktları qrafik kimi hazırlayıb, Prezident Administrasiyasına göndərəcəm”

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 18-də keçirilən iclasında 29 saylı Səbail Seçki Dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Şikayət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, B.Hacıyev şikayətində səsvermənin nəticəsinin seçicilərin iradəsini əks etdirməyi üçün həmin dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib:

MSK üzvünün sözlərinə görə, Bəxtiyar Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini bildirib. Araşdırma zamanı müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və Dairə Seçki Komissiyasından alınan protokollar nəzərdən keçirilib.

R.İbrahimov qeyd edib ki, B.Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv etməsini tələb edib. R.İbrahimov nəzərə çatdırıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq, göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradılan faktlar var. Buna görə də bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılmalıdır.

MSK 29 saylı Səbail Seçki dairəsinin 1, 5, 9, 11, 17, 25 seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul etməklə, şikayəti qismən təmin edib.

MSK iclasında aparılan müzakirələrlə bağlı Bəxtiyar Hacıyev “Facebook” sosial şəbəkəsində yazaraq, Ramiz İbrahimovun onu həqiqətən də qəbul etdiyini, amma faktiki olaraq heç bir məsələni onunla müzakirə etmədiyini bildirib.

“MSK-ya 19 məntəqədə ciddi saxtakarlıq olması ilə bağlı ciddi, təkzibolunmaz, açıq video faktları, möhürlü və imzalı MnSK və DSK protokollarını təqdim etmişdik. Ramiz İbrahimova nə qədər faktlar göstərmək istəsəm də, protokolların DSK-da olduğunu, videolara da media qrupunun baxdığını bildirdi. ABŞ-dan, təhsildən, havadan, sudan, ordudan danışdı, amma nə bir protokol incələdik, nə bir videoya baxdıq. Bu gün isə adam üzümə və hamının üzünə dirəndi ki, birlikdə araşdırmışıq faktları”.

B.Hacıyev MSK iclasında çıxış edərkən sədr Məzahir Pənahov tərəfindən sözünün tez-tez kəsildiyini bildirib.

“M.Pənahov tez-tez sözümü kəssə də, atmacalar atsa da, seçicilərimizin, ianə edən dostların, fədakar könüllülər və fədakar müşahidəçilərimizin haqqını qorumaq üçün maksimum səbr və təmkinlə reaksiya vermədim. Eyni təmkinlə bir-bir məntəqələr üzrə nə faktlar təqdim etdiyimizi, DSK və MnSK protokollarının üst-üstə düşmədiyini həm protokollarla, həm videolarla sübut etdiyimizi, sübutları təqdim etdiyimizi, sosial şəbəkədə yaydığımızı dedim. Ramiz İbrahimov “bəzi protokollarda imzalar MnSK üzvlərinə aid deyil” dedi, mən də “bəs möhür? Məni çox şeydə ittiham eləmək olar, amma MSK məni saxtakarlıqda ittiham edə bilməz” dedim və ləğv olunması təklif olunan məntəqələrdəki faktlar və arqumentlərin digər məntəqələr üçün də təqdim edildiyini bildirdim. MSK üzvlərindən bəziləri 23-cü məntəqədə yerə bülleten töküb, topa bülleten atmaq videosunu gördüklərini dedilər, Ramiz İbrahimovun bu videoya qiymət vermədiyi üzə çıxdı. R.İbrahimov faktiki etiraf elədi ki, videofaktara baxmamış 6 məntəqə təklif edib”.

B.Hacıyev bildirib ki, birinci raundda 6 məntəqə ləğv edib, qalanlarını ikinci və üçüncü raunda saxlayıblar. Onun sözlərinə görə, digər məntəqələrlə bağlı əlindəki faktlar təkzibedilməzdir, videolarda açıq səslər sayılır, protokollarda saxtalaşdırılır. Deputatlığa namizəd bildirib ki, şikayəti MSK-ya sabah təkrar təqdim edəcək, faktları dayanmadan sosial şəbəkədə yayacaq.

“Onlar inkar etsə, məhkəmələrdə sübut edəcəyik. Bu dairə ilə bağlı təkrar xatırladım ki, bütün beynəlxalq gözlər və ölkə ictimaiyyətinin gözü buradadır. Ləğv olunan 6 məntəqə və ləğv olunacağı şübhə doğurmayan 23-cü məntəqədə Nigar Arpadarainin oğurlamaq istədiyi 1045 səs silinir. Saxtakarlıq olmayan və protokollar üst-üstə düşən 6 məntəqədə isə xanıməfəndi cəmi-cümü 95 səs toplayıb o boyda Səbaildən! Bunları qrafik kimi hazırlayıb, Prezident Administrasiyasına da göndərəcəm. 6 məntəqədə 1045 səs saxtakarlığı sübut olunub, 6 düzgün məntəqədə cəmi 95 səs toplamış adamı özlərinə, xüsusi ilə də 1-ci şəxsə yaraşdırıb-yaraşdırmamaq onlara qalacaq”, – Bəxtiyar Hacıyev yazıb.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev MSK barədə: Onlar inkar etsə, məhkəmələrdə sübut edəcəyik