Baltik ölkələri Gürcüstan müxalifətinə zor tətbiq edənlərə sanksiyalar tətbiq edəcək

Gürcüstanda etiraz aksiyaları. Foto: Mariam Nikuradze

“Ölkələrimizdə demokratiyanın əleyhdarları və insan haqlarını pozanlar xoş qarşılanmır”

Latviya, Litva və Estoniya Gürcüstanda müxalifətin etirazlarının yatırılmasında iştirak edənlərə qarşı milli sanksiyalar tətbiq edəcək.

Estoniyanın Xarici işlər naziri (XİN) Marqus Tsahkna bu barədə sosial şəbəkədə yazıb.

“Üç Baltikyanı ölkə Gürcüstanda qanuni etirazları yatıranlara qarşı birgə milli sanksiyalar tətbiq etməyə razılaşıb. Ölkələrimizdə demokratiyanın əleyhdarları və insan haqlarını pozanlar xoş qarşılanmır”, – Estoniya XİN rəhbəri deyib.

Gürcüstanda kütləvi etirazlar baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina etdiyini elan etməsindən sonra başlayıb.

Nümayişçilər bir neçə gündür ki, Tbilisinin mərkəzindəki parlament binası yaxınlığında toplaşır, həmçinin ölkənin digər şəhərlərində də etiraz aksiyaları keçirirlər.

Polis etirazları su şırnaqları ilə dağıdır və gözyaşardıcı qazdan istifadə edir, onlarla insan saxlanılır.

Etirazçılara Gürcüstan Prezidenti Salome Zurabişvili dəstək verib.

Noyabrın 30-da o, ölkədə “yeganə müstəqil, legitim qurum” olaraq qaldığını və səlahiyyət müddətinin başa çatmasına baxmayaraq vəzifəsindən istefa verməyəcəyini bəyan edib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze öz növbəsində etirazları “ölkənin konstitusiya quruluşuna hücum” adlandırıb və onları təşkil etməkdə avropalı siyasətçiləri və “beşinci kolon”u ittiham edib.

Dekabrın 1-də etirazlar fonunda ABŞ hakimiyyəti hakim “Gürcü arzusu” partiyasının Avrointeqrasiya danışıqlarından imtina etməsi səbəbindən Gürcüstanla strateji tərəfdaşlığı dayandırdıqlarını bəyan edib.

Ana səhifəXəbərlərBaltik ölkələri Gürcüstan müxalifətinə zor tətbiq edənlərə sanksiyalar tətbiq edəcək