Vüsal Axundov

Mənbə: Meydan TV

Başlıq: Vüsal Axundov

“Baş həkim dedi, ağlın olaydı, o qədər pul tökməzdin”

Sabirabad sakini “OMD”-nin həkimlərindən pullarını geri tələb edir

“Uşağı xəstəxanaya qəbul edəndə elə görüntü yaratdılar ki, guya körpə bu dəqiqə öləcək. Bu da həkimlərin bir fırıldağıdır. Adamı elə vəziyyətə salırlar ki, desələr, get, evini sat, gətir, adam uşağı ölməsin deyə, qaça-qaça gedib, evini də satıb, pulunu bunlara gətirib verər. Məni də belə soydular orda...”

Sabirabad rayon sakini Vüsal Axundov Meydan TV-yə danışır ki, sentyabrın 11-də ikinci dəfə ata olub. Ancaq bu xoşbəxtliyin dadını çıxarmamış, yerli səhiyyə kefinə soğan doğrayıb. Körpə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsində dünyaya gəlib. Növbəti gün şöbənin həkimləri körpənin beynində qansızma olduğunu bildiriblər. Ataya məsləhət görülüb ki, körpəni təcili Bakıya çatdırsın. Xəstəxananın göndərişi ilə Vüsal Axundov körpəni Bakıya – Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD kimi tanınır-red) götürüb. Vüsal Axundov iddia edir ki, 12 gün ərzində Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimindən, tibb bacısından tutmuş, qapısındakı gözətçisinədək hamısı onu “soğan qabığı” kimi soyub:

“Baş həkim dedi, benzinpulunu ver, tibbii yardım maşını körpəni Bakıya aparsın”

“Əvvəla başlayım Sabirabad xəstəxanasından... Bir tərəfdən özləri deyirdilər ki, uşağın beynində qansızma var, onu təcili Bakıya çatdırmaq lazımdır. Digər tərəfdən körpəni Bakıya götürmək üçün tibbi yardım maşını xidməti də pulludur. Dedilər ki, ambulans Bakıya 200, aşağı yeri 150 manata gedir. Mən xəstəxananın baş həkimi Yusif Quliyevin yanına getdim, bilirdim ki, işsizəm, imkansızam. O da Dadaş adlı sürücünü çağırdı, mənə dedi ki, bu sürücüyə 38 manat benzinpulu verərsən. Bakıya çatanda sürücü dedi, 40 manat benzinpulu verməlisən, 20 manat mənə verməlisən, çünki ordan bura maşın sürmüşəm, 20 manat da bizimlə gələn həkimə verməlisən. 80 manatı verəndə dedi, oksigenin də pulunu verməlisən. Elə bil başıma qaynar su tökdülər, üstünə qışqırdım, sürüb getdi. Belə çıxır ki, mən o pulu verməsəydim, o tibbi yardım maşını körpəni Bakıya gətirməyəcəkdi, körpə öləcəkdi”.

''12 gün ərzində soğan qabığı kimi soyuldum”

Vüsal Axundov deyir ki, çıxarı bununla bitməyib. O, 12 gün ərzində Elmi-Tədqiqat Pediatriya İnstitutundakı xərclərinin yadında qalan qismini də sadalayır:

“Xəstəxananın hər divarında yazılıb vurulub ki, tibbi xidmətlər pulsuzdur. Ancaq yadımda qalanları sadalayım, hesablayın.

Xəstəxanaya daxil olan kimi yazılan ilk siyahı – bezlər, şprislər və sair – 38 manat;

Rentgen 18 manat + tibb bacısına 5 manat;

Laboratoriya 15 manat + tibb bacısına 5 manat;

Qan analizi 15 manat + tibb bacısına 5 manat;

Növbəti gün təkrar rentgen 20 manat + tibb bacısına 5 manat;

5 gün ərzində səhər növbə həkiminə 15, axşam növbə həkiminə 10 manat;

Sonrakı günlər ərzində səhər növbə həkiminə 10, axşam növbə həkiminə 5 manat;

Xəstəxanadan çıxanda həkimlərdən birinə 20, digərinə 10 manat:

Qapıda dayanan mühafizəçiyə də hər gün 2 manat və iki siqaret... Üstəlik, hər gün lazım oldu-olmadı, bezlər, şprislər və sair aldırıblar.

Bunlar yadımda qalanlardır. Gördüm pul çatdıra bilmirəm, Bakıdan rayona gəldim, icra hakimiyyətinə müraciət elədim, 100 manat köməklik elədilər. Sonuncu dəfə yenə də rayona gəldim, qohumlardan 140 manat toplayıb getdim, onu da aparıb xəstəxanaya verdim”.

“Körpə sağlam imiş, müalicə aparılmırmış”

Vüsal Axundovun sözlərinə görə, 12 gündən sonra ona məlum olub ki, körpə sağlamdır və xəstəxanada heç bir müalicə aparılmır:

“Yoldaşım dedi, bizi burda soymaq üçün saxlayıblar, heç bir müalicə getmir, deyirlər, uşaq sağlamdır, beynində heç bir problemi olmayıb və yoxdur, rayon xəstəxanası sizi bura nahaq göndərib. Deməli, 700 manatdan çox xərcim çıxıb və sonda bizə deyirlər ki, körpə sağlamdır, heç bir problemi yox imiş. Bununla belə, günü-günə satıb xəstəxanadan buraxmırdılar ki, bizi bir az da soysunlar. Yoldaşıma dedim ki, xəstəxanaya gəlməyəcəm, həkimlər soruşsa, deyərsən, çıxıb getdi rayona, gəlməyəcək və getmədim. Yalnız bundan sonra sentyabrın 24-də körpəni evə yazdılar”.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, körpə vaxtından tez - 34 həftəliyində doğulub, beyinlə bağlı şübhələr olub, buna görə də Bakıya - Elmi-Tədqiqat Pediatriya İnstitutuna yoxlamaya göndərilib. Tibbi yardım maşını xidmətinə görə pul alınması ilə bağlı deyilənlər xəstəxanadan təkzib olunub.

Elmi-Tədqiqat Pediatriya İnstitutundan isə bildirilib ki, körpə vaxtından əvvəl doğulduğu üçün ciyərləri normal fəaliyyət göstərməyib, tənəffüs pozuntuları olub. Körpə bir neçə gün küvezdə nəzarət altında saxlanılıb. Üstəlik, çəkisi də normadan çox aşağı olub, orqanizmin gücləndirilməsi üçün tibbi müdaxilələr edilib. Lakin bu tibbi xidmətlərə görə pul alınmayıb. Xəstəxana dövlətindir və əhaliyə pulsuz xidmət göstərir.

Vüsal Axundovsa deyir, 12 gün ərzində xərclədiyi pulu tələb etmək üçün xəstəxananın baş həkiminin yanında da olub:

“Dedim, körpədə heç nə yoxdur, həkimlər bizi qorxudub, körpəni boş yerə 12 gün burda saxlayıb, bizi soyublar. Dedi, mən neyləyim, ağlın olaydı, verməyəydin. Get, kimə nə pul vermisən, ondan tələb et”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/i7ys4u

Ən çox baxılan