Bal yarmarkası: Kəlbəcər, Laçın balları satışdadır

Bakıda arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. 50-yə yaxın regiondan 250 arıçı zəhmətlərinin bəhrəsini görmək üçün Bakıya üz tutub. Kimi qohum evində gecələyir, kimisi də müvəqqəti ev kirayələməli olub. Adama 400 kq bal və 30 ədəd arı şanı satışa çıxaran arıçılar builki satışdan məmnun görünmürlər.

“Buna qarşılıq cəmi 10 kq bal satmışam, günə 1 kq düşür. Bu tərəzi, bu piştaxta, gəlib yoxlasınlar. Əvvəlki illərdə 10-12 günə satıb qutarırdıq. Bu il yoxdur”.

“Mən burada kirayə qalıram. Kirayə pulu bir az bahadır. Biz 3 nəfər qalırıq, 500 manat veririk. Bizim Astara-Lənkəran zonasının malları 25-30 manatdır. Bəzən də o imkansız alıcıya lap pulsuz da veririk. Balın qiyməti qalxmayıb. Biz alıcılıq qabiliyyətinin yuxarı olması üçün qiyməti qaldırmırıq. Bircə arını gəzdirmək üçün çox pul xərcləyirik. Benzinin qiyməti qalxdığı üçün nəqliyyat xərcimiz çox çıxdı. Yenə də məcburuq ki, əlimizdəki məhsulu satıb qurtarmaq üçün ucuz sataq”.

“Görürsən ki, deyir, kasıbçılıqdır, yoxdur, 25-ə də veririk. Orta qiymət isə 30 manatdır. Biz də buna baxırıq, bununla dolanan adamıq. Reklam olunsa, hər halda müştəri də çoxalar. Keçən ilki müştərilərimiz gəlib alırlar. Alıcılıq qabiliyyəti zəifdir”.

“Əsasən, yaşlı nəsil bal almaq istəyir, amma imkanları çatmır. Gəlirlər, yarım kq, 1 kq alırlar, çox ala bilmirlər”.

Bu il ilk dəfədir ki, yarmarkada Şərqi-Zəngəzur iqtisadi rayonu da iştirak edir. Təsərrüfatçılar arı ailələrini Kəlbəcərin, Laçının dağlıq ərazilərinə apararaq bal istehsal edib.

“Satış zəif olsa da, gedib Kəlbəcəri bu il görmüşük, bu bəsimizdi. Portal vasitəsilə icazə verdilər, getdik çıxdıq Kəlbəcərə. Yerimizi-yurdumuzu ziyarət etdik. Arılarımızı da apardıq, Allaha şükür, bol məhsul ilə də qayıtdıq”.

Yarmarkadakı təcrübəli alıcılar piştaxtalar arasında gəzərkən illərdir alış-veriş etdikləri arıçını axtarıb tapır.   

“Bir dəfə aldım. Danışdıq ki, gedib baxacam. Əgər təmiz olsa, yenə gələcəm. İndi ikinci dəfədir ki, gəlirəm, 3 nəfər üçün götürmüşəm. Sağ olsun, endirim də etdi. 30 manatdan 25-ə endi. Razıyam”-alıcı deyir. 

“10 ildir ki, mən bu oğlanı tanıyıram. Özü də keyfiyyətli oğlandı, onun məhsulu da keyfiyyətlidir. Halal olsun ona!”-alıcı danışır.                                            

Bal yarmarkası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Onlayn müraciətlə, növbəlilik əsasında yarmarkaya seçilən arıçılar iştirak üçün 150 manat ödəməli olub. Balların keyfiyyətinə isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edib. 

“Nümunələr arıçıların özlərinin iştirakı ilə götürülüb və laborator şəkildə analiz edildikdən sonra yalnız yüksək keyfiyyətə malik ballar yarmarkaya buraxılıb. Hal-hazırda da yarmarkadakı bütün arıçılarda bu keyfiyyət göstəricisini əks etdirən sənəd mövcuddur. Arıçılardan 150 manat ödəniş tələb olunub. Bu ödəniş də əsasən logistika xərclərinə, piştaxta, təşkilati və marketinq xərclərinə sərf olunur” –  “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhrəmov bildirib.

Oktyabrın 1-dən 20-dək davam edəcək yarmarka “Gənclik” metrostansiyası yaxınlığında təşkil olunub.

Ana səhifəVideoBal yarmarkası: Kəlbəcər, Laçın balları satışdadır