Paytaxtdakı atışmaya görə 3 nəfər saxlanılıb (yenilənib)

Şərti foto, “lent.az”

Səməd Vurğun küçəsində baş verən hadisədə kriminal aləmdə “Nicat Lənkəranski” kimi tanınan şəxsin adı hallanır. “Yeni sabah” saytı bu şəxs haqqında yazıb, onun vaxtilə kriminal şəxs kimi tanınan Rövşən Caniyevin adamlarından biri olduğunu qeyd edib.

Yaralananların təsadüfi adamlar olduğu bildirilir. Hadisənin hansı səbəbdən törədildiyi məlum deyil. Üç nəfərin şübhəli şəxs qismində saxlanıldığı haqda məlumat var.

Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Elşad Hacıyev sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib və saxlanılan şəxsin kimliyini açıqlamayıb:

“Cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır. Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcəkdir”.


Yaralılardan biri, Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsidir.

ATU-nun mətbuat xidmətindən bildirilib ki, tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə 12:00-da dərsləri bitdikdən sonra universitetdən çıxıb.


DİN-in məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


DİN-in məlumatına görə, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.


Hadisə Nəsimi rayonu ərazisində olub

Martın 10-da günorta saatlarında Bakının mərkəzində silahlı insident yaşanıb. Nəsimi rayonunda – Səməd Vurğun küçəsində yaşanan insident nəticəsində üç nəfərin güllələndiyi bildirilir.

Məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması haqda polisə məlumat daxil olub:

“Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcək”.

Ana səhifəSosialPaytaxtdakı atışmaya görə 3 nəfər saxlanılıb (yenilənib)