Anası deyir, ayaqları yer tutsun, başqa heç nə istəmir

Mənbə: meydan tv

Başlıq: Anası deyir, ayaqları yer tutsun, başqa heç nə istəmir

“Balam sürünür, ona baxanda əzab çəkirəm”

Ana övladının müalicəsi üçün Prezidentə müraciət etdi

“11 yaşında oğlumun ayağı tutulmağa başladı. İndi 24 yaşı var və arabadadır. 13 ildir getmədiyimiz həkim qalmayıb. Hamısı sağalacaq deyib, sağalmayıb. İnanın, 4 evin pulunu tökmüşəm üstünə. Artıq heç nəyim qalmayıb, müalicəni dayandırmışam”.

Kürdəmirin Qaraqocalı kəndinin sakini Kəmalə Hüseynova belə deyir. 2 övladı olan Kəmalə xanımın qızı ailə qurub, oğlu Rəhmanın isə ayaqları tutulub. Deyir, atası da onun dərdinə dözməyib, ötən il ürək tutmasından ölüb:

“Əvvəl belə deyildi. Xəstəliyi hər nədirsə, bizə demirlər. Amma sonradan başladı. Apardığımız bütün həkimlər deyirlər ki, düzələndi, sağalacaq. Amma nəyimiz var, nəyimiz yox, hamısını uşağın müalicəsinə tökdük, daha da pisləşdi. İrana da apardım, bir xeyri olmadı. Bir ana kimi tükənmiş vəziyyətdəyəm. Artıq nə pulum qalıb, nə də atası həyatdadır”.

Kəmalə Hüseynova deyir ki, ailənin tək gəliri Rəhmanın aldığı təqaüd və anasının ona baxdığına görə aldığı 50 manatdır. Bununla da gündəlik yaşantılarını başa vururlar:

“Uşağı müalicəyə heç nə qalmır. Rayonda fizioterapiyadan tutmuş, həkimə qədər, hamısı pulludur. Bakıya aparmağa da imkan yoxdur. Elə buradan götürək ki, həkimə aparmağa belə imkanım yoxdur. Bunun taksisi, həkimi, müalicəsi var. Çatdırmıram. Daha onun ayağının yer tutması uğrunda heç nə etmirik”.

O, əllərinin köməyi ilə, çətinliklə hərəkət edir

O, əllərinin köməyi ilə, çətinliklə hərəkət edir

Mənbə: meydan.tv

Ana deyir ki, oğlu müalicə aldığı illərdə vəziyyəti daha da pisləşib. Yenə əvvəl birtəhər ayaq üstə dura bilirdi. Getdikcə ayaqları tamamilə tutulub:

“İndi 24 yaşı var. 5 ildir tamamilə yerimir. Hər həkimə gedəndə 500-600 manatım çıxırdı. İndi daha pulum qalmayıb. Aldığımız da təqaüd və baxımpuludur, vəssəlam. Onunla nə etmək olar? Yazmadığım yer, müraciət etmədiyim adam qalmayıb. Hətta verilişlərə də getdim. Dedim, bəlkə televiziyaya çıxsam, kimsə kömək edər. Çıxa bilmədim. Yazıram, oxuyurlar, cavab vermirlər. Bir söz demirlər”.

Kəmalə Hüseynova deyir ki, həkimlərin “sağalacaq” deməsi onu ümidləndirib. Çünki indiyə qədər oğlunu neçə həkimə aparıbsa, hamısı ciddi nəsə olmadığını söyləyib. Deyir bəlkə pul olsa, müalicə etdirsə, sağalar. Bunun üçün ana Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevadan kömək istəyir:

“Sizin də övladlarınız var, məni yaxşı anlayarsınız. Onların saçlarından bir tük əksik olmasına siz də dözməzsiniz, mən də dözmürəm. Atası dözmədi, öldü. Mənə ölmək də haramdır. Onu kimin yanında qoyub ölüm? Nolar, mənə kömək edin. Oğlumun müalicə olunması üçün xəstəxanalardan birinə göstəriş verin. Ayağa dursun, başqa heç nə istəmirəm. Mənim ondan başqa kimsəm yoxdur. Balam sürünür, ona baxanda əzab çəkirəm”.

Rəhman Hüseynovun ayaqları tamamilə tutulduğundan sürünə-sürünə hərəkət edir

Rəhman Hüseynovun ayaqları tamamilə tutulduğundan sürünə-sürünə hərəkət edir

Mənbə: meydan.tv

Ana övladının tam olaraq diaqnozunun nə olduğunu bilmir. Deyir, hərə bir söz deyib. Ona görə də bu gün Rəhmanın əsaslı müayinə və müalicəyə ehtiyacı var:

“Bilmirəm heç dərdi nədir. Bəlkə də savadsızam, anlamıram. Gah deyirlər, sümük boşluğudur, gah da deyirlər ki, sinirlərindəndir. Adicə əlləri və ayaqlarının güclənməsi üçün fizioterapiyaya aparmaq lazımdır. Onu da çatdıra bilmirəm. Yoxdur, nə edim. İmkan yoxdur deyə övladım arabada yaşayır. Heç olmasa azca, çətinliklə yerisin, ona da razıyam, inanın. Yoxsa bu uşağın dərdi məni öldürəcək”.

Meydan TV Kəmalə Hüseynovanın pullu müalicə ilə bağlı şikayətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından münasibət öyrənib. Xəstəxanadan bildiriblər ki, onlarda müalicə, müayinə pulsuzdur: “Dövlət xəstəxanasıdır. Biz heç kimdən pul tələb etmirik”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vk9y0j

Ən çox baxılan