Balıq bazarı: “Allaha dua edirəm ki, dəryanı doldur balıqla”

Salyan bazarının palçıqlı yollarında addımbaşı balıq piştaxtaları gözə dəyir. Satıcılar adətləri üzrə alıcıları səsləyir.

 Bazar alıcı ilə qaynayır. Balıq mövsümü ilə əlaqədar qiymətlər aşağıdır. Bu səbəbdən satıcılar dolana bilmədiklərini deyirlər.

 Mənsurə Hacıyeva 40 ildir balıq satır. Səhərin gözü açılmamış bazara çörək qazanmaq dalınca gəlir.

 “İndi hər şey bahadı. Balıqçı tutduğu bublanın pulu bir dənə yağın pulu eləmir, o, necə dolansın? Bir dənə yağ alanda çörəyə pul çatmır, çörək alanda yağa çatmır, hamı girincdi bu yollarda. Yatan yoxdu, hamı 5-dən, 6-dan durub çörək dalınca gedir. Şəxsən özüm bu qocalığındayam, hələ yatmamışam. 40 ildi yatmamışam, 40 ildi küçədəyəm. Gecə saat 5-dən durub yüyürürəm ki, bir şey tapam, balıqdan zaddan rast gələ, alam, satam”.

 Mənsurə Hacıyeva təqaüdün az olmasından gileylənir. Deyir, təqaüdçü olsa da, balıq satmasa, dolana bilməz.

 “Sərf elədi, eləməsə gündə 1 kiloqram bubla, 2 dənə çörək qalsa, yenə evimə gedirəm, boş getmirəm. Gəlirim yoxdu, pensiyaçıyam, cavanlığımdan elə uşaqları pulsuz saxlamışam, pulum heç yerdən, dövlətdən-filan gəlməyib. İndi pensiyaya çıxmışam, sərf eləmir. Hardan sərf eləyəcək? 5 uşağın dalınca gedən bircə ana mənəm”.

 “Bu işlə məşğulam. Palçığın da içində olsam, məcburam ki, axşama qənd çörək, çay aparım”.

  Mikayıl Məlikov deyir, böyük balıqların nəslinin tükənmə qorxusu var deyə satışına icazə verilmir. Ona görə də, sadəcə kiçik balıqlar satmalı olurlar.

 “Otuz ilə yaxındır balıq işi ilə məşğuluq. Əvvəl xaricə daşıyırdıq, Gürcüstana “kapçonnı” daşımışıq vaxtı ilə, böyük balıq-filan. Sonradan artıq keçdik xırda balıqlara. Böyük balıqlar olmur elə də. Ona görə keçmişik bu cür damma balığı, Kür balığı. Sovet vaxtı idi, icazə verirdilər, indi verilmir”.

 Alıcılar vəziyyətdən məmnun görünür. Balığın məskənlərindən olan Salyanın camaatı üçün qiymət baha da olsa, balıq almaq mütləqdir.

 “Bahalaşmayıb əvvəlkinə baxanda, yəqin alıcılıq qüvvəsi aşağı olduğuna görə. Məcburuq da, məcburuq, almalıyıq”.

 “Mövsümlə əlaqədardı. Bazar da belədi ki, bir gün elə olur, bir gün belə olur. Hava yaxşı olanda balıq çox olur, pis olanda az olur. İndi şükür Allaha, yaxşıdı, bolluqdu, alırıq”.

 Çörəyi sadəcə balıqdan çıxan satıcılar isə balığın bu il bol olmasına ümid bəsləyirlər.

 “Gecə-gündüz allaha dua eləyirəm ki, dərin dəryanı doldur balıqla. Mən bunun hesabına balalarımı saxlayıram, bu, olmayanda ürəyim partlayır”.

Ana səhifəVideoBalıq bazarı: “Allaha dua edirəm ki, dəryanı doldur balıqla”