Repçi Elşad Xose 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Azadlıq Radiosunun məlumatına görə, Elşad Xose vurğulayıb ki, yanvarın 3-ü polislər tərəfindən evindən Yasamal rayonu üzrə 27-ci polis şöbəsinə aparılıb. Polis şöbəsində isə iddia edilib ki, həmin gün repçi Nizami metrosu yaxınlığında küçədə təhqiredici ifadələr səsləndirib. Polis əməkdaşları bildirib ki, onu qaydaya dəvət etsələr də, Elşad Xosenin davranışı dəyişməyib. Nəticədə o, saxlanılaraq polis şöbəsinə aparılıb.
Şöbədə repçinin haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə inzibati cəza tətbiq edilib.
47 yaşlı repçi polis şöbəsindən də məhkəməyə aparılıb və haqqında 15 sutka inzibati həbs qərarı çıxarılıb.
Yanvarın 7-də Elşad Xosenin həbsdən azad olunması üçün Apellyasiya Məhkəməsinə verdiyi şikayətə baxılıb. O, məhkəmədə sosial şəbəkədə işlətdiyi ifadəyə görə də peşmanlığını dilə gətirib. Deyib ki, cəzalandırılmasına səbəb olan videonu “vine” xarakterli çəkmişdi.
Bildirib ki, haqqındakı qərarla razı deyil. Çünki nə xuliqanlıq edib, nə də polisə müqavimət göstərib. Repçi ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edərək azad olunmasını tələb edib.
Məhkəmə şikayəti təmin etməyib.
Elşad Xose bir neçə gün öncə Bayırşəhərin sökülməsi ilə bağlı tənqidi video çəkmişdi. O, videoda Bakıda aparılan söküntülərə etiraz etmişdi.