Əkrəm Həsənov: "İndiyə qədər Kreditorlar Komitəsi belə yaradılmayıb"
Azərbaycanda fiziki şəxslərin banklara qoyduqları əmanətlərin miqdarı 232 milyon manat azalıb(https://apa.az/az/maliyye_xeberleri/Azrbaycan-halisinin-bank-mantlrinin-hcmi-aciqlanib-639415).
Fevralda vətəndaşların banklara qoyduqları əmanətlərin ümumi məbləği isə 8 milyard 379 milyon manat olub.
Martda bu rəqəm 8 milyard 147 milyon manata düşsə də, aprel ayındakı statistika hələ ki açıqlanmayıb.
Hazırkı əmanətlərin isə 4 milyard 101 milyon manat xarici valyutalarda, 4 milyard 46 milyon manatı isə manatla saxlanır.
İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, xarici valyutada saxlanan əmanətlərin payı cüzi çox olsa da, son illər depozitlərin valyuta strukturu xeyili dərəcədə yaxşılaşıb.
O bunu manatın məzənnəsinin 2017-ci ilin fervalından indiyə qədər stabil qalması ilə əsaslandırır: "Fiziki şəxslərin əmanətlərinin azalması tələbli depozit məbləğlərinin aşağı düşməsi ilə bağlı olsa da, bütün hallarda bank sektoru üçün arzuolunan deyil. Digər tərəfdən, depozitlər üzrə dividend faizlərini son illər aşağı endirən əksər banklarda kredit faizləri yüksək olaraq qalır. Bu da depozit ödənişləri ilə kredit faizləri arasında kəskin fərqin hələ də qaldığından xəbər verir. Bu baxımdan, bank sektorunda rəqabəti gücləndirməklə depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə ehtiyac var. Bu passiv vəsaitlərin banklara cəlb edilməsi və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər”.
Hüquqşünas Əkrəm Həsənov isə son illər Azərbaycanda bankların bağlanmasını bu sektorda problemlərin yaşanması ilə əlaqələndirir: "Axırıncı dörd bank – “Atabank”, “Amrahbank”, “AGBank”, “NBC Bank”ın bağlanmasından çox yox, bircə il ötüb. Bankların ləğvi prosesi qeyri-şəffaf aparılır. İndiyə qədər Kreditorlar Komitəsi belə yaradılmayıb. Ləğvedicinin fəaliyyətində şübhəli məqamlar var. 1 il əvvəl 4 banka müvəqqəti inzibatçı təyin olundu. Sonrakı 2 həftə ərzində həmin bankların lisenziyası ləğv olundu və onlar müflis elan edildi”.
Hüquqşünas deyir ki, ötən bir il ərzində fiziki şəxslərin qorunan əmanətlərinin mütləq əksəriyyəti qaytarılıb, amma yenə də bəzi əmanətçilər sığortalı əmanətlərini tam ala bilməyiblər: “Əsas problem isə bu banklarda pulu qalmış sahibkarlarda və hüquqi şəxslərdədir. Onların pulu nəinki qaytarılır, üstəlik, qanunvericiliyin tələblərinə zidd olaraq onlara heç bir məlumat (rüblük maliyyə hesabatı, ləğv planı) da verilmir. Bu halda ləğvedicinin (Əmanətlərin Sığortalanması Fondu) fəaliyyətinə dair şübhələr artır. Mənfiyə doğru gedən bir məsələ də banklarda kreditorlar komitəsinin yaradılmamasıdır. Bu, müflis bankda pulu qalanların qurumudur. Bu qurum yaradılmalı, ləğvediciyə nəzarət etməli idi ki, bankın olan-qalan əmlakı kreditorlar arasında ədalətli şəkildə bölünsün”.
Hüquqşünasın fikrincə, ölkədə kreditor hüquqları qorunmur: "Xüsusən də sahibkarların hüquqları pozulur. Deməli, əlverişli biznes mühiti də yoxdur və banklara etibar azalır”.
Bu il aprelin 5-dən "Əmanətlərin tam sığortalanması haqqında" Qanunu "Əmanətlərin sığortalanması haqqında" Qanun əvəzlədi. Yeni qanuna əsasən, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır.
Bundan başqa, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarındakı vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanır, amma notariusların depozit hesablarında qalmış, fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam sığortalandığı vurğulanır.
2020-ci il aprelin 26-da Mərkəzi Bank "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC-yə inzibatçı təyin edib.
Mayın 1-də "AtaBank" və "AmrahBank"ın, mayın 12-də isə "AGBank" və "NBCBank"ın lisenziyaları ləğv olunub.
"AtaBank" və "AmrahBank"ın lisenziyaları ləğv edilərkən Mərkəzi Bank belə açıqlama vermişdi: "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "AtaBank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi".
Qalan iki bankın da lisenziyasının ləğvi, əsasən, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi, lakin həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.
2015-ci ildə isə Azərbaycanda iki devalvasiya baş verdi və manatın dollar qarşısında iki dəfə dəyər itirib. Nəticədə bank sektoru ağır vəziyyətlə düşüb və ölkədə 10-dan çox bank bağlanıb.
Bu da onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Rəsmi olaraq, həmin banklarda qorunan əmanətlərin 99 faizə qədərinin qaytarıldığı açıqlanıb.
Hazırda Azərbaycanda 26 bank var.