Bələdiyyə seçkilərinin vaxtı bəlli deyil: MSK səlahiyyətini aşır?

Mərkəzi Seçki Komissiyası (MSK). Foto: Azərtac

Seçkilərin bu il keçirilməməsi müxtəlif fikirlərə səbəb olub

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü ilin dekabrında bələdiyyə seçkilərinin keçirilməyəcəyi barədə açıqlama verib.

Komissiyadan “Report”a seçkilərlə bağlı iclasının təyin edilmədiyi qeyd olunub.

Ancaq MSK seçkilərin hansı səbəbdən keçirilməyəcəyinin izahını verməyib.
“Report” isə Seçki Məcəlləsinin 213-cü maddəsini əsas gətirərək digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini MSK-nın təyin etdiyini yada salıb:

“Bundan əvvəlki bələdiyyə seçkiləri hər 5 ildən bir dekabrın 23-də keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib. Bununla da belə qənaətə gəlmək olar ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək bələdiyyə seçkisi 2025-ci ilə təsadüf edəcək”.

“Heç kim müvafiq qurumları ittiham edə bilməsin ki, onlar xalqın…“

Bir neçə gün əvvəl deputat Zahid Oruc da “pravda.az” saytına açıqlamasında seçkilər haqda MSK-nın açıqlama verməməsini fərqli hüquqi reallıqla izah etmişdi:

“Hazırkı anda söhbət məhz Seçki Məcəlləsinin müəyyənləşdirdiyi situasiyadan gedir. Məcəllənin 211-ci maddəsində qeyd olunur ki, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bu müddətin hesablanması seçki günündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Hansısa ərazilərdəki bələdiyyə vahidində seçkilərin nəticələri tanınmırsa, belə halda məhz əvvəlki dövrdə seçilmiş bələdiyyə öz səlahiyyətlərini saxlayır və növbəti dövrdə bələdiyyə orqanı olaraq tanınır, fəaliyyəti də qanuni sayılır”.

“Mərkəzi Seçki Komissiyası mütləq seçkilərin keçirilməsinə dair həm vaxtı, həm də müvafiq seçki təqvimini elan etməlidir. Onlar müstəqil qurum kimi seçki vaxtını nə vaxt elan edəcəklər, yaxud gecikmə hansı amillərlə bağlıdır, bu barədə nəsə deməyim subyektiv olar. Lakin bunun ətrafında anti-dövlət kampaniyası aparırlar, MSK-nın xalqın hüquqlarını mənimsədiyini, seçkilərin keçirilməsinin istənilmədiyini deyirlər”, – Zahid Oruc deyib.

Foto: Zahid Orucun şəxsi arxivindən
Foto: Zahid Orucun şəxsi arxivindən

Onun sözlərinə görə, bütün bunlar reallığı ifadə etmir, doğru deyil:

Əminəm ki, indiki halda seçki administrasiyası kimi Mərkəzi Seçki Komissiyası bununla bağlı müvafiq qərar verəcək. Zənn edirəm ki, MSK öz subyektiv mövqeyindən, marağından deyil, qanun çərçivəsində məsələni çözəcək”.

İnsan hüquqları komitəsi sədrinin fikrincə, MSK-ya Seçki Məcəlləsi ilə bu səlahiyyətlər verildiyi üçün bələdiyyə seçkiləri dekabrın 23-ü və ya 25-i deyil, bir neçə gün sonra da təyin oluna bilər, hazırda indiki bələdiyyələr öz səlahiyyətlərini saxlayıb:

Yəni xalqın təsisçilik hüququ həyata keçir. Bununla bərabər yenə də əsas götürməliyik ki, bələdiyyələrin səlahiyyətləri yeni formalaşıb, səlahiyyətlərinə başladığı gün bitir. Burada bir fasiləsizlik mövcuddur ki, deyilən vakuum baş verməsin. Düşünürəm, qarşıdakı dövrdə daha dəqiq hüquqi normativlər yaradılması, bütün şəraitin tənzimlənməsi mümkündür ki, mühüm qlobal tədbirlər amili olarsa, şərti olaraq seçkilərin vaxtının irəli və ya geri şəkilməsi məsələləri orada əksini tapa bilsin. Heç kim müvafiq qurumları ittiham edə bilməsin ki, onlar xalqın və ya dövlətin adından öz mülahizələri ilə hansısa günü seçki günü kimi elan ediblər”.

