2026-cı ilin ilk ayında bir sıra strateji məhsulların istehsal həcmində ciddi azalmalar qeydə alınıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, yanvar ayında neft məhsullarının istehsalı 16,4 faiz, elektrik enerjisinin istehsalı isə 3,8 faiz azalıb.
Ümumilikdə, ötən ay 398,3 milyon manatlıq neft məhsulları istehsal olunub. Ölkənin daxili bazarı üçün əhəmiyyət kəsb edən avtomobil benzininin istehsalı ötən ilin yanvar ayı ilə müqayisədə 7,3 faiz azalaraq 114,9 min ton təşkil edib. Daha kəskin azalma dizel yanacağında (qazoyl) müşahidə olunub. Belə ki, bu məhsul üzrə istehsal 14,4 faiz azalaraq 193,4 min ton olub.
Digər neft məhsullarından olan mazutun da istehsal həcmləri demək olar ki, sürətlə aşağı düşməkdədir. Beılə ki, ötən ay cəmi 5,8 min ton mazut istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 67,8 faiz azalma deməkdir.
Bundan əlavə, sürtgü yağları və neft bitumu istehsalında da kəskin azalma müşahidə edilib. Artım qeydə alınan yeganə emal olunmuş məhsul isə neft koksu olub. Bu məhsulun istehsalı ötən ilin eyni ayı ilə müqayisədə 9,1 faiz artaraq 19,2 min tona çatıb.
Bundan başqa, Azərbaycan ötən ay 17 min tona yaxın maye qaz istehsalı həyata keçirib.
Digər strateji məhsul olan elektrik enerjisinin istehsalında da azalma qeydə alınıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-cı ilin yanvar ayında 350,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Ölkə üzrə ümumi elektrik enerjisi istehsalı 2 257,0 mln. kVt·saat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azalıb.
Elektrik enerjisinin istehsalında ən yüksək paya malik olan istilik elektrik stansiyaları üzrə istehsal 1 978,6 mln. kVt·saat olub. DSK-nın məlumatına görə, bu sahədə 2,5 faiz azalma qeydə alınıb.
Su elektrik stansiyalarında isə ötən ilin yanvar ayı ilə müqayisədə daha ciddi geriləmə müşahidə edilib -38,5 faiz. Yanvar ayında SES-lər tərəfindən 133,4 mln. kVt·saat elektrik enerjisi istehsal olunub.
Məlumatda bərpa olunan enerji mənbələri üzrə göstəricilərdə isə artım görünür. Xüsusilə, külək və günəş enerjisi istehsalına xarici sərmayələrin cəlb edilməsi bu istiqamətdə əhəmiyyətli artıma səbəb olub.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə külək enerjisindən əldə olunan elektrik enerjisinin istehsalı 21,6 dəfə, günəş panelləri vasitəsilə istehsal olunan enerji isə 15,6 faiz artıb.