ABŞ Prezidenti sanksiyaların sərtləşdirilə biləcəyini deyir
“Novaya qazeta”nın materialı əsasında
ABŞ Rusiya elitasına, onların ailələrinə, banklara və dövlət borcuna sanksiya tətbiq edəcək.
Bunu ABŞ Prezidenti Co Bayden deyib.
Bayden bildirib ki, sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıması ilə bağlı tətbiq olunacaq.
Baydenin çıxışı ABŞ Dövlət Departamentinin kanalında yayımlanıb.
O bildirib ki, məhdudiyyətlər Rusiyanın suveren borcuna, elitasına və onların ailələrinə, İnkişaf və Xarici İqtisadi Fəaliyyət Bankına və “Rusiya hərbçilərinin bankı”na (Bayden nəyi nəzərdə tutduğunu açıqlamayıb – red.) aid olacaq.
Daha sonra CNN-nin jurnalisti Nataşa bertrand adı çəkilməyən məmura istinadən dəqiqləşdirib ki, söhbət “Sənaye Rabitə Bankı”ndan gedir.
Bayden qeyd edib ki, Birləşmiş Ştatlar İXİFB-na qarşı sanksiyanı fevralın 22-si, Rusiya elitasına qaeşı sanksiyanı isə fevralın 23-ü tətbiq edəcək.
Daha sonra ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiyalar İXİFB, Sənaye Rabitə Bankı, İXİFB-nin nəzarətində olan Ordu Mərkəzi İdman Klubuna da tətbiq olunacaq.
Dövlət borcuna münasibətdə məhdudiyyətlər martın 1-dən sonra buraxılmış federal istiqraz vərəqəsinin ikinci bazarda alverinin qadağasına aiddir.
ABŞ Maliyyə Nazirliyi həmçinin rusiyalı məmurlar Denis Bortnikov, Pyotr Fradkov və Vladimir Kiriyenkonun övladlarına münasibətdə sanksiyalar tətbiq edib.
Bayden bu gün elan olunan sanksiyaları məhdudiyyətlərin “birinci paketi” adlandırıb və qeyd edib ki, sanksiyalar sərtləşdirilə bilər.
O bəyan edib ki, Rusiya artıq Ukraynaya “soxulmağa” başlayıb.
Bununla yanaşı, ABŞ Prezidenti qeyd edib ki, Birləşmiş Ştatlar, onun müttəfiqləri və partnyorları diplomatiya üçün açıqdır.
Baydenin çıxışından sonra rubl möhkəmlənib.
RBK qeyd edir ki, gündüz maksimumu ilə müqayisədə Amerika valyutasının rubla münasibətdə kursu kəskin aşağı düşüb.
ABŞ daha əvvəl “DXR” və “LXR”-na qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar ABŞ vətəndaşlarının qondarma respublikaların iqtisadiyyatına istənilən sərmayəsini, həmçinin həmin respubliklardan ABŞ-a istənilən mal və texnologiyanın birbaşa və ya bilavasitə idxalını və ABŞ-dan “DXR” və “LXR”-na mal ixracını qadağan edir.
Baydenin fərmanı həmçinin qondarma respublikalarda fəaliyyət göstərməyi qərara almış istənilən şəxsə sanksiya tətbiq etmək imkanını yaradır.
Bundan əvvəl Rusiya “DXR” və “LXR”-nı tanıdığı üşün Aİ sanksiyalar barədə elan verib.
Məhdudiyyətlər Dövlət Dumasının 351 deputatına, həmçinin 27 hüquqi və fiziki şəxsə, o cümlədən Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən banklara aid olub.
Böyük Britaniya öz növbəsində “Rusiya” Bankına, “Sənaye Rabitə Bankına”, “Sənaye Əmanət Bankı”na, Çernomorsk İnkişaf və Yenidənqurma Bankına və “Genbank”a münasibətdə sanksiyalar tətbiq edib.
Londonun sanksiyaları altına həmçinin Gennadi Timçenko, İqor və Boris Rotenberq düşüb.
Ölkə onların aktivlərini dondurub, həmçinin onların ölkəyə girişinə qadağa qoyub.