Baş Prokurorluq azərbaycanlı hərbçilərin cəsədlərinin yandırılması ilə bağlı sosial mediada yayılan videolara münasibət bildirib.
Rəsmi məlumatda bildirilir ki, həmin görüntülər həqiqəti əks etdirir.
Yayılan görüntülərdə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxs tərəfindən meyitlər yandırılır. İddia edilir ki, həmin meyitlər Azərbaycan Ordusunun əsgərlərinə aiddir.
Məlumatda isə qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edildiyindən, qeyd edilən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb: “Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumatın verilməsi təmin ediləcək”.
Belə videogörüntülərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işlərinin başlanılmaqla müvafiq araşdırmaların aparıldığı deyilir: “İctimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəssüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır. Cinayət törətmiş şəxslərin cəzalandırlmasından ötrü heç bir tədbir görmür”.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.
Dekabrın 11-də insan haqları təşkilatı olan “Human Rights Watch” Dağlıq Qarabağ müharibəsi ilə bağlı iki hesabat yayıb.
Hesabatlarda müharibə zamanı beynəlxalq humanitar hüququn pozulmasından bəhs edilir.
Hesabatın birində müharibə dövründə Azərbaycanın, digərində isə Ermənistanın yol verdiyi pozuntulardan bəhs edilir.
Təşkilat həm Ermənistanın, həm də Azərbaycanın müharibə cinayətləri törətdiyinə dair əsasları olduğunu açıqlayıb.
Bunlar sənədlər, müsahibələr, peyk təsvirləri, fotolar və videolardır.
Dekabrın 10-da “Amnesty International” təşkilatı da Ermənistan Azərbaycan arasındakı 44 günlük müharibədən sonra 22 videonu təhlil etdiyini açıqlamışdı.
Təşkilat bildirir ki, həmin videolarda mühakiməsiz edamlar, hərbi və digər əsirlərlə pis rəftar, qarşı tərəfin əsgərlərinin cəsədlərinin təhqir olunduğu görünür: “Dağlıq Qarabağ müharibəsində həm Azərbaycan, həm də Ermənistan hərbi qüvvələri müharibə cinayətləri törədiblər”.
Təşkilat bildirir ki, iki videoda azərbaycanlı əsgərlər tərəfindən başkəsmə, digərində isə azərbaycanlı sərhədçinin boğazının kəsilməsi və ölümü təsvir olunub.
Videoların son üç həftədə şəxsi “Telegram” kanallarında yayıldığı bildirilir.
“Amnesty”nin Böhran Dəlili Laboratoriyası rəqəmsal texnikalardan yararlanaraq videoların həqiqiliyini təsdiqləyib.
Bundan sonra Azərbaycanın 4 hərbi qulluqçusu müharibə cinayətlərinə görə həbs edilib və bir müddət sonra ev dustaqlığına buraxılıblar.