Bern möcüzəsi

Qadınların minillik mübarizəsi və onun parlaq nəticələri insanlığın təntənəsidir.

Source:

1954-cü il. İkinci cahan savaşında Almaniyanın dəhşətli məğlubiyyətindən cəmi 9 il ötüb. Ölkə dörd qalib dövlət tərəfindən işğal zonalarına bölünüb. 1949-cu ildə Almaniya rəsmən iki dövlətə – üç Qərb dövlətinin işğal zonalarından ibarət Almaniya Federativ Respublikasına (Qərbi Almaniya) və sovet işğal zonasından ibarət Almaniya Demokratik Respublikasına bölünür.

Ölkənin ərazicə kiçik, lakin daş kömür ehtiyatına görə iqtisadi əhəmiyyəti böyük olan Saar vilayəti hələ Fransanın protektoratı altındadır və gələcəyi qeyri-müəyyəndir. Şəhərlər və kəndlər xarabalıqlardan ibarətdir; bəzi proqnozlara görə təkcə dağıntıların təmizlənməsinə 30 il vaxt lazımdır.

Bir xalqın və dövlətin məruz qala biləcəyi ən ağır məğlubiyyəti yaşayan almanlarda natamamlıq və uğursuzluq kompleksi yaranıb. Onların bu vəziyyətdən necə və nə vaxt çıxa biləcəkləri, ümumiyyətlə, çıxa biləcəkləri sual altındadır. Lakin bu zaman tamamilə gözlənilməz sahədə elə bir inanılmaz hadisə baş verir ki, almanları bir millət olaraq yenidən ayağa qaldırır: Almaniya Federativ Respublikasının futbol üzrə milli komandası dünya çempionu adını qazanır.

***

İsveçrədə keçirilən sayca beşinci dünya çempionatının əsas favoriti Macarıstan millisi sayılırdı. 1949-cu ildən komandaya rəhbərlik edən Qustav Şebeşin yetirmələri 1950-ci ildən etibarən heç bir oyunda məğlub olmurdular. İlk növbədə komanda oyunu ilə seçilən Macarıstan millisinin bütün xətlərində ulduz futbolçular çıxış edirdi. Bununla belə, Puşkaş, Koçiş, Çibor, Hideqkuti kimi futbolçuların oynadığı hücum xətti xüsusilə güclü idi. Elə təəssürat yaranırdı ki, macarlar istənilən komandaya istədikləri qədər qol vura bilərlər.

1952-ci ildə Helsinkidə keçirilən yay olimpiya oyunlarının futbol turnirində macarlar qasırğa kimi əsərək, qarşılarına keçən hər kəsi məhv etdilər. Onlar Hindistanı 10:1, İtaliyanı 3:0, Türkiyəni 7:1 udaraq yarımfinala çıxdılar. Başqa sözlə, üç oyun nəicəsində vurulan və buraxılan qolların fərqi ağlasığmaz idi, 20-2.

Yarımfinalda macarlar olimpiya çempionu titulunun sahibi İsveç millisi ilə qarşılaşdılar. Heç olmasa bu oyunda onların ciddi müqavimətlə üzləşəcəklərini gözləmək olardı. Lakin Şebeşin yetirmələri hər hissədə 3 qol vuraraq yenə rəqiblərini darmadağın etdilər 6:0.

Təkcə final oyununda Yuqoslaviya millisi qonşularına az-çox müqavimət göstərə bildi. Lakin bu da yalnız 70-ci dəqiqəyə qədər davam etdi. Əvvəlcə Puşkaş, 88-ci dəqiqədə isə Çibor vurduqları qollarla Macarıstan millisinə Olimpiadanın qızıl medallarını qazandırdılar. Əminliklə söyləmək olar ki, futbol tarixi nə əvvəl, nə də sonra, istər dünya və Avropa çempionatlarında, istərsə də olimpiya turnirində belə parlaq, əzici qələbəyə şahid olmayıb.

1953-cü ildə macarlar daha bir uğura imza atdılar və Mərkəzi Avropa kuboku adlanan turnirin qalibi oldular. Komanda qeyri-rəsmi matçlarda da inamlı təsir bağışlayırdı. Bu sırada İngiltərəyə qarşı keçirilən iki oyun xüsusən yaddaqalan oldu.

