Zabаrоnа
onun kim olduğu və “Belarus ev”i barədə danışır
Belarus müxalifətinin fəalı Vitali Şişov avqustun 3-ü səhər Kiyevdə asılmış vəziyyətdə tapılıb. Hadisədən bir gün əvvəl mübarizə yoldaşları Şişovun qaçışa getdiyini və yoxa çıxdığını bəyan ediblər. O, “Ukraynada Belarus evi”nə rəhbərlik edib. Bu təşkilat Belarus qaçqınlarına kömək edir. UBE-ni Belarusdan olan ultrasağçı fəalın adı ilə bağlayırlar. “Zaborona” hadisə barədə məlum olanları və ehtimal olunan qətlin versiyaları barədə danışır.
Yoxa çıxma və aşkarlanma
“Ukraynada Belarus evi”nin teleqram-kanalı avqustun 2-si Vitali Şişovun itməsi barədə xəbər yayıb. Kanalın müəlliflərinin dediyinə görə, o, səhər tezdən idman paltarında gündəlik qaçışa çıxıb və geri qayıtmayıb. Bundan əlavə, onların yazdığına görə, kimsə Vitalinin nömrəsindən bir neçə “kar” zəng edib. Bu zənglər telefon qülləsinin siqnalı müəyyən yerdə və ya müəyyən vaxtda tutması üçün edilir. Həmin zənglərdən sonra həmin telefondan bir daha zəng gəlməyib.
Şişkovun mübarizə yoldaşları onu, adətən, qaçdığı meşədə axtarıblar, lakin tapa bilməyiblər. Daha sonra axtarışlara polislər və könüllülər qoşulub. Avqustun 3-ü səhər UBE-də Şişovun ölü vəziyyətdə tapılması barədə xəbər veriblər. İlk baxışda hər şey intihar kimi görünüb: o, sanki özünü evinin yaxınlığındakı ağacdan asıb. Hadisə yerində Vitalinin telefonu və şəxsi əşyaları tapılıb.
Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko brifinq zamanı deyib ki, Şişovun asıldığı ilmə yerdən 3 metr 8 santimetr hündürlükdə olub. Vitalinin boyu isə 1,85 metrdir. Meyitin yanında 50 və 60 sm hündürlükdə iki odun parçası aşkarlanıb. Amma hətta bu odun parçalarının hündürlüyü ilə Şişovun boyu birlikdə cəmi 2 metr 95 santimetr edir. Odun parçalarının birinin üzərində naməlum iz var. Polis bu səbəbdən bütün versiyaları, o cümlədən intiharla ört-basdır edilmiş versiyanı yoxlayır. Polisin məlumatına görə, Şişov izlənmə səbəbi ilə onlara müraciət etməyib.
Vitali Şişov kimdir?
Onun haqqında az şey məlumdur. UBE-də Vitalinin təşkilatın yaradıcılarından biri olduğunu söyləyirlər. Şişov 2020-ci ilin payızında Belarusda Lukaşenko rejiminə qarşı etirazlarda fəal iştirak edəndən sonra Ukraynaya köçüb. O, elə həmin ilin dekabrında ictimai təşkilatın həmtəsisçisi olub. Şişov Belarus müxalifətinin parlaq nümayəndəsi olmayıb, bununla belə, izlənmə riskindən ehtiyatlanaraq sevgilisi ilə birgə Ukraynaya gedib.
“Belarus evi”nin rəsmi rəhbərləri Vitali Şişov və Rodion Batulin olub. UBE-də Vitalinin Ukraynaya köçən, Lukaşenko rejiminə qarşı aksiyalar keçirən adamlara kömək etdiyini və qanun layihələrini irəli sürdüyünü və Ukraynada diaspora yaratdığını deyirlər. NEXTA teleqram-kanalında həmçinin Şişovun bu ilin iyun ayında öz şəxsi teleqram-kanalı yaratdığını və həmin kanalda Belarus güc strukturları barədə yazdığını təsdiqləyirlər.
Vitalinin mübarizə yoldaşları onun son zamanlar izləndiyini söyləyirlər – polis də Şişovu bu barədə xəbərdar edib.
