Bədən üzvlərinin amputasiyasına səbəb olan toksik şok sindromu

Foto: https://duck.show/

Həkim xəbərdarlığı: “Gigiyenik vasitələr alarkən keyfiyyət göstəricilərinə diqqət edin”

Amerikalı model Loren Vasser dünyada “qızıl ayaqlı model” ləqəbi ilə tanınır. O, ayaqlarını 2012-ci ilin noyabrında 24 yaşındaykən itirib.

Model qadın gigiyenik vasitələrindən istifadə zamanı qızılı stafilokokk infeksiyasına yoluxub, nəticədə hər iki ayağı amputasiya olunub.

Aylarla xəstəxanada yatan model özündə güc taparaq, normal həyata qayıdıb.

İndi o, modellik karyerası ilə yanaşı, qadınların maarifləndirilməsi istiqamətində tədbirlər təşkil edir.

Loren bununla bağlı “İnstagram” səhifəsində daim məlumatlar paylaşır.

O, Konqres üzvü Kerolin Melouni ilə birlikdə parlament tərəfindən qadın gigiyena vasitələri istehsalçılarını qablaşdırmada dəqiq tərkibi yazmağa məcbur edən qanun layihəsinin qəbuluna çalışır.

Foto: https://duck.show/

Model tampon, gigiyenik bezlərin istehsalçılarını dioksin, sintetik liflər, kimyəvi ətirlər və digər zərərli maddələrdən istifadəni dayandırmağa çağırır.

Modelin istəyi, qadın gigiyena məhsullarını istehsal edən şirkətlərin siqaretlərin üzərindəki kimi bütün mümkün risklər haqqında yazmasıdır.

Dərinin soyulmasına, saç tökülməsinə, bədən üzvlərinin – əl-ayaq – amputasiyasına və hətta ən pis hallarda ölümə səbəb ola bilən “toksik şok” sindromu adlı qorxunc bakterial infeksiya haqqında mediada çoxlu dəhşətli hekayələrə rast gəlinir.

Mikrobioloq Samir Cavadov Meydan TV -yə deyir ki, qızılı stafilokokk infeksiyası “Staphylococcus” və ya “Streptococcus” (A qrupu streptokoklar) tərəfindən törədilir.

Uşaqlar və kişilərlə yanaşı, daha çox gənc qadınlarda rast gəlinir: “Qadınlarda menstruasiya vaxtı tampon istifadəsi zamanı olur. Bu sindroma rast gəlinməsi 100 min əhalidə 1-5 nəfərdir. Ölüm faizi əvvəllər daha çox 5-6 idi. Hazırda azalıb, 3-4 faiz arasında dəyişir. Onu da deyim ki, normal halda dəridə, ağız və burun boşluğunda qızılı stafilokokk infeksiyası rast gəlinir, amma aktiv olmur. Həmin yerlərdə zədələnmə olduğu zaman dəridə olan mikroflora ora qarışır, nəticədə infeksiya yaranmış olur. Bu xəstəliyin törədəcisi birbaşa həmin bakteriyanın törədicisi deyil, toksinlərdir”.

Həkim-ginekoloq Təranə Həsənova Meydan TV-yə deyir ki, paltarlarda olduğu kimi qadın gigiyenik vasitələrinin də keyfiyyəti məsələsi vacibdir: “Qadın gigiyenik vasitələrini alarkən hökmən keyfiyyət göstəricisinə diqqət etmək lazımdır. Bu məhsulların hazırlanmasında nələrdən istifadə edilib, ona baxılmalıdır. Bu, çox ciddi məsələdir, ehtiyatlı olmaq vacibdir. Qadınlarda ginekoloji, iltihabi xəstəliklərin əsasını istər gündəlik, istərsə də menstrual bezlər qoyur. Daha doğrusu, bu vasitələrin dörd saatdan artıq istifadəsi yaradır”.

Həkimin sözlərinə görə, bir çox pasientlər nəinki “toksik şok” sindromu, digər təhlükəli virus və bakteriyalardan xəbərsizdirlər: “Qadınlar bu məsələdə mütləq maariflənməlidir. Maraq xatirinə bir çox pasientdən soruşmuşam, təəssüf ki, aldığım cavablar ürəkaçan olmayıb. Halbuki istifadə edilən məhsul maksimum dörd saatdan bir dəyişdirilməlidir. Belə olmadıqda, qızılı stafilokok, yaxud streptokok infeksiyaları və ya bağırsaq çöpləri, digər bakteriyalar üçün münbit şərait yaradır. Bir daha qadına tövsiyə edirəm ki, bu məhsulları seçərkən maksimum diqqətli olsun. Həmçinin məhsulun orqanizmə nə qədər müddət qulluq edəcəyinə mütləq fikir versinlər”.

“Toksik şok” sindromu 1990-cı illərin əvvəllərində Böyük Britaniyada pik həddə çatıb.

Təxminən 40 hadisə, iki və ya üç ölümlə nəticələnib.

ABŞ-da toksik şok sindromu 38 qadının həyatına son qoyub.

2002-ci ildə Kaliforniyada 8 qadın həyatını itirib.

Ana səhifəSağlıqBədən üzvlərinin amputasiyasına səbəb olan toksik şok sindromu