Bayden İlham Əliyevə çağırış edib

İlham Əliyev və Co Bayden. Mənbə: Reuters

“Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”

ABŞ Prezidenti Cozef Bayden Azərbaycanın Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Cozef Bayden Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində davamlı tərəqqidən məmnun olduğunu bildirib:

“Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə, nəhayət, son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır“.

“Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”, – deyə Bayden əlavə edib.

ABŞ dövlət başçısı daha sonra yazıb ki, onun administrasiyası sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır:

Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair sizin mövqeyinizi öyrənəcək. Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız”.

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan ötən həftə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində ad çəkmədən, bəzi dövlətlərin sülh danışıqlarında vəziyyətin dəyişməsini istəmədiyini bildirib:

Ermənistana, bəlkə də, Azərbaycana düşmən münasibət bəsləyən dövlətlər vəziyyətin dəyişməməsini istəyir”.

O, Ermənistanın sülhün bərqərar olması gündəliyi ilə irəlilədiyini bir daha təkrar edib bildirib ki, Bakı və Yerevan prosesin dalana dirənməsinə imkan verməməlidir.

Ancaq Simonyan Yerevanın güzəştə getməsi haqda suala cavab verib ki, Ermənistan beynəlxalq hüququn və öz suverenliyinin sərhəddinə çatıb və onun kənarında dayanıb və artıq güzəştə yer qalmayıb.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətBayden İlham Əliyevə çağırış edib