Bayden oğlunu əfv edib

Co Bayden. Foto: Reuters

“Ümid edirəm, amerikalılar məni başa düşəcəklər”

ABŞ Prezidenti Co Bayden silah cinayətlərində və vergi pozuntularında ittiham olunan oğlu Hanter Baydeni əfv edib.

Ağ Evin yaydığı rəsmi bəyanatda bildirilir ki, əfv fərmanı bazar günü, dekabrın 1-də imzalanıb.

Bununla da Bayden oğlunu federal silah və vergi qanunları pozuntusu ilə əlaqədar mümkün həbs cəzasından qurtarıb.

Co Bayden bəyanatda bildirib ki, oğluna qarşı təqib siyasi motivli olub və sübuta yetirilməyib.

“Mən oğlumun ədalətsiz şəkildə necə təqib edildiyini görsəm də, sözümü tutdum. Hanterin işində ağırlaşdırıcı səbəblər yoxdur. İnsanlar silah almaq üçün ərizəni səhv doldurduqlarına görə, demək olar ki, heç vaxt məhkəməyə verilmirlər. Ciddi bir asılılıq səbəbi ilə vergilərindən geri qalan, lakin sonradan onları faiz və cərimələrlə ödəyənlər, adətən, qeyri-cinayət hökmü alırlar. Aydındır ki, Hunterlə fərqli rəftar edilirdi”, – bəyanatda deyilir.

Ağ Evin hazırkı rəhbəri vurğulayıb ki, ittihamlar yalnız Konqresdəki bir neçə siyasi opponentin ona “hücum etmək və seçilməsinə qarşı çıxmasından” sonra irəli sürülüb:

“Mən ədalət sisteminə inanıram. Eyni zamanda, pis siyasətin prosesə sirayət etdiyinə və ədalətin pozulmasına səbəb olduğuna da inanıram. Ümid edirəm ki, amerikalılar ata və Prezidentin niyə bu qərara gəldiklərini başa düşəcəklər”.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Hanter Baydenin əfv edilməsini ədliyyə sisteminin sui-istifadəsi və səhvi adlandırıb.

Hanter Baydenlə bağlı təhqiqat 2018-ci ildə başlayıb.

Onun narkotik vasitələr istifadəçisi olduğu və odlu silah alarkən bunu gizlətdiyi iddia olunub.

O, daha sonra vergidən yayınmaqda və saxta vergi bəyannaməsi verməkdə ittiham olunub.

2023-cü ilin yayında Hanter Bayden ABŞ-nin Ədliyyə Departamenti ilə sövdələşmə imzalayıb.

Razılığa əsasən, vergi cinayətlərində günahını etiraf etməsi qarşılığında, qanunsuz silah saxlama ittihamı ləğv ediləcəkdi. Lakin məhkəmə sövdələşməni təsdiq etməyib.

2024-cü ildə Hanter Bayden qanunsuz olaraq silah almaqda təqsirli bilinib.

2024-cü ilin sentyabrında Hanter Bayden vergi cinayətlərində günahını etiraf edib.

İş üzrə hökm 2024-cü il dekabrın 16-na təyin edilib. Silah alqı-satqısı işində münsiflər heyətinin hökmündən sonra 120 gün ərzində hökm çıxarılması tələb olunurdu.

Hanter Bayden 25 ilə qədər həbs oluna bilərdi.

2024-cü ilin iyunda Co Bayden “ABC News”-a müsahibəsində oğlu Hanteri əfv etməyəcəyini bildirmişdi. İstənilən məhkəmə hökmünü qəbul edəcəyini söyləmişdi.

Ağ Evin mətbuat katibi Karin Ian Pyer də jurnalistlərin suallarını cavablandırarkən dəfələrlə Baydenin oğlunu əfv etməyəcəyini demişdi.

Ana səhifəDünyaBayden oğlunu əfv edib