İctimai fəal ailəsi ilə əlaqə saxlaya bilmədiyini deyir
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ailə üzvlərilə görüş və telefon danışığı qadağası davam edir. Bu barədə Meydan TV-yə məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, ictimai fəalın bu hüquqlarının məhdudlaşdırılmasıyla əlaqədar məhkəməyə müraciət olunub.
Bəxtiyar Hacıyevin görüş və telefon qadağasıyla bağlı şikayətinə yanvarın 10-da Xətai Rayon Məhkəməsində baxılacaq. O, istintaqı aparan qurumdan – Bakı Şəhər Baş Polis İdarəsindən şikayətçidir. Çünki istintaq orqanının qərarı əsasında onun telefon danışığı və görüşlərinə qadağa qoyulub.
Şikayətə Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədov baxıb qərar verməlidir. Bu, həmin hakimdir ki, dekabrın 20-də Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması haqda vəkilinin verdiyi vəsatətə baxıb, onu təmin etməmişdi.
Dekabrın 29-da vəkillər məhkəməyə ev dustaqlığıyla bağlı daha bir vəsatət vermişdilər. Lakin Xətai Rayon Məhkəməsində bu dəfə də hakim Sülhanə Hacıyeva o vəsatəti təmin etməmişdi. Həmin qərardan apelyasiya şikayəti verilib.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qalıb. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.