“Bələdiyyə institutunun özünün legitimliyi, statusu mübahisə yaradacaq“

“Hüquq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Hafiz Həsənov Meydan TV-nin sorğusuna cavabında seçkilərin elan olunmamasını Seçki Məcəlləsinin pozuntusu kimi dəyərləndirib:

Hafiz Həsənov. Mənbə: “Facebook”

“Bundan əlavə, “Bələdiyyələrin statusu haqda” qanun və Konstitusiya var. Əgər Seçki Məcəlləsinin və digər qanunvericiliyin tələblərinə əməl olunmursa, yəni bələdiyyə seçkilərinin vaxtında keçirilməsi təmin edilmirsə, seçkilərin vaxtı elan açıqlanmırsa, bu, artıq qanun pozuntusudur. Digər tərəfdən, səlahiyyət müddəti başa çatmış bələdiyyələr hansı qanunla fəaliyyət göstərəcək, bu, özü də ciddi hüquqi mübahisə mövzusudur. Əgər bələdiyyələrin səlahiyyət müddəti 5 ildirsə, vaxtları bitəndə hansı səlahiyyətlə fəaliyyət göstərəcək? Belə çıxır ki, 5 il əvvəl seçilən bələdiyyələr fəaliyyət göstərirsə, deməli, onların səlahiyyət və statusu yoxdur, ümumiyyətlə, fəaliyyətləri legitim deyil. Ümumilikdə, bələdiyyə institutunun özünün legitimliyi, statusu mübahisə yaradacaq. Ona görə də bütün hallarda qanuna hörmətlə yanaşıb seçkiləri vaxtında keçirmək lazımdır ki, mübahisə də doğurmasın. Hər halda hər kəs öz vəzifəsini qanunla yerinə yetirməlidir, qanunun tələbi belədir”.

“Bələdiyyələrin indiki tərkibdə yeni seçkilərə qədər fəaliyyətlərini davam etdirməsi hüquqi problem yaratmır”

“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov isə fərqli düşünür. Onun fikrincə, bələdiyyə seçkilərinin təxirə salınması qanun pozuntusu hesab edilə bilməz:

Foto: Mirəli Hüseynovun şəxsi arxivindən

“Ona görə ki, Seçki Məcəlləsi bələdiyyə seçkilərini təyin etmək səlahiyyətini MSK-ya aid edib. Bu, Seçki Məcəlləsinin 213-cü maddəsində aydın şəkildə ifadə edilib. MSK qanunvericiliyin ona verdiyi bu səlahiyyətindən istifadə edərək seçkilərin vaxtında dəyişiklik etməkdə sərbəstdir. Burada sual doğura biləcək məsələ bələdiyyələrin səlahiyyəti ilə bağlı ola bilər ki, qanunvericilik bu məsələni də tənzimləyir. Bələdiyyələrin səlahiyyəti 5 il müəyyən edilsə də, bu müddətin özündə də dəyişiklilyin baş verməsi mümkündür və bu, qanunvericiliyə zidd deyil. Belə ki, Seçki Məcəlləsinin 211.2. maddəsində deyilir ki, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Qanunun bu müddəası indiki bələdiyyə üzvlərinin səlahiyyət müddətinin yeni seçilən bələdiyyərin birinci iclasına kimi davam etməsinə hüquqi zəmin yaradır. Yəni bələdiyyələr indiki tərkibdə yeni seçkilərə qədər fəaliyyətlərini davam etdirə biləcəklər və bu, hər hansı hüquqi problem yaratmır“.

