İctimai fəal ev dustaqlığına buraxılmadı
Xətai Rayon Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması haqda vəkili Aqil Layıcın verdiyi vəsatətə baxılıb. Dekabrın 20-də keçirilən məhkəmə iclasına 6 gündür ki, aclıq etdiyi bildirilən Bəxtiyar Hacıyevin özü də gətirilib.
Məhkəmədə onun vəkilləri Aqil Layıc, Zibeydə Sadıqova və Şəhla Hümbətova iştirak edib. Vəkillər bildirib ki, Bəxtiyar Hacıyev haqqında cinayət işi əsassızdır. Üstəlik, onun istintaq dövründə həbsdə saxlanması üçün də heç bir əsas yoxdur. Çünki bu cinayət işinin araşdırılmasında ən çox israrlı olan elə Bəxtiyar Hacıyev idi. O, heç vaxt istintaq orqanının çağırışından yayınmayıb, qaçıb gizlənməyib, yaşadığı yer bəllidir və s.
Bəxtiyar Hacıyev özü də məhkəmədə çıxış edib. O bildirib ki, qanunsuz həbsinə etiraz olaraq, dekabrın 15-dən başladığı aclıq aksiyasını davam etdirir, altıncı gündür ki, aclıq edir. Onun sözlərinə görə, aclığı dayandırmaq üçün Bakı İstintaq Təcridxanasında təzyiqlərə məruz qalıb. Onu səhər saat 5 radələrində yuxudan oyadıb, əlləri qandallı vəziyyətdə şüşəsi sınıq, soyuq bir kameraya aparıb, orada 8 saat bu vəziyyətdə saxlayıblar. Su istəyib, dəfələrlə gətirib suyu göstərib, lakin verməyiblər. Bəxtiyar Hacıyev həmçinin təcridxananın rəisi tərəfindən də hədələndiyini, təzyiqlərə məruz qaldığını bildirib.
İctimai fəal vurğulayıb ki, ona qarşı təzyiq vasitəsi olaraq, başqa üsullardan da istifadə olunur:
“Buna baxmayaraq, mən aclığı dayandırmaq fikrində deyiləm. Çünki mənim aclığa başlamağımın səbəbi barəmdə çıxarılmış qanunsuz həbs qərarıdır. Nə qədər ki, bu qərar qüvvədədir, mən aclığı dayandırmamaqda israrlıyam”.
İctimai fəal əlavə edib ki, onun barəsindəki cinayət işi saxtadır və sifarişlə həbs olunub.
Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədov vəsatəti təmin etməyib – ictimai fəalı ev dustaqlığına buraxmaqdan imtina olunub.
Bəxtiyar Hacıyevin vəkili Şəhla Hümbətova Meydan TV-yə bildirib ki, bu qərardan apelyasiya şikayəti veriləcək. Üstəlik, Bəxtiyar Hacıyevin Bakı İstintaq Təcridxanasında ona qarşı baş verənlər haqda danışdıqlarıyla bağlı da lazımi hüquqi addımlar atılacaq.
Vəkilin sözlərinə görə, aclıq ictimai fəalın səhhətində ciddi problemlər yaradıb. Şəhla Hümbətova deyir ki, həbsdə aclıq edən şəxslər mütləq həkim nəzarətində olmalıdır:
“Bəxtiyar Hacıyev bildirir ki, nə mütəmadi həkim tərəfindən müayinə olunur, nə lazım olanla tibbi yardım göstərilir. Halbuki, səhhətində ciddi problemlər yarandığı açıq-aşkar görünür”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyilənləri təkzib edib. Onun sözlərinə görə, Bəxtiyar Hacıyev hazırda aclıq aksiyası da keçirmir:
“Bəxtiyar Hacıyev aclığı dayandırmaqla bağlı müraciət etmişdi, 1 gün aclıq etdi, sonra dayandırdı. Əgər yenə də ərizə ilə müraciət etsə, qeydiyyata alacaqlar”.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.