“Həm yerli mənbələr, həm də Belarusdakı adamlarımız bizi dəfələrlə mümkün provokasiya, hətta oğurlanma və aradan götürülmə halları ilə bağlı xəbərdar ediblər. Vitali bu xəbərdarlıqlara səbrlə və yumorla yanaşır və deyirdi ki, UBE bəlkə bu yolla infovakumdan çıxa bilər”, – təşkilatın bəyanatında yazılır.
UBE-nin iştirakçısı Yuri Şçuçko “Zaborona” ilə söhbətində təşkilat üzvlərinin Belarus xüsusi xidmətinin fəlları cəzalandırmaq niyyəti barədə informasiya aldıqlarını söyləyir. Onlar guya bu məqsədlə Ukraynaya gəlməli idilər. Odur ki, UBE-də Şişovun Belarus xüsusi xidmətinin göstərişi ilə qətlə yetirildiyindən əmindirlər. Şçuçko mübarizə yoldaşının heç kəslə münaqişədə olmadığını və bu səbəbdən təsəvvüründə başqa versiya canlandıra bilmədiyini söyləyir.
“Ukrayna Təhlükəsizlik Xidmətindən bu cür məlumat (Belarus xüsusi xidmətinin niyyəti barədə) almışıq. Onlar bizim ehtiyatlı davranmağımızı söyləyirdilər, belə ki burda Belarus DTK agent şəbəkəsi fəaliyyətdədir. Vitali məndən yaxınlarının qayğısına qalmağı xahiş etdi. Sanki ürəyinə nəsə dammışdı”, – Şçuçko deyir.
UBE, Korotkix və Batulin
Ötən ilin noyabrında Belarus və Rusiya neonasisti Sergey Korotkix (onun iki ləqəbi var – “Bosman” və “Malyuta”) Belarus səfirliyinin yanında etiraz qurbanlarına heykəl qoyub. Bu, “Ukraynada Belarus Evi”nin iştirakçılarının gəldiyi ilk ictimai aksiya olub. UBE-ni elə həmin vaxtdan Bosmanın adı ilə bağlayırlar. O özü bunu ictimailəşdirməyib, hərçənd həmişə onların aksiyalarına gedib və UBE-nin yazılarını öz teleqram-kanalında yayıb. Bosman Şişovun ölümündən sonra “yoldaşının və silahdaşının qətlə yetirildiyini” yazıb və bu hadisədə “Lukaşenko rejimi”ni günahlandırıb.
UBE-də Bosmanla əlaqəli olmadıqlarını söyləyirlər. Lakin “Zaborona”nın mənbələri təsdiqləyirlər: Şişovun müavini Rodion Batulin şəxsi söhbətlərdə Bosmanın tez-tez təşkilata “kömək etdiyini” və onların münasibətlərinin əla olduğunu gizlətməyib.
Rodion Batulin təkcə UBE-də deyil, həm də Bosmanın əhatəsində parlaq fiqurdur. O, 2019-cu ildə seçkiöncəsi kampaniyada Pyotr Poroşenkoya qarşı fəal iştirak edib, iyulun 25-də isə “Nasdrujina”nın sağ radikal qruplaşmasının iştirakçıları ilə birgə sabiq prezidentin mühafizəçilərinə hücum edib. KİV-də irəli sürülən versiyaya görə, həmin hücumu o dövrdəki daxili işlər naziri Arsen Avakov “sifariş edib” və guya bu hərəkəti ilə yeni prezident Vladimir Zelenskiyə öz gücünü nümayiş etdirmək istəyib. Korotkixsə Avakovla dostluq edib və 2015-2018-ci illərdə DİN-in tərkibində xüsusi mühafizə şöbəsinin rəisi işləyib.
Batulini eyni zamanda Sergey Korotkixlə münaqişəyə girən ultrasağ “Qonor” təşkilatının iştirakçılarına hücum edənlərin sırasında seziblər. “Qonor” 2019-cu ildə paytaxtdakı Protasov Yaruda inşaatçılarla münaqişə zamanı Bosmanla dalaşıb. Həmin vaxt “Qonor” yerli sakinləri dəstəkləməyə gəlib, Bosmanın “Fokstrot 13” mühafizə xidməti isə inşaat sahibini mühafizə edib. 2021-ci il iyunun 21-i bir neçə şəxs “Qonor”un iştirakçılarına hücum edib. Teleqram-kanalda yayılmış videoda Rodion Batulini də görmək olar – onun əynində göy rəngli idman köynəyi var.