“MSK hesabatlı qurum olmadığından səlahiyyətlərini aşıb”

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə hesab edir ki, MSK-nın bələdiyyə seçkilərini elan etməməsi hüquq və demokratiya prinsipləri baxımından ciddi narahatlıq doğurub:

Çünki seçkilərdə iştirak niyyətində olan partiyalar və müstəqil namizədlər, o cümlədən, müşahidə aparmaq istəyən vətəndaş cəmiyyəti var. Çox təəssüf ki, seçkinin vaxtı ilə bağlı nə qərar, nə də məlumat verilir. Bu mənada MSK-nın zamanında qərar verməməsi ciddi qanun pozuntusu sayılmalıdır“.

Məmməd Məmmədzadə təxmin edir ki, MSK-nın indiki halda qərar verməməsi seçkilərin fevral və ya mart aylarında keçirilməsinə əsas yaradır:

Foto: Məmməd Məmmədzadənin şəxsi arxivindən

Beləliklə, indiki bələdiyyə üzvlərinə əlavə vaxt verilməsi də qanun pozuntusudur. Əslində, onların statusunun uzadılmasına seçici qərar verməlidir, MSK yox. MSK-nın fərdi maraqları nəzərə alması doğru deyil, söhbət COP29-dan gedir. Çünki bu, MSK-nın daşıdığı ciddi öhdəliklərə xələl gətirir. Bu mənada seçkilərin vaxtında elan olunmaması ictimai iştirakçılığı məhdudlaşdırmaq kimi qiymətləndirməkdir. Mən bunu vətəndaşların seçki hüququna hörmətsizlik kimi dəyərləndirirəm. Başqa məsələ MSK-nın hesabatlılığıdır, komissiya hələ də seçkilərin vaxtının açıqlamamasının səbəbini izah etmir. Deməli, MSK hesabatlı deyil“.

Alyans rəhbəri MSK-nın Konstitusiyanın 56-cı maddəsinin və Seçki Məcəlləsində vətəndaşların seçmək və seçilmək hüququ tələblərinə hörmət etmədiyini düşünür:

İndiki halda vətəndaşların təməl hüququ olan seçmək və seçilmək hüququnun pozulması ciddi qanun pozuntusudur. Həmçinin, vətəndaşların ictimai iştirakçılıq hüquqları pozulur. Təəssüf ki, Konstitusiya və Seçki Məcəlləsində seçkilərin hansı hallarda təxirə salınması barədə detallı müddəalar yoxdur. İstisnalar olmadığından bələdiyyə seçkiləri də vaxtında keçirilməliydi. Bu halda ciddi qanun pozuntusu kimi qiymətləndirilməlidir. Deputat Zahid Orucun dediklərinə gəlincə, MSK müstəqil qurum olsa da, heç bir halda bələdiyyə seçkilərinin vaxtının uzadılması səlahiyyətinə malik deyil. Komissiya seçkilərin vaxtını təyin etməlidir, kimlərin vaxtının uzadılması, yaxud kimlərə səs vermək səlahiyyətinə seçicilər malikdir. Ona görə MSK sui-istifadəyə yol verib və səlahiyyətlərini aşıb“.

Azərbaycanda bələdiyyə seçkilərinin qısa xronikası

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib və ən çox bələdiyyə üzvü Yeni Azərbaycan Partiyasından olub.

Həmin il ölkədə 2700 bələdiyyə yaradılsa da, sonradan kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirildi.

Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib.

Seçkilər nəticəsində Azərbaycanda 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilib.

Yanvarın 18-də Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında hakim Yeni Azərbaycan Partiyası üzvü Siyavuş Novruzov seçkilərin 2024-cü ilin dekabr ayında keçiriləcəyini bildirmişdi.

O, həmçinin bələdiyyələrin saylarının nəzərdən keçirilməli olduğunu da söyləmişdi.

Fevralın 1-də isə Siyavuş Novruzov müsahibəsində bələdiyyələrin saylarının azaldılmalı olduğunu, bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsinin vacibliyini və namizədlik üçün lazım olan sənədlərin azaldılmasının bildirmişdi.

Fevral ayının sonunda Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” Qanun layihəsi daxil olub.

Oktyabrın 18-də Milli Məclis “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Milli Məclis 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib.
Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2011, 2014 və 2019-cu illəri əhatə edir.

Ana səhifəSiyasətBələdiyyə seçkilərinin vaxtı bəlli deyil: MSK səlahiyyətini aşır?