1953-cü ilin noyabrında ingilislərin Londonun Uembli stadionunda macarların zəfər seriyasını kəsmək arzusu fiaskoya uğradı 3:6. Altı ay sonra Budapeştdə keçirilən revanş matçı isə daha biabırçı nəticə ilə yekunlaşdı – 1:7. Futbol banilərini kimsə belə alçaldıcı məğlubiyyətlərə hələ uğratmamışdı.

Ümumiyyətlə, 1950-ci ilin iyunundan 1954-cü ilin dünya çempionatı başlayana qədər macarlar 28 məğlubiyyətsiz oyun keçirdilər və bunların 25-də qələbə qazandılar. Vurulan və buraxılan qolların fərqi də fantastik idi, 118 – 25. Macarlar bu seriya ərzində hər oyunda orta hesabla 4,2-dən artıq qol vurub, 3,3-dən artıq top fərqi ilə qalib gəlmişdilər. Belə təkrarolunmaz nəticələrinə görə “Qızıl komanda” adını alan Macarıstan millisinin dünya çempionatının favoriti olması təəccüblü deyildi.

Almaniya millisi isə o zaman xüsusi uğurları ilə öyünə bilməzdi. Komandanın yalnız 1934-cü il dünya çempionatındakı bürünc medalını və 1952-ci il Olimpiadasında tutduğu dördüncü yeri qənaətbəxş nəticə saymaq olardı.

***

Beşinci dünya çempionatının qrup mərhələsi o vaxta qədər tətbiq edilməyən, ondan sonra da ləğv edilən qaydalar əsasında keçirilirdi. Hər qrupdakı 4 komandanın ikisi “ələnən”, ikisi isə “ələnməyən” komandalardan ibarət idi. Hər komanda iki oyun keçirəcəkdi – ələnənlər yalnız ələnməyənlərlə qarşı oynayacaqdılar. İlk iki yeri tutan komandalar 1/4 finala yüksələcəkdilər. 2 və 3-cü yeri tutan komandaların xalları bərabər olardısa, onlar arasında əlavə oyun keçiriləcəkdi.

Almaniyanın düşdüyü qrupda ələnməyən komandalar özü və Cənubi Koreya idi, ələnənlər isə Macarıstan və Türkiyə. Deməli, almanlar yalnız son iki komanda ilə oynayacaqdılar. İlk oyunda almanlar türklərə 4:1 hesabı ilə qalib gəldilər, macarlar isə dünya çempionatlarında o vaxta qədər görünməyən fərqlə koreyalıları darmadağın etdilər, 9:0.

İkinci turda türklər koreyalılarla, almanlar isə macarlarla qarşılaşdılar. Türklər o zaman Şimala qarşı müharibədə hərbi yardım göstərdikləri Cənubi Koreya komandası ilə heç də müttəfiq kimi davranmadılar – 7:0. Almanlar isə macarlar tərəfindən darmadağın edildilər – 3:8.

Lakin qeyd etmək lazımdır ki, Almaniya millisinin məşqçisi Zepp Herberger bu oyunda kələyə əl ataraq əsas oyunçularının əksəriyyətini ehtiyatda saxlamışdı. Türkiyə ilə ilk oyundakı heyətdən yalnız 4 futbolçu macarlara qarşı oynayırdı. Bu hiylədə əsas məqsəd almanların həqiqətdə olduqlarından daha zəif görüntüsünü yaratmaq idi.

Qrup turnirinin yekun nəticəsinə görə Macarıstan komandası ilk yeri tutdu. Onlar iki oyunda vurulan və buraxılan topların 17-3 kimi saldosuna malik idilər. Şandor Koçiş koreyalılara 3, almanlara isə 4 qol vurmuşdu. Hərəyə bir qələbəsi olan türklər və almanlar isə öz aralarında Sürixdə təkrar oyun keçirdilər. Almaniya gözlənildiyindən daha asan qələbə (7:2) qazandı və pley-off mərhələsinə ikinci vəsiqəni təmin etdi.

