Baş onkoloq: Ola bilər, kimsə halallıq üçün xəstədən pul alıb

Azərbaycanda bu xəstəliklə necə mübarizə aparılır?..

Source:
Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi


Azərbaycanda bu xəstəliklə necə mübarizə aparılır?..

50 yaşlı Şahin Ələkbərovun ailəsi onun müalicəsi yolunda əşyaları qarışıq ev-eşiyi, qır-qızıllarını, torpaqlarını satıb.

Döş xərçəngindən əziyyət çəkən Məhəbbət Kərimova isə bunu etmək fikrində deyil. O, müalicəsini yarımçıq saxlamaq qərarına gəlib:

“Döşümün biri götürülüb… Kimyaterapiyalara gəlirəm… Çox bahadı… Bircə kurs müalicə götürdüm. Bir neçə kimyaterapiyaya və müayinələrə, analizlərə 2 min manatdan çox xərcim çıxdı. Borcun içində üzürəm. Bu gün qərara aldım ki, müalicəni yarımçıq dayandırım. Allaha təvəkkül, nə olar, olar”.

Ümidini həkimlərdən üzən Məhəbbət Kərimova Milli Onkoloji Mərkəzə kimyaterapiyaya və başqa müayinələrə gələn minlərlə xəstədən biridir.

Bu tibb müəssisəsinin dəhlizlərində iynə atsan yerə düşməz. Canında onkoloji xəstəlik daşıyan yüzlərlə insan hər gün müxtəlif müalicələrə, müayinələrə görə bura gəlir.

Azərbaycanda bu xəstəliklə necə mübarizə aparılır?

4 fevral – Ümumdünya Xərçənglə Mübarizə Günüdür. Bu tarix 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.

Azərbaycanda bu xəstəliklə necə mübarizə aparılır?

Xərçəng xəstələri müayinə və müalicə üçün Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyindəki Milli Onkoloji Mərkəzə üz tuturlar. Ölkədə bu xəstəliyin müayinə və müalicəsi üçün alternativ tibb müəssisəsi olmadığından insanlar seçim edə bilmir. Dövlət tibb müəssisəsi vətəndaşlara pulsuz xidmət göstərməlidir. Onkoloji xəstələr burada müayinə və müalicələrin pullu, həm də baha olmasından gileylənir. Bir qisim xəstə isə həm də bir çox halda səhv diaqnozlardan və və səhv müalicələrdən danışır. Məsələn, bu mərkəz 7 il əvvəl hazırda 50 yaşı olan Şahin Ələkbərova 6 ay ömür qoyub. Şahin Ələkbərovun ailəsi ümidini kəsməyərək müalicələri ölkədən kənarda davam etdirmək qərarı verib. Onun müalicələri hələ də davam edir. Həyat yoldaşı Mahuzar xanım danışır:

“7 il əvvəl Şahinin dilinin özəyində bədxassəli xərçəng aşkar olundu. Dəhlizdə həkimi gözləyirdik, gəldi, əlində bir vərəqə vardı, uzatdı mənə, dedi, götürün xəstənizi, aparın, uzağı 6 ay ömrü qalıb. Əllərim əsə-əsə kağızı oradaca cırıb atdım ki, Şahin görməsin”.

Milli Onkoloji Mərkəzdəki müayinələrin tükürpədən cavabından sonra ailəsi qərara gəlib ki, ümidi kəsməyərək, onun müalicəsini davam etdirsinlər. Ötən 7 il ərzində onu dəfələrlə İrana və Türkiyəyə aparıblar:

“Torpağımızı, ev-eşiyimizi, içindəki əşyaları, qızıllarımızı satdıq… Bir neçə dəfə əməliyyat olundu, dili kəsildi, alt çənəsi çıxarıldı… Allah bunu heç bir ailəyə göstərməsin. İndi də kirayədə qalırıq. Qohumlar tez-tez pul toplayır, Şahini vaxtaşırı Türkiyəyə müayinəyə, müalicəyə aparırıq”.

Ailəyə edilən tövsiyə

2016-cı ildə Şahin bəy son əməliyyatını keçirib. Ancaq hazırda növbəti əməliyyata ehtiyac var. Üstəlik, çənə sümüyü də tibbi yolla bərpa olunmalıdır. Maddi imkansızlıq üzündən əməliyyat gecikir. Ailəsi bir dəfə Birinci vitse-prezidentə, bir dəfə də deputat Sədaqət Vəliyevaya məktubla müraciət edib. Hər iki məktuba cavab da gəlib.

