İqtisadçılar hesab edir ki, xaricdən sifarişlərə limit tətbiqi kiçik sahibkarlığı sıradan çıxarmaq məqsədi daşıyır
“Pandemiya dövründə dünyada elektron ticarət 4 dəfəyədək artıb. Sərhədlər qapalı olduğundan insanlar müxtəlif ölkələrdən istədikləri əşyaları sifariş edirlər. Bizdə isə xaricdən alınan əşyaların qiymətinə limit tətbiq edilir. Bu, çox məntiqsiz bir addımdır. Özü də sırf bu ərəfədə”.
İqtisadçı Natiq Cəfərli belə deyir.
Avqustun 21-də Baş nazir Əli Əsədovun imzaladığı
qərar
a əsasən, sentyabrın 20-dən vətəndaşların onlayn sifarişlərinin məbləği 1000 dollardan 300 dollara qədər azaldılıb.
Fiziki şəxslərin isə hər ay xaricdən özləri ilə gətirəcəkləri məhsulların məbləği 1500 dollardan 800 dollara endirilib.
Natiq Cəfərli deyir ki, bu, hökumətin son zamanlar liberal iqtisadi modelə keçidlə bağlı bəyanları ilə ziddir:
“Qərar liberal iqtisadiyyat, onlayn ticarət, şəffaflaşma ilə daban-dabana ziddir”.
İqtisadçı bu qərarın verilməsinin iki məqsədinin olduğunu deyir. Birincisi, ölkədən valyuta axışının qarşısının alınmasıdır:
“Doğru yanaşma deyil, amma valyuta alışına, ölkədən çıxarılmasına qoyulan məhdudiyyətlər bunu göstərir. İkinci səbəb isə yerli iri satış şəbəkələridir. Onları hamımız yaxşı tanıyırıq. Komputer, telefon ticarəti ilə məşğul olurlar. Qərar həm də həmin o şəbəkələrin xeyrinə, vətəndaşın ziyanına verilib”.
Natiq Cəfərli deyir ki, qoyulan məhdudiyyət yerli satış şəbəkələrindəki ticarəti müəyyən həcmdə artıracaq. Hətta bu rəqabətsiz mühit gələcəkdə telefon, kompüter və digər texnologiya məhsullarının qiymətinin artmasına gətirib çıxara bilər:
“Çünki vətəndaşların xaricdən aldığı telefon, kompüter sifarişləri azaldıqca, onlar yerli ticarət şəbəkələrinə möhtac qaldıqca, qiymətlər süni şəkildə qalxa bilər”.
Natiq Cəfərli düşünür ki, bu qadağanın geyimlə əlaqəsi yoxdur. Deyir, Azərbaycan insanları çox çevik düşünə bilirlər. Onlar qanunu pozmadan, yanından keçə bilməyin yolunu tez tapırlar:
“300 dollarlıq limiti istəsələr də, paltara aid edə bilməyəcəklər. Çünki məhdudiyyət qoyulacaq, bu zaman insanlar qohum-qonşunun, dost-tanışın adına nələrsə alıb, ölkəyə gətirdəcək. Əvvəl bir nəfərin adına gələn, indi 5 nəfərin adına gələcək. Odur ki, bu qərar birbaşa böyük rəqəmlər, əşyalar, telefonlar, kompüterlər üçün nəzərdə tutulub”.
İqtisadçı Qubad İbadoğlu da deyir ki, fiskal məqsəd, yəni büdcəyə daha çox vəsait yığmaq üçün edilən bu dəyişiklik dolanışığını xaricdən mal alıb, gömrük rüsumu ödəmədən ölkəyə gətirən və daxildə satmaqla təmin edən xırda ticarətçilər üçün ağır zərbədir. Bu yolla ailə dolandıranların yalnız qazancları azaldılmır, həm də onlar bazardan sıxışdırılaraq çıxarılır:
“Hesab edirəm ki, xüsusilə də pandemiya dövründə ölkəyə məqsədindən asılı olmayaraq malların gətirilməsi və idxalı qaydaları sərtləşdriilməli deyil, əksinə liberallaşdırılmalıdır ki, daxili bazarda əmtəə bolluğu təmin olunsun, qiymətlər də sabit qalsın. İndiki halda isə qəbul edilən qərarlar həm qiymətlərə artırıcı təsir göstərəcək, həm də poçt göndərilşlərinin azalmasına və bununla məşğul olan şirkətlərin dövriyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq”.
İqtisadçı deyir ki, bu tədbir həmçinin, manatın devalvasiyasını ertələməyə xidmət edir. Ölkədən valyuta çıxarılmasının məhdudlaşdırılması məqsədi daşıyır.
Avqustun 21-də Baş nazir Əli Əsədovun imzaladığı qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək. Yəni sentyabrın 20-dən tətbiq ediləcək.