1/4 finalda Macarıstanın rəqibi Braziliya millisi idi. Onlar dörd il öncə vətənlərində keçirilən çempionatda qızıl medalları son anda əllərindən buraxmış və bütün ölkəni matəmə qərq etmişdilər. Buna görə də bu dəfə mütləq çempion olmaq ehtirası ilə alışıb yanırdılar. Lakin rəqibin daha yüksək ustalığı ilə qarşılaşan braziliyalılar buna yalnız kobudluqla cavab verə bildilər.

Dünya çempionatları tarixində ən kobud oyun sayılan bu qarşılaşma tarixə “Bern döyüşü” adı ilə düşdü. Braziliyalılar 65-ci dəqiqədə fərqi minimuma (2:3) endirdikdən sonra gərginlik lap artdı. Tezliklə oyunçular arasında kütləvi dava düşdü, hətta meydana polis daxil oldu. Hakim iki braziliyalını və bir macarı meydandan qovdu.

4:2 hesabı ilə bitən oyundan sonra dava-dalaş yenidən başladı və soyunub-geyinmə otaqlarına gedən dəhlizdə belə davam etdi. Artıq texniki heyət də davada iştirak edirdi. Macarların məşqçisi Qustav Şebeş aldığı sifon zərbəsi nəticəsində sonradan başına 4 tikiş qoyuldu. Əlindəki butsa ilə kimisə vurmağa hazırlaşan braziliyalı məşqçi Zeze Moreyranın şəkli bütün dünyanın qəzetlərini bəzədi.

Almaniyanın da rəqibi zəif deyildi. Yuqoslaviya millisi son iki olimpiya oyunlarının gümüş mükafatçısı idi. Özü də Helsinki Olimpiadasının yarımfinalında məhz almanlara qalib gəldilər (oxuculara maraqlı ola bilər, deyə qeyd edim ki, yuqoslavlar 1956-cı il Olimpiadasında yenə finalda, bu dəfə SSRİ-yə uduzdular 0:1; yalnız 1960-cı ildə, dalbadal dördüncü olimpiya finalında Danimarkaya 3:1 hesabı ilə qalib gələrək çempionluq muradına yetişdilər).

Almaniya-Yuqoslaviya oyunu ikincilərin üstünlüyü ilə başladı. Lakin almanlar elə ilk hücumlarında hesabı açdılar: yuqoslavların müdafiəçisi topu öz qapılarından keçirdi. Bundan sonra Balkan futbolçuları saysız-hesabsız qol vəziyyətləri yaratdılar. Almaniya millisinin kapitanı Frits Valter sonralar bunu “qapımızın ağzında cəhənnəm” adlandıracaq.

Statistikaya görə, alman qapıçı Toni Turek 17 dəfə qapıya gedən topun qarşısını kəsdi. Bir neçə dəfə isə bu işdə ona müdafiəçilər kömək oldu. Yuqoslaviya bütün üstünlüyünə baxmayaraq hesabı bərabərləşdirə bilmədi. Əvəzində Helmut Ran 85-ci dəqiqədə almanların ikinci qolunu vuraraq son nöqtəni qoydu.

Yarımfinalda macarların rəqibi dünya çempionu titulunu sahibi Uruqvay komandası oldu. Almaniya isə ev sahibi İsveçrəni 7:5 hesabı ilə məğlub edərək yarımfinala yüksələn Avstriya ilə görüşəcəkdi. Yeri gəlmişkən, beşinci dünya çempionatında bir sıra indiyə qədər təzələnməyən rekordlar müəyyən edilib. Onlardan biri də 12 qol vurulan İsveçrə-Avstriya matçıdır.

Uruqvayla oyunda macarlar hər hissənin əvvəlində bir qol vuraraq 2:0 hesabı ilə önə çıxdılar. Onların qələbəsi artıq şübhə doğurmurdu. Lakin Uruqvay dünya çempionu adını nahaq daşımadığını sübut etdi. Juan Hohberq arxayınlaşan macarların qapısına 75 və 86-cı dəqiqələrdə iki qol vuraraq hesabı bərabərləşdirdi. İkinci qoldan sonra komanda yoldaşları Hohberqin üzərinə elə atıldılar ki, o, huşunu itirdi və bir neçə dəqiqə meydan kənarında tibbi yardım aldı.

