””Bandotdel”ə pul vermədim, məni şərlədilər”

Natəvan Əzizova: ”Bunlar mənə şər atmaqla ləyaqətimi təhqir ediblər”

Source:
Natəvan Əzizova
Natəvan Əzizova


Natəvan Əzizova: ”Bunlar mənə şər atmaqla ləyaqətimi təhqir ediblər”

“Məni evimdən oğurladılar. Dörd nəfər mülki geyimli idi. Zorla ağ rəngli “Prado”ya mindirdilər. Aldatdılar ki, guya Kəpəz Polis İdarəsindən gəliblər, onlarla polisə getməliyəm, izahat verməliyəm. Niyəsini soruşdum, dedilər, narahatçılığa səbəb yoxdur, cəmi 20 dəqiqə vaxtımı alacaqlar. Özümə də maraqlı gəldi ki, mən hara, polis hara, izahat yazmaq hara… Bir də baxdım ki, yol Kəpəz polisinə yox, başqa istiqamətə aparırlar. Yolda maşını saxlayıb nömrə-nişanın üstünü “skoc”la bağladılar ki, görünməsin, telefonumu əlimdən aldılar. Maşın bir neçə saatdan sonra Bakıda bir idarənin qarşısında saxladı. Sonradan bildim ki, bura “Bandotdel”dir”.

Məni evimdən oğurladılar

Gəncə sakini Natəvan Əzizova Meydan TV-yə başına gələnlərdən danışır. Deyir, hər şey ötən ilin 22 yanvarından başlayıb. Həmin gün saat 18 radələrində evinə gələn mülki geyimlilər onu öz maşınlarına mindirərək Kəpəz Polis İdarəsi bəhanəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Burada ona “insan alveri ilə məşğul olursan, barəndə şikayət var”,- deyilib:

“Yanvarın 23-nə keçən gecə saat 2 olardı idarəyə çatanda… Bir otağa saldılar, dedilər, heç kəsi bura elə-belə gətirmirik. Səninlə bağlı konkret şikayətlər var. Elə bil başıma qaynar su tökdüklər. İnsan alveri… Mən onkoloji xəstəyəm, bir neçə xəstəlikdən əziyyət çəkirəm. Öz ailəmlə, canımla əlləşirəm. Dedim, bir qadını aldadıb, maşına mindirib, ailəsindən xəbərsiz gecəylə gətirib belə ağır, murdar cinayətdə ittiham edirsiz… Məni bir gün orda saxladılar, yanvarın 23-də qarşıma üç qadın çıxartdılar, ikisini tanımadım, birini görən kimi tanıdım və əslində nə baş verdiyini anladım. Həmin qadın Goranboyda yaşayan Hicran adlı tanışımın evində qulluqçuluq edirdi. Hicranın İnsan Alverinə Qarşı Mübarizə İdarəsində işləyənlərlə əlaqəsi olduğunu bilirdim. Mənimlə ədavəti vardı və bu, mənə həmin polis tanışlarının əli ilə torba idi. Məsələni həmən anladım, dedim, məni ayağımdan assanız da, belə ağır, iyrənc ittihamı qəbul etmərəm. İki gün idarədə saxladılar, dediyim kimi, onkoloji xəstəyəm, həm də şəkərim var, tez-tez təcili tibbi yardım gəlirdi, mənə iynə vururdu”.

Dedilər, get, 85 min gətir

Natəvan Əzizova deyir, yanvarın 24-nə keçən gecə idarədən şərtlə buraxılıb:

“Dedilər, get, 85 min manat gətir, yoxsa maddələri yükləyəcəyik, kənddə-kəsəkdə də biabır olacaqsan, ərin var, oğlun var. Yolboyu fikirləşdim ki, bunlara qara qəpik də verməyəcəm. Rayona çatanda fikrim dəyişdi, o maddələri yaxama taxsalar, doğurdan da, el-aləmdə ailəlikcə biabır olacaqdıq. Kəndin ağzını yummaq olmayacaqdı və kənd yerində heç kəsi başa salmaq mümkün deyil ki, bu, əslində kiminsə torbasıdır. Yoldaşım, oğlum var, heç nə yox, elə küçədə biri söz atsaydı, çox böyük faciələrə səbəb ola bilərdi”.

