Bəxtiyar Hacıyev dövlət hesabına vəkil istədi

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

İctimai fəal prosesin davam etdirilməsi üçün təkliflə müraciət edib

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev dövlət hesabına vəkillə təmin olunmasını istəyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakim Əli Məmmədova bu təkliflə müraciət edib.

Sentyabrın 6-da məhkəmə prosesində məlum olub ki, Bəxtiyar Hacıyevin üç vəkilinin heç biri məhkəməyə gəlməyib. Qanuna görə, təqsirləndirilən şəxsin vəkili yoxdursa, məhkəmə prosesinin keçirilməsi onun müdafiə hüququnun pozulmasıdır. Yəni bu halda, prosesin keçirilməsinə qanun imkan vermir.

Bu səbəbdən də Bəxtiyar Hacıyev bildirib ki, belə hallarda nahaqdan Kürdəxanıdan – Bakı İstintaq Təcridxanasından gətirilib-aparılmaması üçün ona dövlət hesabına vəkil təyin olunsun. Həmin vəkilin iştirakı ilə proses davam etdirilsin.

Hakim isə bildirib ki, dövlət hesabına vəkillə təmin olunması üçün gərək digər müdafiəçilərindən imtina etsin. O isə öz vəkillərindən imtina etmək istəməyib. Bu səbəbdən ictimai fəalın təklifi qəbul olunmayıb.

Bəxtiyar Hacıyevin məhkəməsi sentyabrın 13-də davam edəcək.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrından həbsdədir. Öncə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Muradova (Alovlu) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev dövlət hesabına vəkil istədi