Oyunun gedişinin belə kəskin dəyişməsi macarları çaş-baş saldı. Əlavə vaxtda uruqvaylılar bir neçə dəfə fərqlənmək imkanı qazandılar, Lakin ya qapıçı, ya öz qeyri-dəqiqlikləri, bir dəfə isə qapı dirəyi mane oldu. Macarları bu dəfə də Şandor Koçiş xilas etdi. “Hava kralı” 111 və 116-cı dəqiqələrdə baş zərbələri ilə dubl edərək son nəticəni müəyyənləşdirdi – 4:2.

Digər yarımfinalda ilk hissə avstriyalıların nəzərəçarpacaq üstünlüyü ilə keçsə də almanların xeyrinə başa çatdı 1:0. Avstriyalılar ikinci hissədə dönüş yaratmaq əzmində idilər. Lakin ikinci hissə başlayan kimi (47-ci dəqiqədə) buraxdıqları daha bir qol onları çökdürdü. Qalan vaxt ərzində ciddi müqavimətlə üzləşməyən almanlar 6:1 hesabı ilə inamlı qələbə qazandılar.

Beləliklə, finalda Macarıstan və Almaniya komandaları yenidən qarşılaşdılar. Heç kim macarların qələbəsinə şübhə etmirdi. Son dünya çempionatının qızıl və gümüş mükafatçılarını (Uruqvay və Braziliya) məğlub edən macarların qrupda 5 top fərqi ilə darmadağın etdikləri almanlara uduza bilməzdilər.

Üstəlik, son iki qələbə komandanın kapitanı Puşkaş olmadan qazanılmışdı (o almanlarla qrup oyununda zədələnmişdi). Final oyununda isə Puşkaş oyanayacaqdı. Artıq hamı macarları çempion hesab edirdi, ən pisi isə o idi ki, onlar özləri də buna əmin idilər. Macarıstan hökuməti qələbənin şərəfinə poçt markası belə çap etmişdi.

***

Final oyununun əvvəli bütün dünyanın əminliyini daha da möhkəmlətdi. Puşkaş 6-cı dəqiqədə hesabı açdı, Çibor isə 8-ci dəqiqədə fərqi iki topa çatdırdı. Bundan sonra baş verənlər isə Hollivud döyüş filmlərindəki ssenarini xatırladırdı – müsbət qəhrəman döyüşün əvvəlini uduzur, heç nə alınmır, lakin yavaş-yavaş özünə gəlir, müqaviməti daha kəsərli olur, nəhayət, sonda qalib gəlir.

Almaniya millisinin hücumçusu Morlok 10-cu dəqiqədə hesab arasındakı fərqi azaltdı – 1:2. Lakin çətin ki, almanlardan savayı kimsə bu qolu ciddiyə aldı. Qrup mərhələsindəki oyunda almanlar belə qoldan üçünü vurmuşdular, lakin macarların dağıdıcı hücumlarının qarşısını ala bilməyərək 8 qol buraxmışdılar. Hətta Helmut Ran 18-ci dəqiqədə hesabı bərabərləşdirəndə də bunu müvəqqəti anlaşılmazlıq kimi qiymətləndirdilər.

Macarlar bu gözləntiləri doğruldurmuşlar kimi almanların qapısı ağzında dalbadal qol vəziyyətləri yaratdılar. Fərqlənməyə ən yaxın isə Hideqkuti oldu. Lakin onun 24-cü dəqiqədə yaxın məsafədən zərbəsini qapıçı Turek inanılmaz şəkildə dəf etdi. Bir neçə dəqiqə sonra 15 metrdən vurduğu zərbə isə qapı dirəyinə dəydi. Yalnız birinci hissə heç-heçə başa çatanda tamaşaçıların kiçik bir hissəsi macarların da hər şeyə qadir olmadıqlarını düşünə bilərdilər.

İkinci hissə başlayan kimi macarlar yenə irəli atıldılar. Puşkaşın əlverişli vəziyyətdən zərbəsi düz qapıçının üstünə gəldi. Mixay Totun qapıçını da aldadaraq vurduğu topu boş qapıdan Verner Kolmayer çxardı. Macarların ağlagəlməz hücum ustalığı alman qapıçı Turekin və ümumilikdə arxa xəttin daha ağlagəlməz fədakarlığına dalğa kimi çırpılaraq geri qayıdırdı.

