BƏM Bakı ilə Yerevanın qarşılıqlı iddiasını araşdıracaq

Beynəlxalq Ədalət Məhkəməsi, Foto: By robert paul van beets/Shutterstock

Tərəflər bir-birini etnik təmizləmədə günahlandırır

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Azərbaycan və Ermənistanın qarşılıqlı iddialarını araşdırmağa razılaşıb.

Hər iki ölkə bir-birini Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Bütün Formalı İrqi Ayrı-seçkiliyin Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edir.

Noyabrın 12-də keçirilən proses haqda “BBC”-nin rus redaksiyasının yaydığı məlumatda deyilir ki, məhkəmə həm Azərbaycan, həm də Ermənistan hakimiyyətinin iddialarını bu orqanın səlahiyyətlərinə aid olmadığına dair tələblərini rədd edib:

Lakin ICJ, Azərbaycanın irəli sürdüyü bütün etirazları rədd etdi və Ermənistanın bəzi etirazlarını qəbul etdi. Bu qərar Azərbaycan iddiasının əhatə dairəsinin məhdudlaşdırılacağını göstərir. Xüsusilə, məhkəmə Birinci Qarabağ müharibəsi zamanı baş verən hadisələri və Ermənistanın ətraf mühitə ziyan vurmaqla bağlı ittihamlarını nəzərdən keçirməyəcək”.

Azərbaycanın Xarici İşlər Nazirliyi hesab edir ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib:

МИД Азербайджана
Foto: Arxiv

“Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq”.

Nazirlik hesab edir ki, Məhkəmə haqlı olaraq Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib:

Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Son olaraq, 10 noyabr tarixində daha bir Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb”.

Azərbaycanın ilkin etirazlarına gəlincə, Məhkəmənin Ermənistanın irqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların və dəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlaması əhəmiyyət kəsb edir. Azərbaycan dəlillərin araşdırılmasının beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcəyinə əmindir. Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma olmadığı da qeyd edilməlidir. Azərbaycan həmçinin digər beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal dövrü zamanı ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində fəaliyyət göstərir”, – deyə o bildirib.

XİN sonda Ermənistanın işğalı zamanı beynəlxalq insan hüquqlarının çoxsaylı pozuntularına görə məsuliyyətə cəlb olunması üçün səylərini davam etdirəcəyini bildirib.

Ana səhifəSiyasətBƏM Bakı ilə Yerevanın qarşılıqlı iddiasını araşdıracaq