Ailəyə tövsiyə olunub ki, Milli Onkoloji Mərkəzə müraciət etsinlər. Ailə üzvləri belə də ediblər:

“Orada dedilər, kimyaterapiyalar lazımdır. 3500 manat istədilər. Başa düşdük ki, əliboş ora getməyin mənası yoxdur. Yenə türkiyəli həkimlərlə məsləhətləşdik. Müayinədən sonra türkiyəli həkimlər kimyaterapiyalara ehtiyac olmadığını bildirdilər. Yəni çox vaxt bu kimyaterapiyalar pul tələsidir, lazım oldu-olmadı, xəstələrin bədənini pul qazanmaq üçün şüalandırırlar. Mənim yoldaşımın dərdi odur ki, dilin özəyində çirk yığılır və vaxtaşırı əməliyyat yolu ilə o çirk çəkilməlidir. Bunu isə Azərbaycandakı həkimlər edə bilmir. Elə deyirlər, gəl, pul ver, kimyaterapiya edək, get”.

Baş onkoloq deyilənləri təkzib edir

“Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa görə onkoloji xəstələrin müayinə və müalicəsi dövlət tərəfindən və pulsuz həyata keçirilməlidir. Xəstələrə illik ayrılan dərman vasitələrinin, o cümlədən, narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısı, miqdarı tibb müəssisəsi tərəfindən müəyyən edilir, pulsuz verilir.

Baş onkoloq Azad Kərimli onkoloji xəstələrlə bağlı durumdan, onların sayından, müalicəsindən detallı danışmasa da, Meydan TV-yə bildirib ki, ölkədə onkoloji xəstəliklərlə mübarizə yüksək səviyyədə aparılır. O, Milli Onkoloji Mərkəzdə müayinə və müalicə ilə bağlı xəstələrin dediklərini də təkzib edib.

İnternet üzərindən araşdırma apararkən diqqətimizi baş onkoloqun 1 il əvvəl “cəbhə.info”-ya verdiyi müsahibə çəkdi. O, həmin müsahibəsində xəstələrdən pulun halallıq üçün alındığını deyib:

“Kim deyir ki, Milli Onkologiya Mərkəzində xəstədən pul alınır? Heç bir həkimin xəstədən pul almaq haqqı yoxdur. Kimin belə bir şikayəti varsa, birbaşa mənə müraciət etsin, görüm, hansı həkim xəstədən pul alıb. Ola bilər ki, kimsə halallıq üçün xəstədən pul alıb. Ya da ki, kim kiməsə hörmət edirsə, bunun mənə nə aidiyyəti? Öz işləridir”.

Dərmanlar orqanizmdə fəsadlar törədir

Hazırda azyaşlılar arasında geniş yayılan xərçəng növlərindən biri də qan xərçəngidir. Qan xərçəngi başqa xərçəng növlərindən fərqlidir. Onların müalicəsi Talassemiya Mərkəzində və Qanköçürmə İnstitutunda aparılır.

“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin direktoru Mehriban Bağırova deyir ki, kimyəvi dərmanlar pulsuz verilməlidir. Ancaq bu dərmanlar orqanizmdə fəsadlar törədir. Həmin fəsadları aradan qaldırmaq üçün isə xəstələr dərmanı özləri almalı olur. Kimyaterapiya orqanizmə güclü təsir edir, immunitet kəskin aşağı düşür, uşaq yüngül xəstəlikdən də dunyasını dəyişə bilər. Ona görə də kimyaterapiyalardan yaranan yan fəsadların aradan qaldırılması üçün başqa dərmanlar qəbul edilməlidir. Bu dərmanların da pulsuz verilməsi yaxşı olardı”.

Mehriban xanım həm Qanköçürmə İnstitutunda, həm də Talassemiya Mərkəzində onkoloji xəstə uşaqlara diqqətlə yanaşıldığını deyir.

Dünyada hər il təqribən 12 milyon insana xərçəng diaqnozu qoyulur və 7,6 milyon insan bu xəstəlikdən dünyasını dəyişir.

Vaxtında aşkarlanarsa, xərçəngin qarşısı alına bilər.

Proqnoza görə 2050-ci ildə dünya üzrə xərçənglə ilk dəfə xəstələnənlərin ümumi sayı 24 milyona, bu xəstəlikdən ölənlərin sayı isə 16 milyona çatacaq.

Ana səhifəReportajBaş onkoloq: Ola bilər, kimsə halallıq üçün xəstədən pul alıb