Əvvəlki dörd oyunda 11 qol vuran Koçiş 57-ci dəqiqədə yenə də başla fərqlənmək imkanı qazandı. Lakin “Avropada Çörçilldən sonra ən yaxşı başın sahibi”nin zərbəsindən sonra top tirə tuş gəldi. Almaniya ikinci hissədə cəmi bir diqqətəlayiq hücum təşkil edə bildi, o da qolla nəticələndi. 84-cü dəqiqədə hava ötürməsindən sonra macar müdafiəçilərinin qaytardığı topu ələ keçirən Ran aşağı küncə qarşısıalınmaz zərbə endirdi.

Macarıstan futbolçuları yenə irəli atıldılar. Puşkaşın vurduğu qol offsayd səbəbindən hesaba alınmadı. Çiborun son dəqiqələrdə yaxın küncə vurduğu topu isə yenə də Turek heyrətamiz reaksiya ilə qaytardı. Final fiti cəmi iki saat öncə kimsənin inanmayacağı faktı rəsmiləşdirdi – Almaniya 3:2 hesabı ilə qalib gələrək ilk dəfə dünya çempionu titulunu qazandı.

***

Vankdorf stadionundakı 90 dəqiqə Almaniyanı və almanları dəyişdi. Nasist hakimiyyətinin törətdiyi cinayətlərinin günahlarını öz üzərində hiss edən, getdikcə kiçilən, özünü qamçılayan bir toplum bu qələbə ilə qəflətən dirçəldi. Bern möcüzəsinin almanların sonrakı tarixinə təsiri barədə Almaniyada minlərlə məqalələr yazılıb.

Bern finalında alman komandasının tərkibində ən gənc oyunçu, hazırda o heyətin yeganə sağ qalan üzvü Horst Ekkel yazır: “Biz həqiqətən də nə törətdiyimizi, bunun millət üçün nə qədər vacib olduğunu və Almaniyaya qayıdarkən bizi nə gözlədiyini bilmirdik. Biz bunu yalnız sərhədi keçən kimi anladıq”.

Almaniya komandasını aparan qatar ölkə ərazisinə girdikdən sonra hər kiçikli-böyüklü yaşayış məntəqəsində insanlar tərəfindən saxlanılırdı. Almanlar futbolçulara təşəkkürlərini bildirmək üçün yolu kəsirdilər. Qatar əslində sürünürdü. Nəhayət, Münhendə futbolçuları yüzminlərdən ibarət insan seli qarşıladı.

20 il sonra Almaniya komandasını kapitan kimi ikinci zəfərə daşıyan Frants Bekkenbauer bu qələbə haqqında yazırdı: “Müharibədən sonrakı səfalət içində böyüyən hər kəs üçün Bern inanılmaz ilham mənbəyi oldu. Bütün ölkə anidən özünə inamı geri qaytardı”. AFR 1949-cu ildə yaranmışdı. Lakin tarixçi İoahim Fest hesab edirdi ki, Bern finalı günü “ölkənin həqiqi yaranış günü” idi. Politoloq Artur Haynrix də eyni fikri söyləyirdi. Bern möcüzəsi almanların sonrakı möcüzələrinin başlanğıcı oldu.

***

Macarıstan isə növbəti dünya çempionatında revanş ümidilə yaşayırdı. Onlar yenidən qələbələri sıralayaraq 18 məğlubiyyətsiz oyun keçirdilər. Lakin 1956-cı ildə baş verən antikommunist üsyanın sovet ordusu tərəfindən yatırılmasından sonra İspaniyada səfərdə olan komandanın bəzi önəmli oyunçuları – Puşkaş, Çibor, Koçiş vətənə qayıtmaqdan imtina etdi. Qızıl komanda dağıldı və 1958-ci il çempionatında qrup mərhələsini belə adlamadı. Bundan sonra macar futbolu bir də heç vaxt əvvəlki qüdrətini bərpa edə bilmədi.

Ana səhifəMənim FikrimcəBern möcüzəsi