Xaricdə yaşayan daha bir neçə siyasi mühacir – Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayev barəsində aparılan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Baş Prokurorluğun İstintaq İdarəsi onların vəkillərinə avqustun 20-dən etibarən cinayət işi materialları ilə tanış olmaq üçün şərait yaradıldığını açıqlayıb.
Barələrində qiyabi icraat aparılan şəxslərə bildirilib ki, istintaqa gəlmədikləri halda iş məhkəməyə göndərilə və nəticədə qiyabi hökm, yaxud da digər yekun məhkəmə qərarı çıxarıla bilər.
Almaniyada yaşayan siyasi mühacir Orxan Ağayevə Azərbaycan Cinayət Məcəlləsinin 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar – təkrar törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.
Orxan Ağayev Meydan TV-yə ona qarşı irəli sürülən ittihamları əsassız hesab etdiyini bildirib:
“Azərbaycan hakimiyyəti 2020-ci ildə məni İnterpolun xətti ilə axtarışa vermişdi, lakin səmərəsiz oldu. Bu gün də əl çəkmirlər, bizim Avropaya və digər ölkələrə getməyimizi əngəlləməyə çalışırlar. Hətta bu ilin əvvəlində Almaniya hökumətinə müraciət etmişdilər ki, məni onlara geri versinlər. Azərbaycan hakimiyyətinin mənə qarşı irəli sürdüyü ittihamların hamısı qondarmadır. Almaniyada oturduğum halda, Azərbaycanda necə çeviriliş edə bilərəm? Azərbaycan hakimiyyətinin mənə qarşı irəli sürdüyü ittihamlarını hamısını əsassız sayıram”.
“Azerifreedom” internet kanalının rəhbəri Qurban Məmmədov da terrorçuluq və daha bir neçə başqa maddələrlə ittiham edilir. O, mühacirətdən əvvəl Azərbaycanda olarkən bir neçə dəfə müxtəlif ittihamlarla həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Qurban Məmmədov da haqqındakı ittihamları əsassız sayır və cinayət işinin materialları ilə tanış olmaq istəyir. 2018-ci ildən Böyük Britaniyada yaşayan Qurban Məmmədov materialların onun elektron poçtuna göndərilməsindən ötrü baş prokuror Kamran Əliyevə məktub ünvanlayıb.
“Haqqımda olan cinayət işinin materialları ilə tanış olmaq üçün iş materiallarını mənim elektron ünvanıma göndərməyinizi xahiş edirəm. Çünki Azərbaycan Hakimiyyəti tərəfindən təqib olunduğuma görə, heydərizm rejimi tərəfindən həyatıma real təhlükə yaradıldığından, 2018-ci il aprelin 1-dən Azərbaycanı tərk edərək Birləşmiş Krallığa gəlmişəm və burada daimi siyasi oturum alaraq yaşayıram. Mən videokonfrans vasitəsiylə ittiham tərəfinin istənilən sualına cavab verməyə, üzləşmələrdə, sübutların araşdırılmasında iştirak etməyə hazıram”, – Qurban Məmmədov məktubunda yazıb.
Digər ittiham olunan şəxs isə “Azad söz” kanalının rəhbəri Tural Sadıqlıdır. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – böyük məbləğdə və qrup halında), 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2 (dövlət əleyhinə açıq çağırışlar – təkrar törədildikdə) və 320.1 (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittihamlar müəyyənləşdirilib.
Tural Sadıqlı hələ ki, məsələni şərh etməyib.
2025-ci ilin martından etibarən Azərbaycanın Baş Prokurorluğu bu ölkədən xaricə mühacirət etmiş bır sıra şəxsləri İstintaq İdarəsinə çağırmağa başlayıb. Aralarında blogerlər, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham ediliblər və bəziləri barəsində qiyabi hökm çıxarılıb.
Almaniyada yaşayan Qabil Məmmədov 16 il, İmaməddin Əlimanov 7 il azadlıqdan məhrum edilib. Hər ikisinin məhkəməsi onların iştirakı olmadan keçirilib və hökm də qiyabi şəkildə çıxarılıb.
Haqqında qiyabi cinayət təqibi aparılanlar sırasında vaxtilə Azərbaycanda bir çox tenderlərin qalibi olmuş “Akkord” şirkətinin rəhbəri İlqar Hacıyev, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev və başqaları da var.