Filialın fəaliyyətinə 2023-cü ilin mayından məhdudiyyətlər tətbiq edilmişdi
“Bank Melli İran”ın Bakı filialı fəaliyyətini tam bərpa edib.
Bu barədə APA agentliyi məlumat verib.
Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin mayında – Azərbaycan və İran münasibətlərində gərginlik yaşandığı dövrdə filialda yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB-nin sədri Taleh Kazimov bununla bağlı bildirmişdi ki, filialda nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib:
“Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək”.
Aprelin 28-də Bakıda səfərdə olan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində tərəflər əməkdaşlıqla bağlı bir çox sənədlər imzalayıb. Prezidentlərin mətbuata bəyanatlarında vurğulanmışdı ki, tərəflər beynəlxalq təşkilatların nəzdində də birgə əməkdaşlığa üstünlük verirlər.
2024-cü ilə qədər iki ölkə arasında münasibətləri gərginləşdirən bir çox hadisələr baş verib. İkinci Qarabağ müharibəsindən sonra hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar yaratmışdı.
2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.
Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.
Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.
Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.
Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib və səfirliyin fəaliyyəti dayandırılıb.
Ardınca Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar “İran casusu” kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər.
Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər.
Azərbaycanın İrandakı səfirliyi 2024-cü il iyulun 15-də yeni ünvanda bərpa edilib.
2024-cü il dekabrın 15-dən isə Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edib.