Üsyançı qüvvələr dekabrın 8-i səhər saatlarında Dəməşqə daxil olduqdan sonra televiziya ilə ilk bəyanatlarını veriblər
Suriyada üsyançı qüvvələr Dəməşqin “azad” olduğunu bəyan edərək Prezident Bəşar Əsədin paytaxtdan qaçdığını bildirir.
Üsyançı qüvvələr dekabrın 8-i səhər saatlarında Dəməşqə daxil olduqdan sonra televiziya ilə ilk bəyanatlarını veriblər.
“Biz Dəməşq şəhərini tiran Bəşar Əsəddən azad elan edirik Biz Suriya xalqı ilə məhbuslarımızın azad edilməsi və buxovların yıxılması xəbərini qeyd edirik, həmçinin Sednaya həbsxanasında ədalətsizlik dövrünün başa çatdığını elan edirik”,- bəyanatda deyilir.
Bəyanatı oxuyan, “Dəməşqin Fəthi üzrə Əməliyyat Qərargahı” bütün müxalif döyüşçüləri və vətəndaşları “azad Suriya dövləti”nin dövlət qurumlarını qorumağa çağırıb.
Suriya döyüşçüləri dekabrın 8-nə keçən gecə Suriya hökumətinin nəzarəti altında olan ərazilərdən keçərək 10 günlük hücumdan sonra Dəməşqə daxil olublar.
Ölkə Prezidenti Bəşər Əsədin Suriyanı tərk etdiyi bildirilir. “Reuters”in məlumatına görə, Suriya ordusunun komandanlığı zabitlərə Bəşər Əsədin hakimiyyətinin bitdiyini bildirib.
Suriya hökuməti xalqın seçdiyi rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib. Hücum zamanı Əsədin müxalifləri Hələb, Həma, Deyr əz-Zor, Dəranı ələ keçirib, həmçinin Homs şəhərinə nəzarəti ələ alıblar.
Suriya hərbçiləri Həma və Homs şəhərlərində, eləcə də Dəra kəndlərində silahlılara qarşı əməliyyatları davam etdirdiklərini bildiriblər.