Əzizbaba Fətullayev: ”Cəzasızlıq ona gətirib çıxartdı ki, icra nümayəndəsi vaxtilə zəbt etdiyi 150 hektarlıq ərazi ilə kifayətlənmədi, ətrafdakı sahələri də zəbt etdi”
“Torpaqlardan qanunsuz istifadə edir, adama “gözün üstə qaşın var” ,- deyən yoxdur. Hara müraciət ediriksə, qapıları üzümüzə bağlayırlar, onu müdafiə edirlər”.
Bunu Meydan TV-yə Şamaxı rayonu, Birinci Çaylı kənd bələdiyyəsinin sədri Əzizbaba Fətullayev deyir. Onun iddiasına görə, kənd icra nümayəndəsi Fazil Güliyev kənddəki sahələrdən qanunsuz olaraq öz örüş sahələri kimi istifadə edir. Deyir, bununla bağlı yerli icra hakimiyyətinə və hüquq-mühafizə orqanlarına da məlumat verilib, hətta rayon prokurorluğu bir müddət əvvəl icra nümayəndəsi ilə bağlı cinayət işi də başlayıb, bələdiyyə icra nümayəndəsini məhkəməyə də verib, ancaq bütün bunlar vəziyyəti dəyişməyib.
İmza, möhür saxta çıxdı
Əzizbaba Fətullayev danışır:
“İcra nümayəndəsi heyvandarlıq üçün zəbt etdiyi 350 hektarlıq ərazinin 150 hektarından saxta sənədlə istifadə edir, qalan hissəsindən elə-belə… Onun qanunsuz hərəkətlərindən Şamaxı Rayon İcra Hakimiyyətinə şikayət etmişik. Quruma bildirmişik ki, icra nümayəndəsi uzun illərdir kənddə torpaq sahələrindən qanunsuz istifadə edir. Qurumdan rəsmi cavab məktubu gəlib ki, 150 hektar torpaq sahəsinə görə icra nümayəndəsinin oğlunun icarə müqaviləsi var. Guya ki, 2004-cü ildə kənd bələdiyyəsinin keçmiş sədri ilə icra nümayəndəsi Fazil Güliyevin oğlu Vüsal Güliyev arasında 30 illik icarə müqaviləsi bağlanıb. Halbuki, həmin vaxt Vüsal Güliyevin 15 yaşı olub və azyaşlı ilə müqavilə bağlanması mümkün olan iş deyil. Üstəlik, mən bələdiyyənin bütün arxivini araşdırmışam, orada belə bir müqavilə, məlumat yoxdur. Ancaq sonradan icra nümayəndəsi ortaya bir sənəd çıxardı, oğlu ilə keçmiş bələdiyyə sədri (vəfat edib) arasında bağlanmış icarə müqaviləsi, o da saxta idi, çünki prokurorluq həmin sənədi Bakıya – ekspertizaya göndərdi, mərhum bələdiyyə sədrinin imzası, möhür – hamısı saxta çıxdı. Üstəlik də, oğlunun adına icarə müqaviləsi bağlanarkən 15 yaşı olub. Bununla belə, məhkəmələr icra hakimiyyətinin təsiri altında ədalətsiz qərarlar çıxardı”.
Prokurorluqda cinayət işi başlanıb
Bələdiyyə sədrinin ötənilki şikayətlərindən sonra Şamaxı rayon prokurorluğu məsələni araşdırmağa başlayıb. Hətta icra nümayəndəsi barədə cinayət işi də başlanıb. Ancaq təqribən 1 aydan sonra cinayət işinə xitam verilib. Müstəntiq qərarını cinayət işi başlanması müddətinin ötməsi ilə əsaslandırıb. Əzizbaba Fətullayev sözünə davam edir:
“2004-cü ildə oğlu Vüsal Güliyev azyaşlı olduğu, müqavilədəki möhürün 2012-ci ilə aid olduğu, mərhum bələdiyyə sədrinin imzasının saxta olduğu – bir sözlə, xeyli saxtakarlıqlar ekspertizalarla sübuta yetirildi. Ancaq ona vəzifə saxtakarlığı maddəsi ilə cinayət işi başlandı. Halbuki, müstəntiq özü də etiraf edirdi ki, onun əməlləri Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsinin təsiri altına düşür. Sonra da guya cinayət işi başlanması üçün müddətin ötdüyünü bəhanə gətirib cinayət işinə xitam verdilər. Təbii ki, bütün bunlar icra hakimiyyətinin təzyiqi, təsiri altında baş verirdi”.
