“Başqasının köməyi olmadan su içə bilməyən adamı həbsdə saxlamaq qeyri-insani rəftardır”

Famil Xəlilov. Foto: Meydan TV

 Famil Xəlilovun məhkəməsi başlayıb

Sosial şəbəkələrdə hökumətlə bağlı tənqidi paylaşımlar edən  və 4 ay əvvəl narkotik ittihamı ilə həbs edilən ictimai fəal – birinci qrup əlil Famil Xəlilovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Tağıyevin sədrliyilə, Elnur Nuriyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası baxır.

Avqustun 29-da məhkəmənin hazırlıq iclasında Famil Xəlilov bildirib ki, iki həftədir ki, aclığı davam etdirir və dayandırmaq niyyətində deyil:

“Mənə deyirlər ki, sən canavarsan, ayı ilə vuruşursan. Ayı səni parçalayacaq. Mən də deyirəm ki, məni parçalaya bilərsiz. Amma mənim qanım üstünüzə töküləcək. Sizi zəhərləyib boğacaq”.

Məhkəmədə anket məlumatları dəqiqləşdirilərkən Famil Xəlilov hakimin ona “təqsirləndirilən şəxs” deməsinə etiraz edib: “Mən “təqsirləndirilən şəxs” deyiləm, şəxslənən şəxsəm”.

Famil Xəlilov bildirib ki, ona ittiham aktı, məhkəmə bildirişi verilməyib.

Vəkili Fariz Namazlı Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb: “Xahiş edirik, həm ailə vəziyyətini, həm sağlamlığını nəzərə alasınız. Onun haqqında həbs qətimkan tədbiri seçilməsi üçün göstərilən əsaslar da artıq aradan qalxıb. Özü də bəraət almaq fikrindədir. Evdən çölə çıxmayan adamdır, qaçıb gizlənmək fikrində də deyil”.

Digər vəkillər Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov bildirib ki, hər iki əli iflic olan, başqasının köməyi olmadan hərəkət edə, hətta su içə bilməyən adamı həbsdə saxlamaq işgəncədir, qeyri-insani rəftardır.

Prokuror Famil Xəlilovun ev dustaqlığına buraxılmasına etiraz edib.

Hakimlər də onun haqqında həbs qətimkan tədbirini dəyişməkdən imtina edib.

O, ittiham aktını almadığına görə məhkəmənin hazırlıq iclası sentyabrın 5-nə qədər təxirə salınıb.

1990-cı il təvəllüdlü Famil Xəlilov Bakı İstintaq Təcridxanasında saxlanılır.

İsveçdən ailəsilə birlikdə sığınacaq istəsə də, imtina cavabı alaraq, Azərbaycana deportasiya ediləndən bir müddət sonra – mayın 2-də həbs edilən Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Həyat yoldaşı Kiçikxanım Xəlilova da narkotik ittihamının saxta olduğunu deyir. O bildirir ki, həyat yoldaşı sosial şəbəkələrdəki tənqidi paylaşımlarına, hokumətdən insanların hüquq və azadlıqlarına hörmət tələb etdiyinə görə şərlənərək həbs edilib.

O bildirir ki, həyat yoldaşı saxlandığı gün Sulutəpə qəsəbəsində kirayə yaşadıqları evə 10 nəfərdən çox polis əməkdaşı gələrək, Famil Xəlilovu zorla sürüyüb aparıblar:

“Famil birinci qrup əlildir, qollarının hər ikisi iflicdir. Onu yedirmək, geyindirmək, bir sözlə, bütün ehtiyaclarını mənim köməyimlə qarşılayır. Elə polislər evimizə basqın eləyəndə də onu hamamda yuyundururdum, qapı döyüləndə qızım açıb. Qırmızı-qırmızı yalan danışırlar ki, guya evdən narkotik tapıblar. Əgər narkotikə görə gəlmişdilərsə, o zaman kompüteri aparmazdılar”.

Ana səhifəSiyasət“Başqasının köməyi olmadan su içə bilməyən adamı həbsdə saxlamaq qeyri-insani rəftardır”