Banklardakı kredit borcları artır

Qubad İbadoğlu: “Kredit qoyuluşlarının azalması ilə yanaşı vaxtı keçmiş borcların da artması bankların kredit portfelini idarəetmə riskinin yüksəlməsinin göstəricidir”

Source:


Qubad İbadoğlu: “Kredit qoyuluşlarının azalması ilə yanaşı vaxtı keçmiş borcların da artması bankların kredit portfelini idarəetmə riskinin yüksəlməsinin göstəricidir”

“İqtisadiyyatda kredit qoyuluşları aşağı düşür, vaxtı keçmiş borclar da artır”. Bunu öz Facebook səhifəsində iqtisadçı Qubad İbadoğlu yazıb. İqtisadçı fikirlərini Mərkəzi Bankın açıqlamaları ilə əsaslandırıb: “Mərkəzi Bankın son açıqlamasına görə, mayın 1-nə ölkə üzrə cəmi kredit qoyuluşları 20 milyard 595 milyon 500 min manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 36,8 milyon manat və ya 0,18 faiz azdır. Kredit qoyuluşunda cari ilin mart-aprel aylarındakı müşahidə olunan artımdan sonra may ayında müşahidə olunan azalma işgüzar aktivliyin aşağı düşməsi faktı kimi də qiymətləndirilə bilərdi. Lakın təhlillər göstərir ki, azalmanın baş verməsi əsasən banklarda olan manat qıtlığı səbəbindən manatla yeni kredit xətlərinin açılması ilə bağlıdır. Bu tendensiya bu ilin yanvarından başlamış və fevral devalvasiyasından sonra daha da sürətlənmişdir. Belə ki, yanvar ayınin əvvəlinə olan vəziyyətlə müqayisədə mayın əvvəlində manatla olan kredit qoyuluşları 1 milyard 543 milyon 400 min manat azalıb”.

İqtisadçı deyir ki, kredit qoyuluşlarının azalması ilə yanaşı vaxtı keçmiş borcların da artması bankların kredit portfelini idarəetmə riskinin yüksəlməsinin göstəricidir: “Bu ilin mayın 1-nə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 2013-cü ilin mart ayından sonra ən yüksək səviyyədə – 6,1 faiz olub. Həmin tarixə qeydə alınan vaxtı keçmiş kreditlərin valyutalar üzrə təhlili göstərir problemli kreditlərin çox hissəsi manatla olan kreditləşmədə ( ümumi yekunda payı 7,1 faiz), az hissəsi isə xarici valyuta ilə olan kreditlərdə (cəmdə xüsusi çəkisi 4,67 faiz) qeydə alınıb. Bununla yanaşı vaxtı keçmiş kreditlərin kredit qoyuluşlarının müddəti üzrə təhlili də maraqlı nəticələr təqdim edir. Belə ki, manatla qısamüddətli kredit qoyuluşları üzrə vaxtı keçmiş kreditlərin payı 13,4 faiz, xarici valyuta ilə vaxtı keçmiş kreditlərin ümumi yekunda payı 7,4 faiz qeydə alınıb. Göründüyü kimi, ümumiyyətlə, qısamüddətli kredit qoyuluşları üzrə bu göstərici orta səviyyədən (6,1 faizdən) xeyli yuxaıdır. Deməli, vaxtı keçmiş kreditlər əsasən istehlak kreditləşməsində müşahidə olunur. Bu isə o deməkdir ki, vaxtında kreditini qaytara bilməyən vətəndaşların sayı durmadan artır. Hesab edirəm ki, bu indikator həm də ölkədə sosial vəziyyətin ağırlaşmasının göstəricisi sayıla bilər. Təəssüflər olsun ki, banklara olan borclarına tərkibində şübhəli və ümidsiz kreditlərin payı açıqlanmadığından biz vəziyyəti tam qiymətləndirə bilmirik. Lakin aydın xətt üzrə müşahidə olunan daha bir təhlükəli tendensiya da mövcuddur ki, getdikcə şübhəli borclar ümidsiz borlcara çevrilməkdədir”.

Ana səhifəXəbərlərBanklardakı kredit borcları artır