İcra hakimiyyətinə təqdimat göndərilib
Müstəntiqin cinayət işinə xitam verilməsi ilə bağlı qərarında qeyd olunur ki, Birinci Çaylı kənd icra nümayəndəsi Fazil Güliyev oğlu 2004-cü ildə 15 yaşında olan oğlu Vüsal Güliyevin adına kənd bələdiyyəsi tərəfindən 30 il müddətinə 150 hektar torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) məqsədilə icarəyə verilməsinin qanunla mümkünsüz olduğunu bilə-bilə həmin icarə müqaviləsindən istifadə edib, torpaq sahəsini kənd bələdiyyəsinə geri qaytarmayıb.
Qərarda daha sonra yazılıb ki, qeyd olunan qanun pozuntularının gələcəkdə təkrar olunmaması üçün icra nümayəndəsi barəsində Şamaxı Rayon İcra Hakimiyyətinə təqdimat göndərilməlidir. Şamaxı Prokurorluğu bu təqdimatı rayon icra hakimiyyətinə göndərib.
Ekspertiza rəyləri yoxa çıxarılıb
Birinci Çaylı Bələdiyyəsi Şamaxı Rayon Məhkəməsinə mülki qaydada müraciət də edib. Əzizbaba Fətullayev deyir, məhkəmə də cavabdeh tərəfin maraqlarına uyğun Qətnamə çıxarıb:
“İcra nümayəndəsinin saxtakarlığını sübut edən ekspertiza rəylərini yoxa çıxartdılar. Saxtakarlığın adını da çəkmədilər. İşə torpaqların boşaldılıb bələdiyyəyə qaytarılması iddiası kimi baxdılar. İcra nümayəndəsi də məlum saxta sənədləri məhkəməyə təqdim etdi. Biz həmin sənədlərin saxta olduğunu, bu saxtakarlığa görə prokurorluğun icra nümayəndəsi ilə bağlı icra hakimiyyətinə təqdimat göndərdiyini dedik. Hakim bizi dinləmək istəmədi və bizim iddiamızı təmin etmədi”.
Əzizbaba Fətullayev Şamaxı məhkəməsinin çıxardığı Qətnamədən apelyasiya şikayəti verib, o da təmin olunmayıb.
Örüş sahəsində hər gün qalmaqaldır
Əzizbaba Fətullayev deyir, hazırda kənd sakinləri heyvan otarmağa yer tapmadıqları halda Fazil Güliyev 350 hektarlıq sahədə öz mal-qarasını, qoyun-quzusunu otarır, heç kəsi də sahəyə yaxın buraxmır:
“Sentyabrın 12-də həmin sahədə heyvan otarmaq istəyən bir kənd sakininə xəsarət yetirdiyi üçün həmin sakin icra nümayəndəsindən polisə şikayət edib”.
Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ məhkəmə baxışında olub və məsələyə hüquqi qiymət verilib. Sumqayıt Apelyasiya Məhkəməsi də birinci məhkəmənin qətnaməsini qüvvəsində saxlayıb. Əzizbaba Fətullayev indi də Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət edib və sentyabrın 25-də məhkəmə prosesi olacaq. Son sözü yenə məhkəmə deyəcək.
Meydan TV müxbiri Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd ərazi dairəsi üzrə nümayəndəsi Fazil Güliyevlə əlaqə yarada bilməsə də, məhkəmədəki izahatını təqdim edir. O, izahatında iddianı qəbul etməyib və bildirib ki, 1997-ci ildə ona torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə dair əmlak payı və icarəhaqqının ödənilməsi barədə qəbz var. Müqavilənin bitməsinə baxmayaraq torpaq vergisini ödəyir. Bələdiyyədən xahiş edib ki, müqavilənin müddəti uzadılsın. Ancaq süründürməçilik edilir və müqavilənin müddəti uzadılmır. Bələdiyyə qanunsuz iclas keçirib və torpaqların satılmasını qərarlaşdırıb. Dövlət qulluğuna keçməsi ilə əlaqədar torpaq sahəsi bələdiyyənin qərarı ilə oğlu Vüsalın adına rəsmiləşdirilib. Təsərrüfat işlərində səriştəsi olduğu üçün oğlunun tapşırdığı işləri icra edir.