Bələdiyyə sədri seçilmiş baş redaktor həbs olunub

O, “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif olunub.

Source: Foto: Respublika Prokurorluğu


Niyaz Niftiyev saxta arayış satmaqda ittiham edilir

Binəqədi qəsəbə bələdiyyəsinin sədri Niyaz Niftiyev həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.

N.Niftiyev rəhbərlik etdiyi qurumun Bələdiyyə gəlirlərinin və yerli vergilər şöbəsinin rəisi Sahib Abışovla birlikdə tutulub. Onlar xüsusi karantin rejimində sərbəst hərəkət etmək imkanı əldə etmək istəyənlərə saxta arayışlar verməkdə ittiham olunur. İddiaya görə, bələdiyyə sədri və şöbə rəisi birlikdə 431 nəfərə saxta arayış satıblar. Arayışlarda həmin adamların qəsəbə ərazisində meyvə-tərəvəz və başqa yeyinti məhsullarının satışıyla məşğul olduqları yazılıb.

Rəsmi məlumatda qeyd olunur ki, adları çəkilən şəxslər növbəti dəfə belə arayışları satanda yaxalanıblar. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi arayış satışı barədə daxil olan məlumat əsasında bələdiyyənin binasında əməliyyat keçirib. Bələdiyyə sədrinin tutulması barədə rəsmi məlumata onun xidməti otağında aparılmış əməliyyat çəkilişi də əlavə olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri, blankları saxtalaşdırma, qanunsuz hazırlama) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələrilə cinayət işi başlanıb. İstintaq araşdırmaları da da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.

N.Niftiyev “Azadinform” informasiya agentliyinin baş redaktoru olub. O, “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif olunub.

N.Niftiyev haqqında yayılan rəsmi məlumata özünün və ya vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətBələdiyyə sədri seçilmiş baş redaktor həbs olunub