BDU-da tələbələrin YAP-ın təbliğatına cəlb olunduğu bildirilir

Foto:: Meydan TV

Ekspert: “Təhsil müəssisəsində siyasi fəaliyyət qadağandır”

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatında (TGT) təmsil olunan bir qrup tələbənin “WhatsApp” üzərindən gizli qrup açaraq növbədənkənar Prezident seçkisi barədə tərəfli təbliğat apardığı bildirilir.

Bununla bağlı məlumatı Tələbə Güc Mərkəzi yayıb.

Mərkəzin bildirdiyinə görə, tələbələr onlara qrupun gizli saxlanılması barədə tapşırıq verildiyini deyiblər.

Mərkəz həmçinin Tələbə Gənclər Təşkilatı tərəfindən yaradılan qrupun skrinşotlarını (“screenshot”: ekran görüntüləri) da paylaşıb.

Skrinşotlarda tələbələrə fevralın 7-də növbədənkınar seçkidə iştirak edəcək hakim partiya ilə bağlı paylaşımları bəyənərək şərh yazmaq tapşırılıb.

“Təhsil siyasət aləti deyil. BDU başda olmaqla bu hal yaşanan universitet rəhbərliklərindən məsələnin araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirik”, – Tələbə Güc Mərkəzinin açıqlamasında deyilir.

Adının açıqlanmasını istəməyən BDU-nun Tələbə Gənclər Təşkilatının üzvü Meydan TV-yə məsələdən xəbərsiz olduqlarını deyib.

Foto: Screenshot

“Bizim bu barədə heç bir xəbərimiz yoxdur. Situasiyanı da şərh etmək istəmirik. Paylaşımlardan xəbərimiz yoxdur, ilk dəfə sizdən eşidirik”, – o qeyd edib.

Bakı Dövlət Universiteti tələbələrin təbliğata cəlb edilməsi ilə bağlı xəbərə reaksiya verib.

“BDU-nun tələbə gənclər təşkilatının bir qrup üzvünün Prezident seçkiləri ilə bağlı tərəfli təbliğat aparmasına dair fikirlər yanlış və əsassızdır və qrup yaradılması ilə bağlı fikirlər həqiqəti əks etdirmir”, – deyə universitetdən Meydan TV-yə deyilib.

Elm və Təhsil Nazirliyinindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə deyir ki, təhsil müəssisələrində siyasi təbliğat  “Təhsil haqqında”  Qanunun 14.9-cu maddəsinin pozulması deməkdir:

“Qanunda birbaşa yazılıb ki, təhsil müəssisələrində siyasi fəaliyyət qadağandır. Bunların heç birinə məhəl qoymurlar. Bakıda hər hansı bir məktəbə getsəniz, YAP-ın (Yeni Azərbaycan Partiyası) orada təşkilatının olduğunu görəcəksiniz. Bunlar üçün qanun yoxdur, əsas göstərişdir. Daha öncə də dediyim kimi, məktəb artıq təhsillə deyil, siyasətlə məşğuldur. Təhsil siyasətə qoşulub. Nə qədər ki məktəblərdə seçki qutusu var, orada təhsil olmayacaq. Elm və Təhsil Nazirliyinin hünəri çatarmı bunun qarşısını alsın?! Əksinə, nazirliyə göstəriş verirlər ki, get, bunu təşkil et”.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad MusayevFuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, Müsavat Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçki də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSiyasətBDU-da tələbələrin YAP-ın təbliğatına cəlb olunduğu bildirilir