Gənc fəal işgəncəyə məruz qaldığını, sülhpərvər olduğu üçün şərləndiyini deyir
Xarici mediada Azərbaycandakı idarəçiliklə bağlı tənqidi məqalələrin müəllifi, iki gün əvvəl saxlanılan gənc politoloq Bəhruz Səmədov haqqında həbs qərarı verilib.
Avqustun 23-də Səbail Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bəhruz Səmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır.
Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq haqda ittihamın absurd olduğunu deyən Bəhruz Səmədov saxlanılarkən və daha sonra işgəncəyə məruz qaldığını da məhkəmədə vurğulayıb.
Vəkili onun istintaq dövründə həbsdə saxlanması üçün əsas olmadığını bildirib.
Lakin hakim onun həbsi üçün verilən təqdimatı təmin edib və gənc fəal haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsinə qərar verilib.
Həmçinin onun işgəncə şikayətinin araşdırılması üçün prokurorluğa məktub göndəriləcək.
Bəhruz Səmədovun vəkili Zibeydə Sadıqova Səbail Rayon Məhkəməsinin həbs qərarından apelyasiya şikayəti verəcəyini deyib.
Bəhruz Səmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Bəhruz Səmədov avqustun 21-də günorta saat 16.00 radələrində saxlanılıb.
Nənəsi Zibeydə Osmanova bildirib ki, saat 16.00-17.00 arası yaşadıqları evə 6-7 nəfər mülki geyimli şəxs gəlib. Onlar özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim ediblər. Deyiblər ki, evdə axtarış aparmalıdılar.
Nənəsi deyir ki, Bəhruz Səmədov evdən təxminən yarım saat əvvəl çıxmışdı. O, dostu ilə görüşməyə getdiyini demişdi:
“Gələnlər dedilər ki, guya narkotik məsələsi var, bununla əlaqədar axtarış aparacaqlar. Amma Bəhruzu gətirməmişdilər. Əlbəttə ki, evdən narkotik tapmadılar. Bizim evdə narkotik ola bilməz. Amma Bəhruzun kompüterlərini, telefon, Bəhruza aid nə sənəd varsa, apardılar”.
Nənəsinin bildirdiyinə görə, götürülən sənədlər arasında Bəhruz Səmədovun pasportu, Azərbaycanda və xaricdə təhsil aldığı universitetlərin diplomları və s. materiallar olub.
Zibeydə Osmanova nəvəsinin elmi araşdırmalarla məşğul olduğunu, istər narkotik, dövlətə xəyanət, istərsə də başqa cinayət xarakterli işlərdən uzaq olduğunu deyir.
Bəhruz Səmədov Çexiyada Karlov Universitetində doktoranturada oxuyurdu. O, təxminən bir ay əvvəl tətilə gəlmişdi və bugünlərdə geri qayıtmalı idi.
Bəhruz Səmədov Azərbaycanda müharibə əleyhinə olan gənc fəallardan biridir.