Batulin də “Ukraynada Belarus Evi” kimi Belarus anarxisti Aleksey Bolenkovun deportasiyası zamanı onun əleyhinə çıxış edib. Sonra Rodionu REYVAX reyvi formatında keçirilən LGBT-prayda qarşı əks-aksiyada “Ənənə və nizam” və “Milli müqavimət” sağ radikal təşkilatlarının arasında görüblər. “Ənənə və nizam” və “Milli müqavimət”i həmçinin Bosmanla əlaqələndirirlər.
“Milli siyasət institutu”nun rəhbəri İvan Beleski dəfələrlə Korotkixin Ukraynada sağ radikal təşkilatları ilə əlaqəsi olduğuna işarə edib. “Zaborona” bu barədə ətraflı yazıb. 2020-ci ilin sonunda dosye dərc olunmazdan əvvəl Beleskini oğurlayıb və amansızcasına döyüblər. O, “Zaborona”ya danışıb ki, ilk oğurluqdan sonra fevralın 9-da yenidən oğurlanıb. Həmin işgəncəyə məruz qalıb: huşu gedənədək boğublar, yastıqla döyüblər və tələb ediblər ki, Bosmana və onun adamlarına qarşı dərc etdiyi materiallara görə üzr istəsin, bundan belə həmin mövzunu bir daha işıqlandırmasın. Beleski hesab edir ki, “Ukraynada Belarus evi”ndə belarusları Korotkixin maraqları çərçivəsində reyder basqınları və kriminal fəaliyyət üçün cəlb ediblər.
Hadisənin Bosmanla nə əlaqəsi var
Zaborona Sergey Korotkixlə əlaqə saxlayıb. O deyib ki, “Belarus evi” yaranandan həqiqətən də ona daima kömək edib. Söylədiyinə görə, Vitaliyə isə Ukraynada oturum izni almaqda yardımçı olub.
Bu, Korotkixin çevrəsində baş vermiş ilk müəmmalı ölüm hadisəsi deyil. 2015-ci ildə Yaroslav Babiç qəfil “intihar” edib. O, Bosmanın xidmət etdiyi “Azov” alayının həmtəsisçisi və baş hüquqşunası olub. Babiçi 2015-ci ilin iyul ayında öz mənzilində asılmış vəziyyətdə tapıblar – istintaq hər şeyi bədbəxt hadisənin ayağına yazıb, lakin arvadı Larisa ərinin öldürüldüyündən əmindir. Larisa Babiçin dediyinə görə, qətlə səbəb “Azov” rəhbərliyində maliyyə münaqişəsi olub. Qadın bu hadisənin arxasında Bosmanın dayandığından əmindir. Polis şöbəsində Korotkixin məlum qətllə əlaqəsini araşdırmayıblar.
2016-cı ilin iyulunda jurnalist Pavl Şeremetin idarə etdiyi avtomobil Kiyevin mərkəzində partlayıb. Şeremet qətldən əvvəlki gecə millətçilərin gələcək aksiyasını müzakirə etmək üçün “Azov” könüllü alayının nümayəndələri ilə görüşüb. Onların arasında həmin vaxt deputat olan Andrey Beleski, həmçinin Sergey Korotkix olub.
Korotkix “Zaborona”ya şərhində söyləyib ki, onun Şişovun qətlində əli olması versiyası “sol qrantyeyən kontorlar”a əlverişlidir.
“Onu niyə qətlə yetirsinlər ki? Axı hansısa səbəb olmalıdır. Bu, mənə nə verərdi? – o deyir. – Lukaşenko ona təhlükə olanlarla mübarizə aparır. Onun səbəbi var. Mənim guya Lukaşenkonun adepti olduğumu söyləmək ağılsızlıqdır. Mən öz mövqeyimi həmişə səsləndirmişəm və heç bir güzəştə getmədən səsləndirməkdə davam edirəm. Lukaşenkonun yeri Belarus xalqına qarşı ittiham tribunalındadır”.
“Bellingcat”in araşdırmaçısı Xristo Qrozev bəyan edib ki, Şişovun qətli ilə bağlı istintaqla məşğul olacaq. Onun dediyinə görə, Ukraynadakı Belarus fəalçıları arasında Rusiya FTX-nin agentləri var.