Natəvan xanım deyir, buna görə də ev-eşiyini, maşınını, əlindəki qızılları satıb. Ancaq 55 min manatdan çox pul toplaya bilməyib:

“Pulu götürdük, gəldik Bakıya, özüm yaxın getmədim, verdim bir tanışa, göndərdim idarəyə. Bir azdan qayıtdı gəldi, dedi, götürmədilər, dedilər, azdır. Mən də tüpürdüm hər şeyə, dedim, cəhənnəm olsun, biabırçılıqdan keçib, əlim hara qədər çatır, şikayət edəcəm”.

Dedi, məni məcbur etdilər, bağışla…

Elə həmin gündən Natəvan xanım Baş prokurordan, daxili işlər nazirindən tutmuş prezidentədək məktublar, teleqramlar göndərib. Nəticədə özü demişkən, “Bandotdel”də üzünə başqa qadınlar qoyulub:

“Əvvəlki üç qadından bir şey çıxmadı, nə qədər çalışsalar da, heç nə düzüb qoşa bilmədilər. Mənim şikayətlıərimdən sonra 3-4 ay baş sındırdılar ki, nə düzüb qoşsunlar, nəhayət, aprel ayında növbəti dəfə “Bandotdel”ə çağırıb üzümə Goranboydan başqa dörd yaşlı qadını qoydular. 8 aprel 2017-ci il tarixdə idarənin müstəndiqi Eldar Qədimov məni yanına çağırdı, dedi, bu qadınlar ərizə yazıb ki, sən onları cinsi istismara məruz qoymusan. Müstəntiqə bildirdim ki, 3 aydır hərəkətlərinizdən şikayət edirəm. Adamları soymaq üçün şantaj edirsiz, böhtan atırsız. Barəmdə 48 saatlıq saxlama qərarı çıxarıldı. Təqribən 2 ay keçdikdən sonra həmin qadınlardan biri çıxıb “

Youtube

” kanalı vasitəsilə hər şeyi etiraf etdi, Hicran adlı qadının oyununun qurbanı olduğunu dedi. Gəlib məndən də üzr istədi, dedi, sənə böhtan atırdılar, məni də alət eləmişdilər, vicdanım rahat deyildi”.

Yazdığım məktublar, vurduğum teleqramlar gizlədilirdi

Natəvan xanım deyir, digər üç qadının şikayətlərini də əsaslandıra bilməyiblər. O, əvvəlki və sonrakı vaxtlarda daxili işlər nazirinə, Baş prokurora, ölkə başçısına yazdığı ərizələrə cavab almayanda araşdırıb ki, “Bandotdel”lə bağlı şikayətlər müxtəlif yollarla həmin qurumların rəhbərlərindən gizlədilir.

Bununla belə, Natəvan xanıma Cinayət Məcəlləsinin 243,1 (gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmə), 244.2.1 (Əxlaqsızlıq yuvaları saxlama), 29,299.1 və 299.2-ci (Şahidi, zərərçəkmişi yalan ifadə verməyə məcbur etməyə cəhd) maddələri ilə ittiham elan olunub. Bu il mayın 25-də Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsi Natəvan Əzizovanı 1 il sınaq müddətinə məhkum edib.

Hakim ittiham aktını hökmə köçürtdü

“Hakim bilmirdi bu işi hansı tərəfə çıxarsın. Görürdü ki, qurama işdir, ancaq işi “Bandotdel” qurmuşdu, sifarişli idi deyə, bəraət də verə bilmirdi. Axırda ittiham aktını olduğu kimi köçürdü hökmə, 1 il sınaq müddəti kəsdi, canını qurtardı bu işdən…”

Natəvan xanım deyir, ikinci həyat yoldaşı Türkiyə vətəndaşıdır, 16 ildir ki, evlidirlər. Övladlarını şərdən-böhtandan qorumaq üçün həyat yoldaşıyla birlikdə 1 ilə yaxındır ki, Türkiyəyə yollayıb:

“Övladlarımı göndərmişəm, özüm bunlarla mübarizə aparıram, vəziyyətim ağırdır, ancaq son nəfəsimə kimi bunlarla mübarizə aparacam. Bunlar mənə şər atmaqla ləyaqətimi təhqir ediblər. Mübarizəmi dayandırsam, bu biabırçılığı üzərimə götürmüş olaram”.

Natəvan Əzizova Kəpəz Rayon Məhkəməsinin hökm sənədini yeni alıb və bir neçə gün ərzində apelyasiya şikayəti verəcəyini deyir.

Meydan TV iddialara aydınlıq gətirməsi üçün Daxili İşlər Nazirliyi ilə əlaqə yaratmağa cəhd göstərsə də, alınmayıb.

Ana səhifəBölgə””Bandotdel”ə pul vermədim, məni şərlədilər”