“SABAH” qruplarına qəbul Qarabağ Universitetində aparılacaq
Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq fakültəsi üzrə SABAH qruplarının ləğv olunduğu bildirilir.
BDU-dan bildirilib ki, yeni təhsil ilindən “SABAH” qruplarına qəbul Qarabağ Universitetində aparılacaq.
“Parçanın kənarından kəsib ortasına yamayırlar ki, gözəl görünsün”
Bakı Dövlət Universitetinin müəllimi, III Respublika Platformasının Qurucu Heyətinin üzvü Araz Əliyev atılan addımın doğru olmadığını deyir:
“Sırf Qarabağ Universiteti üçün BDU-nun hüquq fakültəsində illərdir ki, tətbiq olunan və oturuşmuş “SABAH” qrupları sistemi ləğv edilir. “SABAH” qrupları yüksək nəticə göstərən tələbələrin toplandığı və ingiliscə tədrisin keçirildiyi yerdir. Belə desək, tələbələr üçün daha prestijli, daha elit, keyfiyyətli bir sistemdir. Ən azından reallığa nəzərən şükürlü sistemdir. Bundan sonra “SABAH” qruplarında oxumaq istəyənlər də gedəcəklər Qarabağ Universitetinə. İnanırlar ki, belə etsələr, Qarabağ Universitetini bir ilin içində ölkənin ən güclü universitetinə çevirə biləcəklər. Lakin bunu edərkən BDU-dakı təhsilin necə olacağını düşünmürlər. Parçanın kənarından kəsib ortasına yamayırlar ki, gözəl görünsün”.
“”SABAH” qrupları BDU-da da olsun, Qarabağ Universitetində də. Bunun nə ziyanı var?”
“Qarabağda yaxşı universitet qurmaq istəyirsiniz, lap yaxşı edirsiniz. Amma bu “inkişafı” başqa universitetləri kor etmək, onlardan tələbə, işlək sistem oğurlamaq xətrinə etməyin. “SABAH” qrupları BDU-da da olsun, Qarabağ Universitetində də. Bunun nə ziyanı var? Onsuz da qazanan Azərbaycan təhsili deyilmi? Bu yanaşma ilə BDU tələbələrinin təqaüdündən kəsib verək Qarabağ Universitetinin tələbələrinə. Belə məntiqsizlik olmur”, – deyə o bildirib.
“SABAH” qrupları 2014-2015-ci tədris ilində keçmiş təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə yaradılıb.
Yaradılmasında məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır.